Bölgələr

"SƏBƏTLƏRİMİZ DÜNYADA MƏŞHURDUR"

Xalq sənətini yaşadanlar

- Bu səbətlərlə dünyanı gəzmişəm. Qədim xalq sənəti nümunəsi olan səbətlərimiz bir çox ölkələrdə kolleksiyaçıların və bu sənət növünə maraq göstərənlərin evində saxlanılır. Bir arzum var idi, Qarabağda olmaq, Şuşanı görmək. Laçına dəvət olundum, o yerlərə köçürülən insanların sevinc hissini gördüm. İnşallah, növbəti səfərim Şuşaya olar.

Usta Qarabağın düşmən tapdağından azad olunması, orada aparılan abadlaşdırma işləri haqqında elə ürəkdolusu danışır ki, ürəyi köksünə sığmır:

- Prezidentimiz sağ olsun, bu qürur hissini xalqımıza yaşatdı. İnşallah, mənim də arzum çin olar, gedərəm Şuşaya orada təşkil olunacaq sərgidə xüsusi zövqlə hazırladığım "Xarıbülbül" səbətini təqdim edərəm. Qədim şeir-sənət ocağına yolu düşən hər bir xarici qonağa səbətlərdən hədiyyə edərəm, qoy bu qədim xalq sənətimizin şöhrəti bir daha dünyaya yayılsın.

Gəncədə səbəthörmə ustası Vilayət Qurbanovu təkcə qədim Bağbanlar məhəlləsində deyil, bütün şəhərdə yaxşı tanıyırlar. Onun toxuduğu səbətlər sovqat xonçası kimi respublikamızın hər yerinə yayılıb. Usta iki dəfə Fransada olub, Parisin mərkəzində Luvr muzeyinin qarşısında səbət toxuyub. Xalq sənətimiz dünyanın müxtəlif ölkələrindən gəlmiş insanlarda böyük maraq doğurub, italyanlar, ərəblər, ispanlar gözləri qarşısında toxunan bu səbətlərdən alıb xatirə kimi aparıblar. Moskvada istiqlalımızın yüz illik yubileyi münasibətilə keçirilən sərgidə iştirakı da yaşlı ustanın fəxrlə xatırladığı uğurlardandır.

İxtisasca mühəndisdir, bir vaxtlar xalça-mahud kombinatında işləyib. Bu sənət isə ona atasından qalıb. Atası Behbud müəllim böyük ailəsini dolandırmaq üçün boş vaxtlarında səbət toxuyub satmaqla məşğul olub. Sonralar həyatını bu qədim sənətə bağlayıb. Vilayətin səbəthörmə sənətinə marağı 12 yaşından başlayıb. Deyir ki, atamın bəzən başı başqa işlərə qarışanda onun yarımçıq qoyduğu işləri mən başa çatdırardım. Bu təkcə atama kömək deyildi, sənətə özümün də həvəsim vardı. İndi də nəvəm mənə kömək edir, özü də əla qabiliyyəti var. Sevinirəm ki, nəsil yadigarımız olan səbəthörmə sənəti hələ yaşayacaq. Bu qədim sənət artıq 200 ilə yaxındır ki, Qurbanovların ailə peşəsinə çevrilib. Bunun da qəribə tarixçəsi var. Usta deyir ki, Bağbanlar məhəlləsi üzüm bağları ilə məşhur idi. Bol məhsulu başqa şəhərlərə yollamaqda çətinliklər yarandığı üçün sənətə meyil də o zərurətdən yaranıb.

Səbət hazırlanmasında qarğı əsas xammaldır. Çox dayanıqlı və möhkəm məhsuldur, nə qədər saxlansa da, qurd düşmür. Əgər su düşməsə, gün dəyməsə, quru yerdə 100 ildən çox qala bilir. Qarğının keyfiyyətində bitdiyi torpaq da əhəmiyyətli rol oynayır. Kür qırağının qarğısı yoğun və möhkəm olur. Goranboyun Qədirli kəndində bitən qarğı da səbət üçün çox əlverişlidir. Dəmyə qarğıdır, möhkəm, nazik, həm də elastikdir. Bilmirəm görmüsünüzmü, belə qarğı dam örtüyü üçün də istifadə olunur, həm də yaylaqda dəyələrin kənarlarına da hörülür.

Özü də gərək xammal kimi təzə qarğıdan istifadə edəsən. Toxuma zamanı Gərməşöy çubuqdan, bir də burğudan istifadə olunur. Usta deyir ki, çubuqlar dəmir kimi möhkəmdir, dediyim kimi, su dəyməsə yüz il də xarab olmur. Səbət toxunuşunda istifadə olunan qarğını qırmağın da öz vaxtı var, toxunuş üçün hazırlamaq da xüsusi qabiliyyət tələb edir. Söhbət zamanı usta Vilayət Qurbanov səbətin hazırlanmasında istifadə olunan xammalın - qarğının seçilməsinin əhəmiyyətini xüsusi vurğulayır:

- Qarğının qırmaq vaxtı yanvar ayıdı. O vaxt babalarımız deyərdi ki, qarğıya şaxta dəyəndə sümük kimi sərtləşir, möhkəm olur. Elə ki, şaxta vurdu, qarğı qırılır, qom-qom bağlanır - 50 dənə, 100 dənə, bu da xüsusi qabiliyyət tələb edir, onun da öz ustaları var. Biz lazım olan qarğını gedib onlardan alırıq. İstifadə edəcəyimiz qarğının ümumi miqdarını bildiyimiz üçün aldığımız qarğı bizə 1 il bəs edir. Yəni il ərzində yavaş-yavaş, özü də həssaslıqla işləyir, gördüyünüz bu səbətləri toxuyuruq. Sonra da satış mərhələsi başlayır.

Vilayət kişi bu sənətlə məşğul olduğu 50 ildən artıq vaxt ərzində minlərlə səbət toxuyub, dəqiq sayını bilmir. Amma ilk səbətdən başlayaraq ümumi sayını aparmadığına təəssüf edir.

Bu illər ərzində toxuma sənəti inkişaf edib, məişətimizə daha sıx daxil olub. Qarğı səbətlərdə meyvə və ərzaq məhsullarını daha uzun müddətə və keyfiyyətlə saxlamaq olur. Usta sözünə davam edir:

- Səbət həm meyvəni təzə saxlayır, həm də əzilməyə qoymur. Qulpundan rahat götürüb, qoyursan. Səbətə yığılan pomidoru, meyvəni, digər tərəvəz məhsullarını hara istəyirsən göndər, bir dənəsi də nə əzilməz, nə də xarab olmaz. Usta deyir ki, dədə-baba səbətləri ilə yanaşı, indi həyatımızın müxtəlif sahələrində, şənliklərdə istifadə üçün yeni səbət növləri hazırlayırlar. Məktəblər və bağçalar rəqs səbətləri sifariş verirlər. Səbətlər toy şənliklərinə bərəkət-ruzi simvolu kimi daxil olub. Müasir dövrdə də bunun içinə toy, nişan üçün meyvə yığılır, qurbanlıq ət də qoyurlar. Nişanlı olan oğlanlar qızlara hədiyyəni də bu səbətlərdə göndərirlər.

Vilayət kişi söhbətinə davam edərək deyir:

- Bu səbətdən iki dənə toxudum. Bir tanışım vardı, yeni dünyaya gələn uşağını doğum evindən bu beşikvari səbətdə çıxardı. Bu məqsədlə daha bir sifariş oldu, onu da toxuyub verdim. Uzunluğu 60 santimetrlikdir, - deyə həmin kiçik nümunəni göstərir.

- Bizim millətimiz çox dostpərəst, xeyirxahdı. Görürsən ki, imkanlı qohum-əqraba imkansız yaxınlarına, məsələn, bacısına, qardaşına sovqat dolu səbət yollayır. Bu, daha çox bayram günlərinə təsadüf edir. Hətta xarici ölkələrə də sovqat göndərənlər olur. Əslində həmin səbətlər, həm də ölkəmizin bol-bəhərli məhsullarının nümayişinə çevrilir.

Bu xalq sənəti növü artıq bir sıra xarici ölkələrdə də məşhurdur. Usta özü dəfələrlə beynəlxalq sərgilərdə iştirak edib. Fransada Məhsəti Gəncəvinin 850 illik yubileyi münasibətilə keçirilən mərasimlər zamanı toxuduğu səbətlər əldən-ələ gəzib. Son Fransa səfərindəki uğurları xatırlayır. Avropanın mədəniyyət paytaxtında gördükləri, bu xalq sənətinə fransızların böyük marağı haqqında həvəslə, qürur hissi ilə danışır.

- Heydər Əliyev Fondunun dəvəti ilə getdim. "Azərbaycan mədəniyyəti günləri" çərçivəsində çox yaddaqalan görüşlərimiz oldu. Bir qom qarğı da aparmışdım. Bir ispan qadının xahişi ilə hörüb hədiyyə etdim. Ərəblər də, italyanlar da səbətə böyük maraq göstərirdilər. Onlar üçün də xeyli səbət hörüb bağışladım.

Qürur hissi ilə deyir ki, indi müxtəlif millətlərdən olan həmin ailələrdə bizim səbətlərimiz qiymətli suvenir kimi saxlanılır. Ümumiyyətlə, Paris görüşləri çox gözəl keçdi. 2018-ci ildə Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskva şəhərində səfirliyimiz tərəfindən təşkil olunan sərgi də böyük uğurla keçib, nə qədər səbət hədiyyə etdik.

Bakıda keçirilən Formula - 1 yarışında səbətlərimizə böyük maraq var idi. Uğura görə məni təltif də etdilər.

Usta qürur hissi ilə deyir ki, indi dünyanın müxtəlif ölkələrində yaşayan neçə-neçə insanın evində onun səbəti var, səbət nümunələrimiz dünyaya səpələnib. Bu, bizim xalq sənətinə hörmətin ifadəsidir.

Söhbətimiz qədim sənətin bu günündən düşdü. Giley hiss etdim, usta səbəthörmə sənətinin sabahından nigarandır. Deyir ki, xüsusi istedad, bacarıq və səbir tələb edən bu sənətə gənclər az maraq göstərirlər. Çünki asan qazanc yeri deyil, gəliri azdır, çətinlikləri, maddi sıxıntıları çoxdur.

Gəlirlər, bir neçə gün məşğul olur, sonra qaçırlar. Bu sənət isə səbir, incə zövq və alın təri tələb edir. Səbət toxumaq qəlb işidir, gərək heç bir maddi sıxıntıya baxmayaraq, ona bağlanasan. Nəvəsi İsmət ustanın ən yaxın köməkçisidir, əlindən çıxan işlər də əsl peşəkar əməyinin nümunəsidir.

Vilayət kişi özünü xoşbəxt hesab edir, 200 illik ailə peşəsini nəvəsi davam etdirir.

Vaqif TANRIVERDİYEV,

"Respublika".