Qarabağ bölgəsi seçkilərə hazırdır
Siyasət

Qarabağ bölgəsi seçkilərə hazırdır

Milli Məclisə növbədənkənar seçkilərə sayılı günlər qalıb. Dairə və məntəqə seçki komissiyalarında siyasi kampaniyaya ciddi hazırlıq görülür, seçici siyahıları dəqiqləşdirilir. Seçkinin şəffaf, demokratik keçirilməsi üçün məntəqələrdə lazımi şərait yaradılıb. Milli Məclisə seçkilərə hazırlıq məqsədilə Qarabağ bölgəsində də aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir.

Ağcabədi

Sentyabrın 1-də ölkəmizdə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün təşkil olunan treninqlər uğurla davam edir. 85 saylı Füzuli-Ağcabədi Dairə Seçki Komissiyasının sədri İbrahim Həsənov bildirir ki, treninqlər seçki dairəsi üzrə 366 aşağı seçki komissiyası üzvünü əhatə edir. Altı gün davam edəcək məşğələlər gün ərzində iki dəfə olmaqla, qruplar şəklində keçirilir. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan "Trenerlər üçün treninq" kursunda iştirak etmiş Bəyoğlan Tağıyev və Allahverdi Heydərov aparır. Treninq zamanı hər bir aşağı seçki komissiyası üzvünə həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə MSK-nın hazırladığı "Seçki günü üçün yaddaş" kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlər verilir. Aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər 86 saylı Ağcabədi seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Famil İsmayılovun bildirdiyinə görə, treninqlərə dairənin tərkibinə daxil olan 54 seçki məntəqəsindən 324 nəfər komissiya üzvü cəlb edilib. Kiçik qruplar şəklində gün ərzində iki dəfə keçirilən treninq zamanı seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması və sair mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır. 86 saylı seçki dairəsi üzrə treninqlər avqustun 16-da başa çatacaq.

Laçın

Sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 121 saylı Laçın seçki dairəsi üzrə 110 məntəqədə keçiriləcək. Laçın rayonundan olan seçicilər Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində, o cümlədən respublikanın müxtəlif şəhər və rayonlarında səs verəcəklər. Məntəqələrin altısı işğaldan azad edilmiş ərazilərdə yerləşir. Dairə üzrə 57 min 649 seçici qeydə alınıb ki, onlardan 766 nəfəri ilk dəfə seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1367 nəfəri 80-100 yaş aralığındadır. Bir seçicinin yaşı isə 100-dən yuxarıdır. 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün treninqlər davam edir. Dairə seçki komissiyasının sədri Hüseyn Səfərov bildirdi ki, treninqlər Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunmuş təlim kurslarında iştirak etmiş təlimatçılar tərəfindən aparılır. On gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. İştirakçılara slaydların köməyi ilə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir. Treninq zamanı müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır. Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər təqdim olunur. 121 saylı seçki dairəsi üzrə treninqlər avqustun 22-də başa çatacaq.

Ağdam

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər Ağdam rayonunda da keçirilir. 118 saylı Ağdam-Xocalı və 119 saylı Ağdam seçki dairələrinin 118 məntəqəsi üzrə treninqlərdə ümumilikdə 846 aşağı seçki komissiya üzvü iştirak edir. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi treninqlərdə iştirak etmiş təlimatçılar tərəfindən aparılır. Treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər. Məşğələlər zamanı müxtəlif mövzular geniş müzakirə olunur və yaranan suallar cavablandırılır. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər təqdim edilir.

Füzuli

Füzuliyə, 30 ildən sonra doğma yurda qayıdan insanların ürək sözləri, sonsuz sevinci, keçirdikləri qürur və iftixar hissi bütün keçmiş məcburi köçkünlərin könlündən keçən ən dəyərli və qiymətli fikirləri ifadə edir. Onlar deyirlər ki, bu gün çox qürurluyuq, sevinirik, taleyimizin ən xoşbəxt günüdür. Qarşımızda yeni həyat başlayır, çox həyəcanlıyıq. Doğma yurd yerlərinə qayıdış xoşbəxtliyini bizə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Hazırda bir çox iri infrastruktur layihələr Füzulidə uğurla icra edilir. Fərəhli haldır ki, Füzuli şəhərindəki birinci yaşayış məhəlləsinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Rayonda 78 seçki məntəqəsi təşkil edilib. Seçki məntəqələrindən 4-ü işğaldan azad olunan Füzuli şəhərində yerləşir ki, onlardan da 1-i yeni yaradılıb. Dairə üzrə ümumilikdə 54 min 246 seçici qeydə alınıb, səsvermədə ilk dəfə iştirak edənlərin sayı 583 nəfərdir. İşğaldan azad olunan Füzuli şəhərindəki 4 seçki məntəqəsində isə 3853 nəfər seçici qeydə alınıb. 84 saylı Füzuli seçki dairəsinin dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Avqustun 19-na kimi dairə üzrə ümumilikdə 13 treninq keçiriləcək. Treninqlər dairənin tərkibinə daxil olan 78 seçki məntəqəsindən sədr, katib və komissiya üzvlərinin iştirakı ilə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış xüsusi proqram əsasında aparılır. Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər təqdim olunur.

Salman ALIOĞLU,

"Respublika".