Qarabağda strateji tərəfdaşlığın quruculuq səhifəsi
Siyasət

Qarabağda strateji tərəfdaşlığın quruculuq səhifəsi

Azərbaycanla İtaliya arasında qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəflərindəndir

İtaliya Avropa İttifaqının üzvüdür, ölkələrimiz arasındakı əlaqələr Azərbaycan-Aİ münasibətlərinin inkişafına səbəb olur. İtaliya həm də NATO-ya üzv dövlətdir. Deməli, Azərbaycanın həm Avropa İttifaqı, həm də NATO ilə münasibətlərinin inkişafına İtaliyanın dəstəyi, töhfəsini xüsusilə qeyd etmək lazımdır.

Yaxın zamanlarda Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıqla bağlı anlaşma-memorandum imzalanması isə İtaliya-Azərbaycan münasibətlərində yeni perspektivlər açır. Bu perspektivlər təbii ki, həm iqtisadi, həm siyasi, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə İtaliya şirkətlərinin yaxından iştirak etməsini əhatə edir. Hazırda Azərbaycanda İtaliyanın 140 şirkəti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.

Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Cənubi Qafqazın ən güclü və modern dövləti, siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. İtaliya ilə münasibətlərin inkişaf dinamikası olduqca yüksəkdir və ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı.

Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir. Dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlığın genişlənməsinin bariz nümunəsidir. Qeyd olunmalıdır ki, İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfər edirlər.

Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan, bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb. Görüşdə çoxsaylı İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti, xüsusilə Qarabağda bir sıra sahələrdə, o cümlədən bərpa-quruculuqda, muzeylərin tikilməsində və digər müxtəlif layihələrin icrasında iştirak etdikləri vurğulanıb. "Ansaldo Energia" şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olunub. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün "Ansaldo Energia" şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbini Azərbaycana gətirilərək quraşdırılır. Layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur. "Ansaldo Energia" şirkəti ilə, o cümlədən "yaşıl enerji" sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır.

İtaliya işgüzar dairələri Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. İtaliya investisiyalı kommersiya qurumları sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərirlər. Dövlətimizin qarşısında duran əsas məsələlərdən biri işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq prosesinin aparılması, alternativ enerji mənbələrindən, yəni külək, günəş, hidroenerji stansiyalarından səmərəli istifadə etməklə bölgənin enerji təchizatını yaxşılaşdırmaq və eyni zamanda ölkəmizin enerji ixracını artırmaqdır. Bununla bağlı qarşıda böyük hədəflər var. Cənab Prezidentin qeyd etdiyi kimi, biz enerji resurslarımızdan, imkanlarımızdan heç vaxt siyasi məqsədlər üçün istifadə etmirik. Bu da təbii ki, siyasətimizi apararkən qonşu ölkələrlə dostluq münasibətlərinin qorunub-saxlanmasına, qarşılıqlı maraqların təmin olunması üçün həyata keçirməyimizə imkan verir. İtaliya Azərbaycanın həm Avropaya inteqrasiyası, eyni zamanda Avropanın qaz və enerji təchizatı nöqteyi-nəzərdən vacib ölkələrdəndir.

Ölkəmizdə sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, o cümlədən Ələt Azad Ticarət Zonasında, sənaye zonalarında, işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunan güzəştlər İtaliya şirkətləri üçün də yeni və səmərəli biznes imkanları yaradır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iqtisadi-ticarət əməkdaşlığımız genişlənir. Qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi ikitərəfli münasibətlərin əsas hədəflərindəndir.

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuğa dəvət etdiyi birinci ölkə Türkiyə, ikinci ölkə İtaliya olub. Bu, təsadüfi deyil. Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Hədəflərin reallaşması üçün İtaliya şirkətləri Qarabağda yaxından iştirak edirlər. Hazırda italyan şirkətlərinin icra etdiyi çoxsaylı layihələr var. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər, Memorial və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. İşğaldan azad olunmuş torpaqlarda İtaliya şirkətlərinin fəaliyyət göstərməsi İtaliyanın Azərbaycanla strateji müttəfiqliyinin nəticəsidir. Bu ilin mayında İtaliya Senatında təşkil olunan "Azərbaycan, İtaliya, Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi" mövzusunda forum ölkələrarası əməkdaşlıqda müxtəlif istiqamətlərin müzakirəsi baxımından da əhəmiyyətli oldu.

İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlər sırasında olub. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev İtaliyaya rəsmi səfər edib. 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb və Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Bu bəyannamə imzalandıqdan sonra İtaliya-Azərbaycan münasibətləri daha sürətlə inkişaf etməyə başlayıb. 2010-cu ildə İtaliya senatı Cənubi Qafqazdakı vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə də dövlətlərin sərhədlərinin dəyişdirilməsinin yalnız onların razılığı əsasında baş tutması, münaqişələrin həllində ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsi qeyd olunurdu. Həmin ildə də İtaliyanın deputatlar palatasının xarici əlaqələr komitəsi eyni məzmunlu qətnamə qəbul edib. Humanitar sahələrdə əlaqələrə gəldikdə, mədəniyyət sahəsində də iki ölkə arasında münasibətlər uğurla inkişaf edir. 2020-ci ildə İtaliyada "Azərbaycan Mədəniyyət İli" elan edilməsi ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir. Təhsil sahəsində əldə olunmuş əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığın əldə edilməsidir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də isə Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək. Azərbaycan-İtaliya mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf edir. Bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Bir sözlə, Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Əminliklə demək olar ki, strateji tərəfdaş olan Azərbaycan ilə İtaliya arasındakı qarşılıqlı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək.

Mustafa KAMAL,

"Respublika".