Qlobal iqlim dəyişmələrini, torpaqların səhralaşması prosesini və təmiz içməli su çatışmazlığını nəzərə alsaq, hazırda ekoloji problemlər dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biridir. Azərbaycanda da oxşar proses baş verir. Belə ki, otuz il ərzində Qarabağın nəinki tarixi, mədəni-dini abidələri, infrastrukturu, hər daşı, torpağı da erməni terroruna məruz qalıb, təbiəti ekosid nəticəsində tamamilə məhv edilib. Azərbaycanın 261 min hektar meşə fondu ermənilərin vandalizminə məruz qalıb.
1988-ci ildə Ermənistan Qarabağ ərazisində ekoterrora Topxana meşəsinin yandırılması ilə başlamış, minlərlə palıd, fıstıq, vələs, göyrüş, şam, ağcaqayın, ayı fındığı, qoz, çinar kimi qiymətli ağac növləri kəsilərək müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Ermənistanın ekoloji terroru nəticəsində təbiət abidəsi statusuna malik 152 ağac, 8 xüsusi qiymətli meşə sahəsi, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət sərvətləri talan edilmişdir. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən "Qırmızı kitab"a düşən Ayı fındığı ağacları kütləvi şəkildə qırılmışdır. 43 min hektar sahəyə malik xüsusi mühafizə olunan təbiət ərazilərində "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş 24 fauna və 70-dən çox flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib. Ermənistanın təxminən 30 il davam edən işğalçılıq siyasəti nəticəsində ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı həm də bir sıra ekoloji problemlər yaratmışdır.
Ermənistan ekoloji terror törətməklə Azərbaycana külli miqdarda ziyan vurub. Məsələn, Murovdağ silsiləsi boyu Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və çoxillik ağaclar kəsilərək işğalçı dövlətə daşınmış, qiymətli ağac növləri xammal kimi xarici ölkələrə satılmışdır. Müharibə dövründə ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə etməklə həmin ərazidəki bütün bitki örtüyünü məhv etmişdir. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində təxminən 110 min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan edilən ağ fosfor bombalarından istifadə etməklə Şuşa meşələrinə sağalmaz yaralar vurub.
İşğal dövründə su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması taktikası Ermənistanın ekoloji terror siyasətinin əsas elementlərindən olub. Təcavüzkar dövlətin siyasəti işğal olunan ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə və bütövlükdə, regionun ekoloji durumuna olduqca mənfi təsir göstərib. Bütün bunları yenidən bərpa edib dirçəltmək isə uzun illər tələb edir. Çünki düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonların meşə sahələrini məhv etməklə yanaşı, həm də qiymətli ağac növlərini xarici ölkələrə daşıyıb. Ermənilərin törətdikləri digər bir vəhşilik isə təbii abidə hesab olunan ağacları məhv etməsidir. Azərbaycanda bir sıra ağaclar hələ sovet dövründə təbiət abidələri siyahısına daxil edilmişdi. Bu ağacların siyahısına Şərq çinarı, Dağdağan, Palıd, Saqqız ağacı və digər ağaclar daxil olub. Həmin ağacların əksəriyyətinin yaşı çox qədim zamanlara söykənir. Məsələn, bunların içərisində 1600 il yaşı olan ağaclar olub. İşğaldan azad edilən ərazilərdə keçirilən monitorinq zamanı məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Xocavənd və Ağdam rayonu ərazisinə məxsus 139 belə ağac növündən 123-ü məhv edilib.
Bu ərazilər həm Birinci və İkinci Qarabağ müharibəsində, həm də işğal müddətində kifayət qədər zərər görüb. Müharibə özü də təbiətə təsirsiz ötüşməyib. Döyüşlərdə istifadə olunan silahlar təbiətə zərər verməklə yanaşı, həm də bu ərazilərdə yaşayan heyvanların yuvalarını tərk etməsinə səbəb olub.
44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması ilə təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına son qoyuldu. Müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyanın aradan qaldırılmasına başlanıldı. Böyük qələbədən bir il sonra - Zəfər günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağacəkmə aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Bununla da Topxana meşəsinin bərpasına başlanıldı. Regionda ekovəziyyəti yenidən bərpa etmək üçün mühüm addımlar atılır. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən Şərq çinarı olmaqla minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Qubadlıda, Cəbrayılda da ağacəkmə aksiyaları keçirilir.
BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Göründüyü kimi, Ermənistanın həyata keçirdiyi terror siyasəti yalnız şəhərləri, kəndləri və ya orada yaşayan insanları hədəfə almır, həm də ekoloji tarazlığı pozur. Bu isə olduqca təhlükəlidir. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan həm də bu hərəkətinə görə beynəlxalq qanun qarşısında cavab verməlidir. Bu gün qalib Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızda tikinti-quruculuqla yanaşı, yaşıllıqları da bərpa etməyə başlayıb.
Ramidə YAQUBQIZI,
"Respublika".