Qan verək, həyat xilas edək
Sosial həyat

Qan verək, həyat xilas edək

Dünya üzrə 14 iyun tarixi Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir. Bu günün qeyd olunması haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ilin may ayında keçirilən Assambleyasının 58-ci sessiyasında dünya ölkələrinin səhiyyə nazirlərinin birgə, könüllü, təmənnasız qan donorluğunun inkişafına və dəstək olunmasına dair qətnamə qəbul edilib. Bu qətnamədə hər il 14 iyun tarixində (Qan qruplarını kəşf edən avstriyalı alim Karl Lanşteynerin 14 iyun 1868-ci ildə anadan olma gününə təsadüf edilir) Ümumdünya Qan Donoru Gününün qeyd olunması qərara alınıb. 2005-ci ildən başlayaraq, hər il bu günün qeyd olunmasında əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, donorluğa yeni insanların cəlb edilməsidir.

ÜST bildirir ki, ən təhlükəsiz qanın mənbəyi daimi, könüllü və təmənnasız donorluqdur. Bu gün bir çox inkişaf etmiş ölkələrdə belə ehtiyat qanın toplanması tələbata cavab vermir. Ən az qanvermə Afrika ölkələrinin payına düşür. Hər il dünyada 108 milyon doza qan toplanır. Bunun təqribən 50 faizi əhalinin yüksək səviyyədə yaşadığı ölkələrdə yığılır. Bu ölkələrdə orta qanvermə inkişaf etməkdə olan ölkələrlə müqayisədə 13 dəfə çoxdur.

Qan donorluğu bir şəxsin öz qanını qanköçürmə və ya biofarmasevtik preparatların hazırlanması üçün könüllü olaraq verməsidir. Donorlar həm vahid qanı, həm də aferez prosesi sayəsində birbaşa qanın müxtəlif komponentlərini bağışlaya bilərlər. İkinci Dünya müharibəsi zamanı yeni yaranan çoxsaylı qan bankları sayəsində xilas edilən minlərlə əsgər qan donorluğunun vacibliyini sübut edir. Lakin hələ də cəmiyyətdə qan donorluğu ilə bağlı müəyyən suallar və şübhələr var. Çox insan fikirləşir ki, qan donoru olmaq orqanizmə mənfi təsir edir, lakin əslində belə deyil. Tədqiqatlar sübut edir ki, 400-450 ml qan vermək insanın səhhətinə və əmək qabiliyyətinə müsbət təsir göstərir. Mütəmadi olaraq qan verən donorlarda şəkərli diabet, yüksək xolesterin, yüksək təzyiq, qaraciyər, ürək-damar və xərçəng xəstəliklərinin riski az olur. Həmçinin qanvermə yeni hüceyrələrin əmələ gəlməsini stimullaşdırır və daha yaxşı psixi sağlamlığa səbəb olur. Hər qanvermədə donorların pulsuz tibbi müayinə keçdiyini də vurğulamaq lazımdır.

Hazırda ölkəmizdə qan donorluğuna xüsusi diqqət göstərilir. Ölkə ictimaiyyətinin diqqətini bir daha bu sahəyə yönəltməklə qanvermənin faydalarının daha geniş auditoriyaya çatdırılması məqsədilə 2014-cü il iyunun 14-də Azərbaycan Gənc Qan Donorlarının I Forumu, 2015-ci il iyunun 6-da isə II forumu keçirilib. Təşkil olunan bu forumlar qan donorluğuna dövlətin və cəmiyyətin önəm verdiyini göstərir.

2019-cu ildə "Kapital Bank"ın könüllü əməkdaşlarının təşəbbüsü ilə "Qırmızı ürəklər" fondu yaradılıb. Bu təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım edir.

"Qırmızı ürəklər" (Red Hearts) Fondunun, Qan Donorları Assosiasiyasının, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Mərkəzi Qan Bankının birgə tərəfdaşlığı ilə 2022-ci il iyunun 6-da Gənc Qan Donorlarının III Ümumrespublika Forumu, 2024-cü il iyunun 12-də IV Ümumrespublika Forumunun keçirilməsi sayəsində ölkədə qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası istiqamətində cəmiyyət daha çox maariflənib.

Qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas edir. Qanı heç bir dərman vasitələri ilə əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar. Hər bir sağlam şəxs qan verərək həyat xilas etməklə yanaşı, insanlığın, mənəviyyatın ali zirvəsinə ucalır.

Bayram SALMANOV,

"Respublika".