"Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir". Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər Azərbaycanın dünya birliyinə sürətlə inteqrasiya etdiyini, beynəlxalq təşkilatlarla əməkdaşlığa önəm verdiyini bir daha sübuta yetirir. Ölkəmiz istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, sosial, mədəni və digər sahələrdə çoxtərəfli əlaqələr qurmağa və beynəlxalq nüfuzunu ildən-ilə artırmağa nail olub. Daim dəyişən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik xarici siyasət strategiyasının təməli isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti Ulu Öndərin müəyyənləşdirdiyi kursa əsasən çoxşaxəli formada davam etdirilir.
Azərbaycan Cənubi Qafqaz regionunda tarixin bütün zamanlarında lider dövlət olmuşdur. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə onun beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Mənfur Ermənistanın işğal etdiyi torpaqların geri qaytarılması, Azərbaycan əsgərlərinin şücaəti və döyüş taktikası bütün dünya mediasının diqqət mərkəzində olmuşdur.
Azərbaycan ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra yeni reallıqlar formalaşdırdı. Prezident İlham Əliyev dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan dövlət başçıları ilə eyni sıradadır. Ölkəmizin hazırkı mövqeyi həm tarixi qələbə və ümumilikdə bütün milli maraqlar müstəqilliyimizi inamla qorumağa imkan verir. Fransa başda olmaqla, kollektiv Qərb Cənubi Qafqazda yenidən gərginlik yaratmağa çalışır. Çünki onların regiona müdaxilə etmələrinə imkan verən münaqişə amili artıq mövcud deyil. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində dövlətimiz bütün zəruri addımları zamanında atmaqla həm siyasi, həm də hərbi qələbəni təmin etdi. Müxtəlif platformalar çərçivəsində ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması cəhdləri tam fiaskoya uğradı. Bu gün Azərbaycan Ordusu cənab Prezidentin vurğuladığı kimi, 2020-ci ildəkindən daha güclüdür. Çünki müasir dövrdə hüququn gücü yox, gücün hüququ keçərlidir. 44 günlük müharibədə əldə olunan parlaq qələbədən 3 il sonra COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdilliklə qərarın qəbul edilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın ədalətli mövqeyinin təntənəsi, həm də dövlətimizin başçısına olan böyük inam və etimadın göstəricisidir. Bu və digər proseslər aydın göstərir ki, ölkə başçısı bütün addımlarını çox böyük dəqiqliklə hesablayaraq geosiyasi və hərbi-siyasi gedişlər etməklə Azərbaycanı qarşıda duran bütün hədəflərə uğurla çatdırır.
Cənubi Qafqazda iqtisadi və siyasi əməkdaşlıq sahəsində Azərbaycan ən qabaqcıl ölkədir. Bir sıra beynəlxalq konfranslar və tədbirlər ölkəmizdə gerçəkləşir. 2015-ci ildə Avropa oyunlarının, 2017-ci ildən etibarən "Formula-1" yarışlarının Bakıda keçirilməsi dövlətimizin beynəlxalq nüfuzunu artırır. Maliyyə, iqtisadi və sosial layihələrdə ölkəmiz ən fəal şəkildə təmsil olunur. Bölgənin enerji təhlükəsizliyində Azərbaycanın özünəməxsus yeri və rolu var. Dünyanın ən nəhəng iqtisadiyyatına sahib olan ABŞ, Rusiya və Çin ilə çoxşaxəli siyasi və iqtisadi əlaqələr mövcuddur. Eyni zamanda region dövlətlərindən Türkiyə və İranla çox geniş ticari və iqtisadi əlaqələr var. Respublikamız demək olar ki, Ermənistandan başqa bütün region ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əməkdaşlıq edir. İşğalçı Ermənistanın 30 il müddətində bütün beynəlxalq və regional layihələrdən kənarda qalmasının tək səbəbi qədim və tarixi Azərbaycan torpağı olan Qarabağı işğalda saxlaması olub.
Avropa İttifaqı ilə də yüksək münasibətlərə malik olan ölkəmiz regionda sülhün, sabitliyin və təhlükəsizliyin qarantıdır. Ölkəmiz bütün region dövlətləri ilə dinc şəraitdə yaşamağın tərəfdarıdır.
Müstəqil xarici siyasət yürüdən dövlətimiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət olan Azərbaycan balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr formatında regionun geosiyasi, geoiqtisadi və geostrateji təhlükəsizliyində mühüm rol oynayır.
Bayram SALMANOV,
"Respublika".