Rəsmi Parisin növbəti təxribat cəhdinə layiqli cavab
Siyasət

Rəsmi Parisin növbəti təxribat cəhdinə layiqli cavab

Azərbaycan həm 30 il ərzində, həm də postmüharibə dövründə bir sıra dövlətlərin qərəzli münasibəti ilə üzləşib. Ölkəmizin qüdrətini, eləcə də beynəlxalq aləmdəki nüfuzunu qəbul edə bilməyən güclər hər vəchlə dövlətimizə qarşı qarayaxma kampaniyaları həyata keçirir, regionda destabillik yaratmağa çalışırlar. Sözügedən güclər arasında Qərbin, xüsusilə Fransanın qərəzli fəaliyyəti özünü daha çox büruzə verir. Zaman-zaman reallıqdankənar iddiaları ilə gündəmə gələn rəsmi Paris görünür xainliyindən əl çəkmək niyyətində deyil.

Bu dəfə isə ölkənin Avropa və Xarici İşlər Nazirliyi Azərbaycana səyahətlə bağlı açıqlama yayıb. Bu bəyanatı Makron rejiminin növbəti təxribatçı hərəkəti və Fransanın ölkəmizə qarşı ədalətsiz siyasətinin daha bir nümunəsi kimi xarakterizə etmək mümkündür. Bəyanatda guya Fransa və ikili vətəndaşlığı olan şəxslərin Azərbaycana səfər edərkən və ya ölkədən tranzit keçərkən əsassız həbslərə və ədalətsiz mühakimələrə məruz qaldıqları iddia edilir. Xəbərdarlıqda Azərbaycana səfər edən bütün Fransa vətəndaşlarını - istər turist, istərsə də işgüzar səfər iştirakçılarını əhatə etdiyi xüsusi olaraq vurğulanıb. Bununla kifayətlənməyən Fransa Xarici İşlər Nazirliyi bəyanatında Azərbaycanda insan hüquqlarının pozulduğu və məhkəmə sisteminin qeyri-ədalətli olduğu barədə uydurma ittihamlar da səsləndirib. Bütün bunlar Emmanuel Makron hökumətinin Qarabağ zəfərindən sonra Azərbaycana qarşı diplomatik təxribatları və əsassız ittihamları davam etdirdiyinin təzahürüdür. Bu əsassız ittihamlar XXI əsrdə hələ də utancverici neokolonial damğa altında yaşayan, uzaq dənizlərdəki müstəmləkələrində yerli xalqların azadlıq mübarizəsini repressiya və zor gücü ilə boğan, öz vətəndaşlarını isə dini, milli, irqi və sosial statusuna görə ayrı-seçkiliyə məruz qoyan bir ölkənin yürütdüyü siyasətdə böyük bir paradoksdur. Faktiki olaraq, özünü demokratiyanın müdafiəçisi kimi təqdim edən rəsmi Paris əslində Avropa sərhədlərindən minlərlə kilometr uzaqda, Cənubi və Mərkəzi Amerika, Afrika, Asiya, eləcə də Okeaniyada yerləşən 13 ərazini hələ də nəzarətində saxlayır. Emmanuel Makronun bu siyasəti rəsmi Parisin demokratiyadan nə qədər uzaq olduğunu bir daha sübut edir.

Fransanın nəzarətində olan, 13 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyanın yerli sakinləri olan kanaklar Konstitusiya dəyişikliklərinə qarşı çıxdıqları üçün Makron hökuməti ilə qarşı-qarşıya gəldilər. 1998-ci ildə aborigen xalqla əldə edilən razılaşmanın pozulması isə iğtişaşlara səbəb oldu. Makron rejimi kanakların haqlı tələblərinə güc tətbiq etməklə cavab verdi və adaya minlərlə polis, jandarm və hərbi qüvvələr göndərdi. 10-a qədər insan bu zorakılıq nəticəsində həyatını itirdi, minlərlə insan yaralandı və həbs olundu. Bu hadisələr bir daha göstərdi ki, Fransa neokolonial statusunu qorumaq üçün hər cür addım atmağa hazırdır. Yeni Kaledoniyadakı insan haqları pozulması faktı Fransız Qvianası, Fransız Polineziyası və digər dənizaşırı ərazilərdə də mövcuddur. Hətta Fransanın Avropa ərazilərində də total qanunsuzluq və polis zorakılığı hökm sürür. Makron hakimiyyətinin "sarı jiletlilər" hərəkatına qarşı tətbiq etdiyi hədsiz güc və bu gücün nəticəsində baş verən insan ölümləridir.

Xüsusi vurğulamaq lazımdır ki, rəsmi Parisin həyata keçirdiyi bu qanunsuz əməllərə qarşı beynəlxalq arenada ən prinsipial və cəsarətli mövqeyi məhz Azərbaycan nümayiş etdirir. Rəsmi Bakı Fransanın neokolonial siyasətini ifşa etməkdə, yerli xalqların haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda və bu xalqlar arasında əlaqələr qurmaqda mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycan əzilən xalqlara həm diplomatik, həm də humanitar dəstək göstərməklə Bakı Təşəbbüs Qrupu çərçivəsində əhəmiyyətli işlər görür. Eyni zamanda Azərbaycanın Qarabağda qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsi rəsmi Parisi və prezident Makronu nədənsə narahat edir. Bu səbəbdən Fransa Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycana qarşı "hücum"lara başlayıb. Makron rejimi siyasi, diplomatik və iqtisadi müstəvidə rəsmi Bakıya təzyiq göstərmək imkanına malik deyil. Fransa ölkəmizə insan haqlarının pozulması və məhkəmə sistemi mövzuları istiqamətində təzyiq göstərməyə çalışması kimi bu cəhdləri uğursuzluqla nəticələnir.

Fransanın əsassız iddialarına Azərbaycan Xarici İşlər Nazirliyi tutarlı cavab verib. Nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransa XİN-in bəyanatına şərhində yer alan fikirlər bu böhtanları ifşa edir. O, rəsmi Bakının Azərbaycanda həbsdə olan 2 Fransa vətəndaşının əsassız həbs olunmadığını, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini vurğulayıb. "Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur. Bunun əksinə, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi "insan hüquqlarına" tamamilə zidd olduğu aydındır". Azərbaycanla münasibətləri ən aşağı səviyyəyə endirən Fransa bütün bunlar kifayət deyilmiş kimi, Ermənistana hərbi dəstək verir və onu yeni qarşıdurmaya sürükləyir. Rəsmi Paris çox güman "insan hüquqları" adı altında Azərbaycana qarşı təxribatlarını davam etdirəcək. Lakin Emmanuel Makron hökuməti anlamalıdır ki, Bakıya qarşı istifadə edə biləcəyi heç bir güc vasitəsi yoxdur. Öz strategiyasını dəqiq quran dövlətimiz bu təxribatların tam fərqindədir və həmişə olduğu kimi, qabaqlayıcı, təsirli addımlar ataraq qərəzli cəhdlərin qarşısını uğurla alır.

Nəzrin ELDARQIZI,

"Respublika".