Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin Baş Assambleyasının iclasındakı çıxışı zamanı dediyi bu sözlər Qarabağ məsələsində həqiqəti görmək istəməyənlər üçün aydın səmada şimşək kimi çaxdı. Dünyanın ən nüfuzlu mətbu orqanları Ərdoğanın bu tarixi sözlərinə geniş yer ayırdı və Türkiyə Prezidentinin BMT Təhlükəsizlik Şurasını islahatlara çağırdığını, Qarabağ məsələsində haqqın tərəfində olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi.
Bir sıra mürtəce mövqeli qəzetlər irəli gedərək Türkiyə Prezidentinin bu fikirlərini heç bir obyektiv mənbəyə əsaslanmayan və qəbuledilməz iddialar olduğunu həyasızcasına dünyaya sırımaq mövqeyi nümayiş etdirdilər. Türkiyənin müttəfiqi Azərbaycanın yanında olduğunu heç bir sübut və dəlilə cavab verə bilməyəcək iddia kimi qarşıladılar.
Qaragüruhçu mətbuatdan fərqli olaraq, sağlamdüşüncəli jurnalistlər Türkiyənin bəyanatlarında sona qədər Azərbaycana haqq verdiyini vurğuladılar və ədalətin zəfər səsi kimi qiymətləndirdilər.
BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında 145 ölkənin hökumət və dövlət başçılarının iştirak etdiyi, başlıca mövzusunun sülh, təhlükəsizlik, inkişaf, iqlim dəyişikliyi və sair aktual mövzular olduğu yığıncaqda Türkiyə Prezidenti diqqəti Cənubi Qafqazda sülh və əmin-amanlığın vacibliyinə yönəltdi və bu tarixi fürsətdən obyektivliklə faydalanmağı tövsiyə etdi. Onun fikirləri əslində hazırkı dünya durumunu uzaqgörənliklə şərh edən, gələcək münaqişələrə qətiyyətlə son qoymaq niyyəti sərgiləyən müdrik, dünyagörüşlü, analitik təhlil qabiliyyətinə malik siyasətçinin dünyaya çağırışıdır.
Türkiyə Prezidenti iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə qətiyyətlə bəyan etmişdir ki, "Qarabağ Azərbaycan torpağıdır. Ona hər hansı başqa statusun "sırınması" heç bir nəticə verməyəcək". Türkiyə lideri Qarabağa münasibətində həmişə birmənalı, obyektiv mövqe nümayiş etdirmiş və qətiyyətlə tarixi mənbələrə istinad edərək demişdir ki, Qarabağ digər millətlər kimi, ermənilərin də yaşadığı qədim Azərbaycan torpağıdır.
Həmişə haqqın, ədalətin müdafiəçisi kimi beynəlxalq missiyanı üzərinə götürən Türkiyə Prezidenti İrəvan ilə Bakı arasında danışıq prosesini müdafiə etmiş və təəssüflə Ermənistanın bu həyati əhəmiyyətli məsələdə loyal mövqe tutduğunu vurğulamışdır.
Heç təsadüfi deyildir ki, Rəcəb Tayyib Ərdoğanın BMT-nin Baş Assambleyasının iclasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çatışmazlıqlarına toxunaraq "Dünya beşdən böyükdür" ifadəsi əslində dünyəvi məsələlərə daha qlobal yanaşmanın, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlətin yanında olmanın həyati əhəmiyyətli məsələ olduğunu bir daha diqqətə çatdırmışdır.
Türkiyə lideri keçmiş Qarabağ məsələsinin ilk günlərindən Azərbaycanın haqq işini dəstəklədiklərini bildirmiş, Qarabağda qazanılmış tarixi zəfərdən sonra da dünyanın siyasət meydanında Azərbaycanın yanında olacaqlarını qətiyyətlə bəyan etmişdir.
Vaqif TANRIVERDİYEV,
"Respublika".