Qərb qonşumuzun xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasəti nəticəsində soydaşlarımız doğma torpaqlarından qovulmuş, həmin yerlərdə başqa bölgələrdən köçürülmüş ermənilər yerləşdirilmişdir. Hələ XIX əsrdə Rusiyanın Osmanlı və İran ərazilərindəki erməniləri Cənubi Qafqaza köçürməsi azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılmasına səbəb olmuşdur. XX əsrin əvvəllərində isə yüz minlərlə soydaşımız qətlə yetirilmiş, öz yurdlarını tərk etmək məcburiyyətində qalmışlar.
Sovet hökuməti Zaqafqaziyanın sovetləşməsindən sonra Zəngəzuru və Azərbaycanın bir sıra ərazilərini də Ermənistan SSR-in tərkibinə daxil etmişdir. Məhz bu məkrli siyasətin nəticəsidir ki, xalqımız müxtəlif illərdə deportasiyalara məruz qalmışdır. Soydaşlarımızın öz dədə-baba yurdlarından zorla didərgin salınmasına baxmayaraq Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır və bu reallığı heç bir qüvvə dəyişə bilməz. Prezident İlham Əliyev Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın doğma yurd yerlərinə qayıtması məsələsini dövlət siyasətinin prioriteti olaraq müəyyənləşdirmişdir. Dövlətimizin başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı söylədiyi fikirlər bunun təcəssümüdür: "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin".
Xüsusi vurğulamaq lazımdır ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması mühüm addımlardandır. Çünki sözügedən konsepsiya vaxtilə indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın əzəli yurd yerlərinə sülh yolu ilə təhlükəsiz şəkildə qayıtmasını təmin etməklə yanaşı, Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas istiqamətlərini də müəyyənləşdirir. Bundan başqa, konsepsiya soydaşlarımızın geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni özündə ehtiva edir. Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, eyni zamanda tarixi faktlara əsaslanaraq ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Şübhəsiz, bu sahədə atılan addımlar sadəcə konsepsiya ilə yekunlaşmır. Belə ki, bu il martın 1-də Qərbi Azərbaycan İcmasının Şarl Mişelə göndərdiyi məktub da xüsusi əhəmiyyətə malikdir. Məktubda Avropa İttifaqının qayıdışa dəstək verməsi və İttifaqın Ermənistandakı Missiyasının (EUMA) bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində tədbirlər həyata keçirməsi xahiş edilir. Qərbi Azərbaycan İcması, həmçinin Missiyanı Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquq və təhlükəsizliyi ilə məşğul olmağa, o cümlədən onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidələrini ziyarət edə bilmələrinə şərait yaratmağa çağırıb.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması bu il yanvarın 13-də BMT-yə müraciət ünvanlamışdır. Müraciətdə Ermənistanda azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə halları, bu vəhşiliklərdə dövlət orqanlarının iştirakı və bir sıra insanlıq əleyhinə olan cinayətlər də öz əksini tapmışdır. Müraciətdə, həmçinin Qərbi Azərbaycan İcmasının Dünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların statusuna dair Konvensiyada və digər beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistandan qovulmuş soydaşlarımızın öz yurdlarına qayıdışının təmin olunmasına səy göstərildiyi də qeyd olunmuşdur. Nəticədə Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi İcmanın müraciətini BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaymışdır.
Qərbi Azərbaycan İcması bu il aprelin 12-də BMT-nin Baş katibi Antionio Quterreşə məktub göndərmişdir. Məktubda soydaşlarımızın geri qayıtması prosesinə başlamaq üçün Ermənistana BMT-nin xüsusi missiyasının göndərilməsi xahiş olunub.
Nəzrin ELDARQIZI,
"Respublika".