Mina problemi xüsusilə müharibə zonalarında baş verən münaqişələrdən sonra yaranan ciddi humanitar və təhlükəsizlik problemidir. Azərbaycanda mina problemi Ermənistanla münaqişələr, xüsusilə Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsindən sonra daha da aktuallaşıb.
1990-cı illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı ərazilər geniş şəkildə minalanıb. 2020-ci ildə ərazilərin azad olunmasından sonra isə həmin minalar insanların həyatını təhlükə altına qoyur və bölgələrin bərpası prosesinə ciddi maneələr yaradır.
Demək olar ki, hər ay Qarabağ və Şərqi Zəngəzur bölgəsindən mina və hərbi sursatların partlaması nəticəsində insanların xəsarət alması ilə bağlı xəbərlər gəlir. Həmin hadisələdən biri də işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində avqustun 8-də baş verib. Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşların təhlükəsizliyini təmin etmək üçün fasiləsiz olaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini davam etdirir. ANAMA ötən həftə işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb. Bildirilib ki, avqust ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları ərazisində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 551, tank əleyhinə 221 mina və 27 min 872 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ötən ay ərzində 7135,1 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib.
Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərində çoxlu sayda mina basdırıb, xüsusilə münaqişənin son mərhələlərində Ağdam, Kəlbəcər və Laçın rayonlarından geri çəkilərkən əraziləri kütləvi şəkildə minalanıb ki, bu da terror məqsədi daşıyır. Azərbaycanın azad olunmuş ərazilərində minaların təmizlənməsi prosesində yüzlərlə insan həlak olmuş və ya yaralanmışdır. Bu da onu göstərir ki, müharibə başa çatsa da, Ermənistanın Azərbaycana olan təhdidi hələ də davam edib. Mina problemi həm də iqtisadi inkişafa əngəl törədir. Çünki minalanmış ərazilərdə kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi qeyri-mümkündür.
Azərbaycan hökuməti mina təmizlənməsi üçün çox ciddi səylər göstərir. ANAMA bu işi ən müasir texnologiyalar və dronlar vasitəsilə həyata keçirir. Minatəmizləmə Agentliyi 2021-ci ildən tədqiqat işlərində səmərəli nəticələr göstərən "Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı" (RAMS) sistemindən istifadə edir. Bu sistem mina və PHS-lərlə çirklənmiş əraziləri müəyyən etmək üçün hazırlanıb. Təhlükəli və şübhəli əraziləri müəyyən edən sistem vasitəsilə minatəmizləmə işlərinin səmərəliliyi xeyli artırılıb. Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun olaraq, RAMS sistemi Qeyri-Texniki Tədqiqat (IMAS 8.10) əməliyyatının daha optimal və dəqiq yerinə yetirilməsini dəstəkləyir. Dronların köməyi ilə istifadə olunan yüksək dəqiqlikli, habelə termal və çoxspektrli kameralar torpaq səthində və dayaz basdırılmış obyektləri tədqiq etmək imkanlarına malikdir. Əldə olunan məlumatlar süni intellekt vasitəsilə çeşidləndikdən sonra təhlükəli obyektlərin yeri təsbit edilir və təhlükəli ərazilərin sərhədləri müəyyənləşdirilir.
Azərbaycan tərəfi Ermənistandan mina xəritələrini tələb etsə də, rəsmi İrəvan bu məsələdən gah boyun qaçırır, gah da təqdim etdiyi xəritələr obyektivlikdən kənar olur. Bu da öz növbəsində həm insanlar, həm də regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı üçün böyük problem yaradır.
Azərbaycan mina təhlükəsizliyi ilə mübarizə sahəsində xarici ölkələrlə əməkdaşlığı daha da genişləndirib, həmin ölkələrin təcrübələrindən yararlanır. Elə bu məqsədlə, ötən həftə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Kamboca Krallığına səfər edib. ANAMA nümayəndə heyətinin həmin ölkənin humanitar minatəmizləmə sahəsi üzrə məsul təşkilatları olan Kamboca Minatəmizləmə və Minadan Zərərçəkənlərə Yardım Qurumunun (CMAA) vitse-prezidenti Prum Sofeakmonkul və İcraçı direktoru Li Panhariz, eləcə də Kamboca Minatəmizləmə Mərkəzinin (CMAC) Baş direktoru Henq Ratana ilə görüşləri keçirilib.
Görüşlərdə mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri, minatəmizləmə fəaliyyətində tətbiq edilən metodologiyalar, eləcə də təlim imkanları ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda həmin ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin ASEAN departamenti və mina təhlükəsi ilə mübarizə üzrə Dövlət katibinin müavini Ke Sovann ilə görüş keçirilib. Görüşdə mina və müharibənin digər partlayıcı qalıqları ilə ən çox çirklənən ölkələr sırasında olan Azərbaycan və Kambocanın üzləşdiyi mina təhlükəsinin miqyası barədə qarşılıqlı olaraq məlumat verilib, bu sahədə gələcəkdə ikitərəfli əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlərdə Azərbaycan Respublikasının iqamətgahı Hanoy şəhərində olmaqla, eyni zamanda Kamboca Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə də iştirak edib. Səfər çərçivəsində ANAMA nümayəndə heyəti təlim imkanları, tədris metodikası və vəsaitləri ilə tanışlıq, habelə bu sahədə Kambocanın təcrübəsinin öyrənilməsi məqsədilə CMAC-ın Təlim Mərkəzinə baş çəkib. Həmçinin Kambocanın minalarla ən çox çirklənmiş bölgələrindən biri olan Siem Reap vilayətinə səfər edərək CMAC tərəfindən icra edilən minatəmizləmə əməliyyatları, əl ilə minatəmizləmə, minaaxtaran it və siçovulların fəaliyyəti, eləcə də istifadə edilən alət və avadanlıqlarla tanış olub. Siem Reap vilayətinə səfər çərçivəsində nümayəndə heyəti CMAC-ın nəzdində fəaliyyət göstərən "Sülh Muzeyi"nə baş çəkib. Muzeydə Kambocanın üzləşdiyi mina problemini nümayiş etdirən mina və müharibənin partlayıcı qalıqları, eləcə də müharibə dövrünə aid müxtəlif əyani eksponatlar sərgilənir. Cənub-Şərqi Asiyanın mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan ölkələri ilə bu sahədə təcrübə mübadiləsinin aparılması Agentliyin gələcək fəaliyyətinə öz müsbət töhfəsini verəcək.
Musa BAĞIRLI,
"Respublika".