Qərbi Azərbaycan Televiziyasının əməkdaşları ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan Televiziyasının əməkdaşları ilə görüş keçirilib

Qərbi Azərbaycan Televiziyasının yaranmasının 1 ili tamam olub. Bu münasibətlə Qərbi Azərbaycan İcmasında televiziyanın əməkdaşları ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan İcmanın aparat rəhbəri Qalib Qasımov İcmanın İdarə heyətinin sədri Əziz Ələkbərlinin təbriklərini televiziyanın yaradıcı heyətinə çatdırıb.

Bildirib ki, televiziya yarandığı müddətdən bu yana Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya bir neçə dildə çatdırılması istiqamətində mühüm işlər görüb. Qərbi Azərbaycan Televiziyası zəngin veriliş müxtəlifliyi və məzmun rəngarəngliyi ilə mütəmadi olaraq tamaşaçılarının görüşünə gəlir. Aparat rəhbəri televiziyanın işinə könüllü olaraq dəstək verən ziyalılarımıza da dərin təşəkkürünü çatdırıb. Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar çıxışında televiziyanın yaradılmasının soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdışı istiqamətində aparılan işə, o cümlədən maddi-mədəni irsimizin dağıdılmasına diqqət çəkilməsi məsələlərinə töhfə verdiyini deyib. O, televiziyanın daha əvvəl onlayn şəkildə fəaliyyət göstərdiyini, may ayının 1-də isə Qərbi Azərbaycan Televiziyasının yeni binasının istifadəyə verilməsini xatırladaraq yüksək səviyyədə təchiz olunmuş ofisə görə İcmaya təşəkkürünü bildirdi. Televiziyanın digər əməkdaşları da çıxışlarında öz təkliflərini səsləndiriblər. Tədbir Qərbi Azərbaycan Televiziyasının səsinin soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışından sonra Qərbi Azərbaycandan gəlməsi niyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, 2023-cü il avqustun 1-də yaradılan Qərbi Azərbaycan Televiziyası əvvəlcə onlayn şəkildə fəaliyyət göstərib. "Müzakirə vaxtı", "Xəbər vaxtı", maddi-mədəni irsimizə aid buraxılışlarla efirə çıxan televiziya bu il may ayının 1-də yeni binaya köçdükdən sonra gündə iki saat olmaqla Azərbaycan, rus və ingilis dillərində buraxılış və verilişlər yayımlamağa başlayıb. Efir cədvəlinə "Ulu Öndər və Qərbi Azərbaycan", "Qərbi Azərbaycana doğru", "Addım-addım Qərbi Azərbaycan", "İnsanlıq əleyhinə", "Ziyalı", "Ədəbi İrəvan", "Deportasiyaya uğrayan İrs", "Qərib Qərbi azərbaycanlılar", "İnsan hekayəsi", "Qərbi Azərbaycan ləzzətləri" kimi verilişlər əlavə olunub. Televiziya "Xəbər vaxtı" və "Müzakirə vaxtı" kimi verilişlərdə ölkənin gündəlik həyatında baş verən mövzulara toxunmaqla əsasən Qərbi Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir.

Nəzrin ELDARQIZI,

"Respublika".