Qarabağ-Ordu-Xalq birliyinin möhtəşəm qələbəsi
Gündəm

Qarabağ-Ordu-Xalq birliyinin möhtəşəm qələbəsi

Xankəndi stadionunda keçirilən Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu tarixdə əbədi qalacaq

"Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün... Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir".

Bu sözləri Prezident İlham Əliyev Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşdə deyib.

Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Belə ki, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə başçısı bu yüksək mükafatların Xankəndidə verilməsinin tam ədalətli olduğunu bildirib. İşğal olunmuş torpaqların böyük hissəsinin üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində azad edildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq. Tarixi oyunu izləmək üçün Bakıdan gedənlər arasında azarkeşlərlə yanaşı, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri də olub.

İşğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarında yenidənqurma işləri sürətlə həyata keçirilir. Uzun illər işğal altında olan bu doğma məkanımız müstəqil milli çempionatımıza həsrət qalıb. Məhz indi tarixi günü yaşamaq imkanı var. Xankəndi şəhər stadionuna baxış keçirilib, təmir-bərpa işlərinə start verilib. İdman qurğusu oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.  Belə ki, tribunalarda yeni oturacaqlar quraşdırılıb. Bundan başqa, stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunub. Eyni zamanda stadionda tribunanın üzərinə Xankəndi sözləri də yazılıb. Ağdamın "Qarabağ" komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə bu stadionda keçirib. Oyunda "Qarabağ"ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən ordunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası - Mərkəzi Ordu İdman Klubu olub.

Bu qarşılaşma 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilmiş hissəsində ilk rəsmi oyun olaraq tarixə düşüb. Dörd il bundan əvvəl bu stadionda bəziləri "Qarabağ Ermənistandır və nöqtə" demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır. Oyun öncəsi çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Futbol Meydançasının mərkəzində hər iki komandanın üzvləri ilə görüşüb və daha sonra oyunun rəmzi açılışını edib. Belə ki, ölkə başçısı meydançanın mərkəzinə qoyulmuş topa ilk zərbəni vuraraq oyunu başladıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılaşmanı şəhid övladları ilə birgə izləyiblər.

Onu da qeyd edək ki, son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında "Qarabağ"la "Turan" (Tovuz) arasında Ağdamın "İmarət" stadionunda keçirilmişdi. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən "Qarabağ" rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib. 2009 və 2010-cu illərdə isə "Qarabağ" Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın işğala məruz qalmayan Quzanlı qəsəbəsində də keçirib. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşasına başlanılacaq.

Oyundan sonra mətbuat konfransında hər kəsi təbrik edən "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov həddindən artıq həyəcanlı olduğunu, neçə illərdir hamının həsrətlə bu günü gözlədiyini ifadə edib: "İnanmırdıq ki, ilk oyunumuzu Xankəndidə keçirəcəyik. Ali Baş Komandanımız, qəhrəman əsgərlərimiz sayəsində buradayıq. Oyuna gəldikdə isə, mübarizə aparmaq çətin idi. Çünki hər kəs Xankəndi, Şuşa haqqında danışırdı, düşünürdü".

Dövlətimizin başçısının vurğuladığı kimi, oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Bugünkü oyunda "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Mustafa KAMAL,

"Respublika".