Qardaşlaşmış şəhərlər
Qarşılıqlı əlaqələrin yaradılmasına dair “Anlaşma Memorandumu” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Qrodno şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti şəhər rəhbərliyi ilə görüşüb, Qrodno şəhəri ilə Qəbələ rayonu arasında mövcud əlaqələrin perspektivləri müzakirə edilib. Həmçinin səfər zamanı nümayəndə heyəti Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə həsr olunmuş abidə kompleksini ziyarət edib və Qrodno Beynəlxalq İqtisadi Forumunda iştirak ediblər.
Forum çərçivəsində “Qəbələ şəhəri ilə Qrodno şəhəri arasında 2024-2026-cı illər üçün qardaşlaşmış şəhərlərin qarşılıqlı əlaqələrinin yaradılmasına dair “Anlaşma Memorandumu”nun həyata keçirilməsi haqqında Tədbirlər Planı - “Yol xəritəsi” imzalanıb. Daha sonra nümayəndə heyəti Qrodno şəhərinin sənaye, iqtisadi və turizm potensialını əks etdirən sərginin açılış mərasimində, şəhərin 896-cı ildönümü münasibətilə təşkil edilmiş “Şəhər günü” bayram tədbirlərində və ənənəvi "Pendir" festivalında iştirak ediblər.
Qeyd edək ki, bu il mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilib.
Mərasimdə “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası), “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) və “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” imzalanıb.
M.NƏRİMANOĞLU,
“Respublika”.