Sahibkarların
İqtisadiyyat

Sahibkarların "yaşıl layihə"ləri dəstəklənir

“Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Sahibkarların “yaşıl layihə”ləri müxtəlif dövlət dəstəyi mexanizmləri vasitəsilə, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Yaşıl layihə”ləri olan sahibkarlıq subyektləri qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə çıxış kimi dəstək alətləri üçün KOBİA-ya müraciət edə bilərlər. İndiyədək KOBİA tərəfindən KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib.

Təkrar emal və tibbi tullantıların zərərsizləşdirilməsinə dair sahibkarların müraciəti əsasında daxili bazar araşdırmaları aparılıb. Eyni zamanda KOBİA tərəfindən sahibkarlara “yaşıl iqtisadiyyat” ilə bağlı təlim və məsləhət xidmətləri göstərilib. Təkcə 2024-cü ildə Agentlik Bakı şəhərində, Lənkəran, Şəki və Xaçmaz rayonlarında 140-a yaxın KOB subyektinin iştirakı ilə təlim, seminar və maarifləndirmə tədbirləri təşkil edib.

Sahibkarların “yaşıl layihə”lərinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib. Biznes subyektlərinin ətraf mühitə təsirini ölçmək, istifadə etdikləri resurslardan isifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən sahibkarlar üçün özünüqiymətləndirmə platforması yaradılıb.

M.MİRZƏ,

“Respublika”.