Rəsmi Paris xarici siyasətində korrektələr etməlidir
Siyasət

Rəsmi Paris xarici siyasətində korrektələr etməlidir

Fransa Milli Assambleyasında keçirilən növbədənkənar seçkilərdə solçu "Yeni Xalq Cəbhəsi" koalisiyasının qalib gəlməsi, Fransanın siyasi həyatında yeni səhifə aça bilər. Amma nəzərə almalıyıq ki, Fransa prezidentli respublikadır. Makron siyasi hakimiyyəti davam etdikcə, Azərbaycanla münasibətlərdə elə də dönüş nöqtəsi olmayacaq. Yalnız bütövlükdə Makron iqtidarı getdikdən sonra hakimiyyətə gələcək, qüvvələr Azərbaycan və digər ölkələrlə münasibətlərə yenidən baxa bilər.

Solçuların ümumi siyasi baxışlarında NATO-dan çıxmaq, Avropa İttifaqına o qədər də maraq göstərməmək ifadə olunur. Onlar Fransanın yeni bir güc mərkəzi olaraq heç bir blokda təmsil olunmasına qarşıdırlar. Həmçinin daxildə də sosial islahatlar həyata keçirmək istəyirlər. Solçular təkcə parlamentdə deyil, Fransada keçirilən prezident seçkilərində də qalib gəlsə, Azərbaycanla münasibətlərdə dəyişikliklər ehtimalı var. Bu, Fransanın milli maraqlarına da cavab verir. Bu milli maraqlardan irəli gələrək Cənubi Qafqazla bağlı dəyişikliklərin olacağı mütləqdir. Çünki Makron iqtidarı zamanı Fransanın dayaqları çox zəifləyib. Bunu fransızların özləri də etiraf edirlər. İstər Afrika qitəsində, istərsə də kolonial siyasətdə boşluqların yaranması, Fransanın irtica siyasətinə qarşı iğtişaşların artması, artıq ilkin siqnallardır ki, rəsmi Paris xarici siyasətində korrektələr etməlidir. Bu, zamanın tələbidir.

Tural ƏLİYEV,

politoloq.