Ölkəmizdə növbədənkənar parlament seçkiləri yüksək mütəşəkkilliklə başa çatdı, ümumxalq iradəsinin təntənəsinə çevrildi. Hər bir insan yüksək əhvali-ruhiyyə ilə daha uğurlu xalq özünüidarəsinin formalaşmasında iştirak etdi. Bu seçkilər həm də onunla əlamətdardır ki, beynəlxalq ictimaiyyətə, xüsusilə də son illər ölkəmizə qarşı məkrli siyasət yürüdən qüvvələrə xalqın yekdil rəyinin ifadəsi oldu.
30 illik işğaldan sonra azad Qarabağ torpağında seçki sevinci yaşandı. Tam və qəti qələbəyə baxmayaraq, hələ də bəzi erməni "sevdalı" ölkələr yenə də açıq-açığına düşmən mövqeyi sərgiləyir. Avropa Şurası Parlament Assambleyasının qərəzli, qeyri-ciddi mövqeyi də bunu göstərir.
Qarabağdan ermənilərin könüllü köçmələrinə zorakılıq donu geydirən AŞPA-nın bəzi ermənipərəst üzvlərinin həqiqəti pərdələmək və qəbul etməmək istəyinin nümayişkəranə ifadəsinə qəti cavab oldu. Bu beynəlxalq qurumda Azərbaycanın ədalətli mövqeyinə, prinsipial fəaliyyətinə baxmayaraq, Avropa beynəlxalq institutunun Azərbaycanın təşkilatdakı üzvlüyünü dayandırmaq qərarı da qeyd etdiyimiz üzdəniraq siyasətin ağlasığmaz ifadəsi idi. Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərarın bir səbəbi, özü də köklü səbəbi xalqın iradəsini nümayiş etdirərək ölkəmiz haqqındakı əsassız fikirlərə, boş xülyalara son qoymaq idi.
Milli Məclisə növbədənkənar seçkilər Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirildi və işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik seçici öz konstitusion hüquqlarını reallaşdırdı. Heç təsadüfi deyildir ki, çoxsaylı beynəlxalq müşahidəçilər missiyasının rəhbəri Aleksandr Terentyev seçkilərə hazırlıqla tanış olduqdan sonra məmnunluq hissini ifadə etməsi də beynəlxalq aləmə çox sanballı ismarışdır. O, ilk dəfədir ölkənin bütün suveren ərazilərində keçirilən növbədənkənar parlament seçkilərinə hazırlığın səviyyəsini xüsusi vurğuladı və əhalinin seçki prosesi ilə bağlı yüksək əhvali-ruhiyyədə olduğunu qeyd etdi.
Seçkilərdəki ümumxalq həmrəyliyi və dəstəyi AŞPA-nın simasında ölkəmizə qarşı qərəzli mövqe tutan bütün beynəlxalq qüvvələrə xalqın cavabıdır. Seçkilərin mütəşəkkilliyi həm də xalq-rəhbər, rəhbər-xalq birliyinin əks-sədası kimi bir daha bütün dünyaya bəyan oldu.
Xalq öz seçimini etdi. Bu seçim həm də ölkəmizin hazırkı uğurlarının daşıyıcısı, beynəlxalq siyasətimizin etibarlı qarantı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə inamın ifadəsidir. Seçkinin gedişi, xalqın bu siyasi kampaniyaya elliklə qoşulması və nəticələri bizə qarşı qərəzli mövqe tutan ölkələr və üzdəniraq siyasətçilər, xüsusilə də ermənipərəst qüvvələr üçün aydın səmada şimşək kimi çaxdı, xalqın ruhunu işıqlandırdı, düşmənlərin gözünü kor etdi.
Seçkinin nəticələri, böyük qələbədən xəbər verən faktlar və rəqəmlər, ölkəmizin hansı guşəsində keçirilməsindən asılı olmayaraq seçki hüququ olan və olmayan hər bir ölkə insanının mütəşəkkilliyi və prosesi izləyən beynəlxalq müşahidəçilərin obyektiv mövqeyi də seçkilərin demokratik şəraitdə, obyektiv və mütəşəkkilliklə keçdiyinin ifadəsidir.
Bu ümumxalq coşqunluğunun nüvəsini nə təşkil edir? Qələbənin təməlini ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə əldə etdiyi uğurlar, beynəlxalq aləmdə qazanılmış nüfuz və xalqın inamı yaradır.
Prezident İlham Əliyev varislik ənənələrini uğurla davam etdirərək ulu öndərin qoyduğu təməl üzərində qüdrətli, möhtəşəm Azərbaycan ucaltdı. "Azərbaycan dünyaya günəş kimi doğacaq" sözləri, əslində öz varisinə yönəlik tövsiyə və tapşırıq idi və ölkəmizin daxili və xarici siyasətindəki uğurlar, möhtəşəm iqtisadiyyatımız, Qarabağ probleminin həlli və beynəlxalq nüfuz "Ata vəsiyyətini yerinə yetirdim" qətiyyətinin parlaq sübutudur.
Gəncəlilər növbədənkənar parlament seçkilərində yüksək əhvali-ruhiyyədən doğan həmrəylik nümayiş etdirdilər. Bu, həm də "Gəncənin Azərbaycanda öz yeri var" - etimadına qədim şəhərin sağlam düşüncəli insanlarına inam və etibarının ifadəsidir.
Heç təsadüfi deyildir ki, gəncəlilərin parlament seçkilərində nümayiş etdirdiyi belə yüksək əhvali-ruhiyyənin arxasında da ölkəmizin sabahına, onun sükanı arxasında dayanmış siyasi liderin müdrikliyinə və qətiyyətinə, habelə xalqın iradəsinin ifadəsi olan Milli Məclisə inamı dayanır. Bu mütəşəkkillik həm də ölkədə yeni, daha möhtəşəm gələcəyə hesablanmış siyasi kursun və iqtisadi təməlin uğuruna inamın əks-sədasıdır. Yüksək inkişaf yolu keçmiş bugünkü Gəncənin və gəncəlilərin bu siyasi iradəsi ulu öndərin qətiyyətinin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin varislik ənənəsinə sədaqətinin göstəricisidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev qürur hissi ilə qeyd etmişdir ki, tariximizə, milli mədəniyyətimizə xidmətə istiqamətlənmiş bu yol ulu öndər Heydər Əliyev yoludur: "Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir. Burada onun fəaliyyəti təkcə iqtisadi islahatlarla məhdudlaşmırdı. Milli-mənəvi dəyərlərin qorunmasında, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rolu olmuşdur".
Seçki günü gəncəlilərin göstərdikləri mütəşəkkillik də məhz ölkəmizin sabahına inamının ifadəsidir.
Heç şübhəsiz, yeni formalaşmış parlament ölkəmizdə əldə olunmuş nailiyyətlərə, ölkə başçısının uğurlu daxili və xarici siyasətinə, daha mütərəqqi, ölkəmizin uğurlu sabahına yönəlik qanunların işlənib hazırlanmasına və xalqımızın gələcək daha firavan həyatına öz sanballı töhfələrini verəcəkdir.
Vaqif TANRIVERDİYEV,
"Respublika".