XX əsrin sonlarında erməni separatçılarının məkrli siyasəti nəticəsində Azərbaycanın işğal olunan əraziləri 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin şücaəti ilə azad olunduqdan sonra dövlətimiz böyük Zəfər tarixini qeyd edir. 2023-cü il sentyabr ayının 19-20-də işğal altında qalan digər ərazilərimizdə keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu, dövlətimizin suverenliyi bərpa edildi. Vətənimizin bütövlüyü uğrunda canından keçən hər bir şəhidin xatirəsi əziz tutulur, məzarları ziyarət olunur.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri şəhər Şəhidlər Xiyabanında ötən ilin sentyabrında antiterror tədbirlərində həlak olan şəhidlərin məzarlarını ziyarət edərək ehtiramlarını bildiriblər. Qeyd olunub ki, antiterror tədbirləri zamanı Mingəçevir 5 şəhid verib. Onlar baş leytenant Ruslan Əbülfət oğlu Abbasov, Xəyal Xeyrulla oğlu Canbaxışov, Gökhan İlqar oğlu Səfərov, Cavid Ceyhun oğlu Əliyev, Cahangir Qurban oğlu Tağızadəlir. Şəhidlər mingəçevirlilərin fəxridir, hər zaman xatırlanacaq. Allah rəhmət eləsin.
Z.XƏLİLOV,
"Respublika".