Qərbi Azərbaycana qayıtmaq legitim hüququmuzdur
Sosial həyat

Qərbi Azərbaycana qayıtmaq legitim hüququmuzdur

Son iki yüz ildə Azərbaycan mürəkkəb siyasi çəkişmələr, xain planlar və kənar qüvvələrin müdaxilələri nəticəsində bir çox sınaqlardan, faciələrdən keçmişdir. Hadisələr ərazi itkisi azərbaycanlıların öz ata-baba ocaqlarından zorla köçürülməsi, ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasəti ilə nəticələndi. Yaxın yüzilliklərdə xüsusilə Qərbi Azərbaycan və Qarabağ torpaqlarına məqsədli şəkildə köçürülmüş ermənilər bir müddət sonra ərazi iddiaları sevdasına düşdülər.

1987-1991-ci illər ərzində Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı ata-baba yurdundan kütləvi şəkildə deportasiya edilmiş, mülkiyyət hüquqları pozulmuş, əmlakları əllərindən alınmış, fiziki zorakılığa məruz qalmışlar. Necə deyərlər, "Gəmidə oturub gəmiçi ilə dava edən" ermənilər, öz çirkin və məkrli məqsədlərini həyata keçirmək üçün azərbaycanlılara qarşı insanlıq əleyhinə müharibə cinayətləri törətdilər. Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı tamamilə çıxarandan sonra azərbaycanlılara aid bütün izləri itirmək məqsədilə qəbiristanlıqları, tarixi mədəni abidələri, ibadət evlərini məktəb, xəstəxana və digər binaları darmadağın etdilər.

2022-ci il 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirləri fəaliyyət proqramı kimi qəbul edən İcma üzvləri tərəfindən İrəvana, Zəngəzura, Göyçə mahalına qayıtmağın siyasi, hüquqi, ideoloji əsaslarını hazırlamaq üçün nəzəri addımlar atırlar. Soydaşlarımızın tarixi ata-baba torpaqlarına qayıtmaq hüququnu ümummilli lider Heydər Əliyev dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyev indiki Ermənistan ərazisinin qədim Azərbaycan torpaqları olduğunu və tarixi səhvlər səbəbindən ermənilərə verildiyini xüsusi qeyd etmişdir.

Bütün bunlar onu göstərir ki, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarına, öz ata-baba yurdlarına geri dönərək sülh və təhlükəsiz şəraitdə yaşamaq hüquqları var və bu beynəlxalq hüquq normaları ilə müəyyən edilir. Qərbi azərbaycanlıların yenidən öz ata-baba yurdlarında məskunlaşması beynəlxalq hüququn prinsiplərinə və insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaların tələblərinə əsasən, Ermənistan hakimiyyətinin öhdəliyi olaraq şərtsiz şəkildə icra edilməlidir. Qeyd edək ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası son 200 ildə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsiplərini özündə əks etdirir. Konsepsiya Müşahidə Şurasında təsdiq edildikdən sonra Qərbi Azərbaycan İcması tərəfindən qəbul edilib. Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirdiyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi qaydaları müəyyənləşdirir. Beynəlxalq hüquqda, konvensiyalarda insanların öz tarixi vətənlərinə, torpaqlarına qayıdış haqqı təsbit olunub. Soydaşlarımızın Qərbi Azərbaycandan çıxarılmasına, etnik təmizləməyə, soyqırımına məruz qalmasına dair çox sayda tarixi sənədlər, faktlar mövcuddur. Beynəlxalq mənbələrdə də bununla bağlı sənədlər var. Bu səbəbdən, Qərbi azərbaycanlıların qayıdışı tələbi haqlı, ədalətli olduğu qədər də beynəlxalq hüquqa tam uyğundur.

Hələ illər öncə Prezident Heydər Əliyev azərbaycanlıların kütləvi surətdə deportasiyasının hərtərəfli araşdırılması məqsədilə 1997-ci il 18 dekabr tarixində "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərman imzalamışdır. Bu Fərmanla Ermənistanda Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilmiş və azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə siyasətinin mürtəce mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Prezident Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2018-ci il 12 yanvar tarixli "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamda erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiyi əks olunmuş və azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir.

Digər tərəfdən, Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın deportasiyasını hüquqi baxımdan qiymətləndirmək üçün Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə nəzər yetirmək lazımdır. Belə ki, Statutun 7.2-ci maddəsinə əsasən "əhalinin deportasiyası və ya məcburi köçürülməsi" dedikdə, köçürmə və ya digər məcburi tədbirlərin yönəldiyi şəxslərin qanuni yaşadıqları ərazidən beynəlxalq hüquqla yol verilən əsaslar olmadan zorla köçürülməsi başa düşülür. Ermənilərin azərbaycanlılara qarşı deportasiya və köçürmə siyasətini beynəlxalq hüquq normalarının üç növ pozuntusunun - insan hüquqlarının, beynəlxalq humanitar hüquq normalarının habelə insanlıq əleyhinə cinayətlərin baş verməsinin "kəsişmə nöqtəsi" hesab etmək olar. Bu mənada, ölkə başçısının çıxışlarında soydaşlarımızın ata-baba yurdlarına dönüşünü təmin etmək lazımdır çağırışı həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasında hazırda mühüm addımlar atılır. Belə ki, İcmanın son təqdimatında bildirilir ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhər əhalisinin dəqiq sayı və adları müəyyənləşdirilmiş, bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adlı siyahısı tərtib edilmişdir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasında təsbit olunmuş konkret vəzifələri həyata keçirir.

İlk addım olaraq sonuncu deportasiya zamanı tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda soydaşlarımıza qarşı dövlət səviyyəsində həyata keçirilmiş soyqırımı cinayəti sənədləşdirilir.

"Təbii ki, ilk olaraq soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərimizin dəqiq sayını və adlarını müəyyənləşdirdik və bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adlı siyahısını tərtib etdik. Əslində, bu, düşündüyümüzdən daha çətin proses oldu, çünki həmin tarixdən təxminən 36 il keçib və insanlarımızın bir hissəsi bu müddət ərzində dünyadan köçüb, bir hissəsi dəfələrlə yaşayış yerini dəyişib, bir hissəsi isə dünyanın bir çox ölkələrinə səpələnib ki, onların bəzilərinin harada yaşadığını müəyyən etmək belə çox çətindir. Çətin də olsa, biz bu işin öhdəsindən gəldik və onları rəsmi olaraq geniş ictimaiyyətə açıqlamağa hazırlaşırıq".

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi deməkdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu, bizim legitim hüququmuzdur.

Ramidə YAQUBQIZI,

"Respublika".