Regionda yenidən gərginlik yaratmaq cəhdi Ermənistan üçün intihar deməkdir
Siyasət

Regionda yenidən gərginlik yaratmaq cəhdi Ermənistan üçün intihar deməkdir

Regionda dayanıqlı sülh və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir vaxtda Ermənistanda birdən-birə revanşist qüvvələrin daha da fəallaşması, bu ölkədə ayrı-ayrı dairələrin yenidən Azərbaycanı müharibə ilə hədələməsi Qərbin İrəvana ötürdüyü birbaşa direktivlərin nəticəsidir.

Ötən 30 illik dövr bizə əminliklə deməyə əsas verir ki, Azərbaycanın hərbi-siyasi qələbələri nəticəsində hazırda Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması konkret olaraq ABŞ və Avropanın Fransa başda olmaqla, bir sıra subyektlərini qane etmir. Ermənistanın 3 il ərzində iki dəfə kapitulyasiyaya imza atması fonunda münaqişə və separatizm alətlərindən məhrum olan Qərb ayrı-ayrı platformalarda Azərbaycana qarşı uğursuz hücumlar, ölkəmizdə maliyyələşdirdiyi muzdlu media və bütövlükdə 5-ci kolonun fiaskosuna şahidlik etdikcə, daha da radikallaşır. Nəticədə cənab Prezidentin andiçmə mərasimində də ifadə etdiyi kimi, əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Yəni Qərb artıq regionda münaqişələrə özünün maraqlarının təmini üsulu kimi baxdığını gizlətmir və mümkün qədər yenidən məğlub Ermənistanı bu prosesdə alətə çevirməyə çalışır.

Heç şübhəsiz ki, Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi və Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair hərbi paktın imzalanmasının planlaşdırılması bunun həlledici addımıdır. Çox təəssüflər olsun ki, Ermənistan hakimiyyəti və erməni cəmiyyəti cəmi 6 ay əvvəlki kapitulyasiyanı unudaraq ABŞ və Avropa İttifaqının heç bir perspektivi olmayan təhlükəli vədlərinə inanmağı obyektiv reallıqdan daha üstün tutur. Son bir neçə gündə Ermənistanda Azərbaycana qarşı təcavüzkar ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların misli görünməmiş miqyasda tirajlanmağa başlaması da məhz bu prosesin tərkib hissəsidir. Görünən odur ki, Qərb regionda münaqişənin yenidən qızışdırılmasında israrlıdır və təcavüzkar mahiyyətindən əl çəkə bilməyən Ermənistan özü də bu məsələdə Qərbdən az həvəsli deyil.

Əslində baş verənlər bizi təəccübləndirmir, çünki andiçmə mərasimində möhtərəm Prezident ifadə etmişdi ki, "bunlar bizdən əl çəkməyəcək". Hazırda yaşananlar da bir daha göstərir ki, Azərbaycan Prezidenti proqnozlarında nə qədər haqlıdır. Lakin cənab İlham Əliyevin 2022-ci il noyabrın 8-də Şuşadan bəyan etdiyi kimi, İrəvan başa düşməlidir ki, heç kim min kilometrlərlə məsafədən gəlib onların yerinə döyüşməyəcək. Bu mənada, Qərbin vədlərinə güvənən rəsmi İrəvan anlamalıdır ki, Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində bu ölkənin silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti ilə regionda yenidən gərginlik yaratmaq cəhdi Ermənistan üçün intihar deməkdir.

Onu da qeyd etmək lazımdır ki, ölkəmiz Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi dövlətimizin altı ali niyyətindən biri kimi müəyyən edib. Həmçinin Konstitusiyanın 10-cu maddəsi ilə təsbit olunub ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Məhz bu konsepsiyadan çıxış edərək Vətən müharibəsində cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Zəfərdən sonra qalib tərəf olmasına baxmayaraq, Azərbaycan davamlı olaraq sülh gündəliyi ilə çıxış etməyə başlayıb. Nəticədə ölkəmizin qələbəsi ilə dəyişən reallıqlar yekun sülh prosesi üçün əlverişli məqam yaratsa da, görünən odur ki, Ermənistan xarici havadarlarına arxayın olaraq yenidən radikal formada qeyri-konstruktiv davranmaqla, konkret desək, şərti sərhədlər boyu ordu hissələri, silah və texnika cəm etməklə vəziyyəti daha da ağırlaşdırır.

Baxmayaraq ki, sülhün qarşısında heç bir real və prinsipial əngəl qalmayıb. Belə bir məqamda Ermənistanın Qərbdəki havadarlarına güvənərək yenidən güc dili ilə danışmağa çalışması təəssüf və təəccüb doğurur. Lakin rəsmi İrəvan unutmamalıdır ki, şərti sərhəddə cəm etdiyi fərari ordusu vasitəsilə Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi, təhdid niyyəti meydana çıxarsa, Azərbaycan Ordusunun sərt və adekvat tədbirləri ilə qarşılaşacaq. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı bəyanatda da ifadə olunduğu kimi, "vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir". Haylar unutmamalıdır ki, Ermənistanı 3 ildə iki kapitulyasiya aktından qoruya bilməyən dairələrin regionda güclənən Azərbaycan qarşısında şansı yoxdur. Dəyişməz reallıqdır ki, Azərbaycanın Vətən müharibəsində Zəfəri qlobal miqyasda güc nisbətinə təsir edən nəticələrlə müşayiət olunur və rəsmi İrəvanın Qərbdəki havadarları əslində elə Ermənistanla bərabər məğlub tərəflərdir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.