Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son dörd ildə Azərbaycan möhtəşəm uğurlara imza atıb. Uzun illərdir hər bir azərbaycanlının xəyal etdiyi arzular qısa müddətdə reallığa çevrilib.
2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentybarında 23 saatlıq antiterror tədbirlərində Ordumuzun inamlı qələbə qazanması ermənilərin "böyük Ermənistan" planını birdəfəlik puç etdi. Beləliklə, 30 ilə yaxın işğal altında qalmış Qarabağ artıq öz sakinlərinə qucaq açır.
Həmçinin burada böyük miqyasda adablıq-quruculuq işləri həyata keçirilir. Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə üçrəngli bayrağımız qürurla dalğalanır. Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 8 minə yaxın keçmiş məcburi köçkün öz yurdlarına pənah aparıb. Onların işğal dövründə çəkdikləri ağrı-acılar artıq geridə qalıb.
80-ci illərin sonlarından başlayaraq mənfur ermənilər indiki Ermənistan ərazisindən Qərbi azərbaycanlıları zorla öz doğma torpaqlarından didərgin salıb. XX əsrin əvvəllərindən erməni zülmünə məruz qalan Qərbi azərbaycanlıların son deportasiyasi məhz Qarabağ münaqişənin başlaması ilə həyata keçib. Qətl, zorakılıq, soyğunçuluqla müşahidə olunan bu deportasiya nəticəsində 300 mindən artıq Qərbi azərbaycanlı son nəfərinə kimi bu torpaqlardan zorla çıxarılıb.
Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra Qərbi Azərbaycan mövzusu daha da aktuallışıb. 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş, 2022-ci ildə "Qərbi Azərbaycan İcması" adını almış təşkilat (İcma) indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur. İcma Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini nəzərə alaraq ötən ilin yanvar ayında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası irəli sürüb. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Bundan başqa, Qərbi Azərbaycan İcması ölkə daxilində və xaricində baş verən siyasi hadisələrə, xüsusilə, Qərbi azərbaycanlılarla bağlı səsləndirilən fikirlərə dərhal reaksiya verir, bəyanatlar paylaşır.
"DQR"in keçmiş "rəhbəri", Qarabağda ağ bayraq qaldırıb təslim olan, indi isə İrəvana sığınan Samvel Şahramanyanın dediyi sözlərə cavab olaraq sentyabrın 3-də İcma daha bir bəyanat yayıb. Qeyd edək ki, Şahramanyan yenidən "beynəlxalq təminat altında Qarabağa qayıdış"dan danışıb, Qərbi azərbaycanlıların qayıdış hüququnu isə görməzdən gəlib. Buna cavab olaraq qurum bildirib ki, Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü "mühacirətdə olan hökumət" kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi "repatriasiya komissiyası"nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Qurum bəyan edib ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə "Qərbi Azərbaycana qayıdış" komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq.
Qərbi Azərbaycan İcmasının budəfəki bəyanatında iki məsələ diqqəti çəkib. Birincisi odur ki, Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlanıla bilər. İkincisi isə, yeni formalaşacaq parlamentdə qayıdışla bağlı komissiyanın yaradılması məqsədilə Milli Məclisə müraciət edilə bilər.
Maraqlıdır, görəsən Qərbi azərbaycanlılar mövzu ilə bağlı, həmçinin tarixi torpaqlarına qayıtmaq haqqında nə düşünürlər?
Gəncə şəhər sakini, Qərbi Azərbaycanda dünyaya göz açan, 1988-ci ildə Meğri rayonunun Aldərə kəndindən deportasiyaya məruz qalan 65 yaşlı Dilşad Qasımova bildirdi ki, öz yurdumuza bir gün qaydacağımıza çox inanıram:
- Doğma yurdum Aldərəni tərk etdiyim gündən bəri ata yurdum hər gecə yuxuma gəlir. O yerləri yaddan çıxarmaq mümkün deyil. Ümid edirəm ki, bu həsrət nə vaxtsa sona çatacaq. Ora qayıtmaq bizim haqqımız, hüququmuzdur. Hər kəs bunu bilməli və qəbul etməlidir. Başda da erməni rəhbərləri. Qərbi azərbaycanlıların qayıdış məsələsi 30 illik dövrdə hələ bu qədər yaxın olmamışdı. Dövlət başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət imkan verdi ki, Qarabağdan olan həmvətənlilərimiz öz yurdlarına qayıda bilsin. Bir halda ki, Prezident İlham Əliyev bu işə dəstək verir, mən gec-tez nə vaxtsa bizim də Göyçəyə, Zəngəzura, hətta İrəvana belə qayıdacağımıza inanıram. Amma burada sistemli işin olması olduqca vacibdir. Bu iş təkcə Qərbi Azərbaycan İcmasında həll edilməməli, parlamentdə qayıdış komissiyasının yaradılması da gündəmə gətirilməlidir. Hətta lazım gələrsə, mühacir hökumətinin qurulmasınıda baxıla bilər. Niyə də olmasın axı? Bir halda ki, ermənilər Qarabağın onların vətəni olmadığı halda, Ermənistanda "mühacirət hökuməti" qurublar, biz də bu addımı atmalıyıq. Amma onlardan fərqli olaraq Qərbi Azərbaycan mühacir hökuməti yaradılsa, tarixi faktlar əsasında olacaq. Çünki bütün dünya bilir ki, ora bizim tarixi yurdumuzdur.
Digər Qərbi azərbaycanlı, Zəngibasar rayonun Dəmirçi kəndindən olan Yaqub Heydərov deyir:
- Tarixi həqiqətdir ki, qədim Azərbaycan torpaqları müxtəlif dövrlərdə hissə-hissə parçalanaraq ermənilərin ixtiyarına verilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət qurmaq üçün paytaxtları olmadığı üçün İrəvanın Ermənistana verilməsi son bir əsrin hadisəsidir. Həmçinin SSRİ dövründə Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi də eyni dövrə təsadüf edir. Bizim torpaqlarımızda dövlət quranlar, bizi doğma yurdumuzdan deportasiya edənlər indi bizim ora qayıtmağımıza necə qarşı çıxa bilər? Bəlkə də bu gün çoxları Qərbi azərbaycanlıların gələcəkdə doğma yurdlarına dönüşünə inanmır. Amma xatırlatmaq istəyirəm ki, bu gün Şuşaya, Xankəndiyə səfər edənlər dörd il əvvəl buna inanırdılarmı? Əlbəttə, xeyr. Ona görə də bu işdə hər kəs əl-ələ verməlidir. Necə ki, 44 günlük Vətən müharibəsində biz bunu etdik, indi də edə bilərik. O torpaqlar bizi gözləyir. Həm də ki, o rayonlarda, kəndlərdə yetərincə ermənilər yaşamır. Demək olar ki, çoxu boş qalıb. Ermənilər azərbaycanlılara məxsus olan tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqları kütləvi şəkildə dağıdıb. İndi biz geri qayıtmalı, Qarabağda qurub-yaratdığımız kimi orada da öz mədəniyyətimizi inkişaf etdirməliyik.
Musa BAĞIRLI,
"Respublika".