Onların qayğıya və diqqətə ehtiyacı var
Sosial həyat

Onların qayğıya və diqqətə ehtiyacı var

Bu gün inkişaf etmiş ölkələr də daxil olmaqla bütün dünyada müdafiəyə ehtiyacı olan uşaqların sayı artır. Təbii ki, sosial qayğıya ən çox ehtiyacı olan kimsəsiz uşaqlara diqqət göstərilməsi hər bir dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətidir. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirir və deyirdi ki, gələcəyimiz olan uşaqları necə tərbiyə edib böyüdəcəyiksə, ölkəmizin, millətimizin gələcəyi də bundan asılı olacaq. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasının müddəalarını özündə əks etdirən "Uşaq Hüquqları haqqında" Qanun qəbul edilib.

Azərbaycanda kimsəsiz uşaqlara qayğı dövlət siyasətinin əsas tərkib hissəsidir. Dinamik inkişaf yolu tutan, yeniləşən Azərbaycanda ata-ana himayəsindən məhrum olan uşaqlara qayğıyla yanaşmaq, onların sıxıntı keçirməmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı xətt təşkil edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı "proqramı xüsusi aktuallıq kəsb edir. Layihəni həyata keçirməkdə fondun məqsədi həm də cəmiyyətin diqqətini uşaq evlərinə, internat məktəblərinə yönəltməkdir. 2004-cü ildən həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı üzrə bir sıra layihələr reallaşdırılıb. 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub. 2009-cu ildə Fondun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı qızlar üçün Bakının Nizami rayonunda inşa edilmiş 50 mənzillik yaşayış binası istifadəyə verilib. Binadakı mənzillər zəruri məişət avadanlığı ilə təmin olunub. Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşlər keçirir, onların təlim-tərbiyəsi ilə maraqlanır, asudə vaxtlarının səmərəli təşkili üçün təşkil olunan müxtəlif tədbirlər və proqramlarda onlarla birgə iştirak edir.

Uşaq evlərinə Azərbaycan Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na uyğun ictimai nəzarət həyata keçirilir. Bundan əlavə, ölkəmiz uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin Uşaq Fondu - UNICEF-lə sıx əməkdaşlıq edir. Qurum Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Fondun əsas məqsədi uşaq hüquqlarının müdafiəsinə fəal dəstək vermək, uşaqların ehtiyaclarının təmin olunmasına kömək göstərmək və onların öz potensiallarını tam şəkildə reallaşdıra bilmələri üçün imkanlarını genişləndirməkdir. UNICEF müharibədən, fəlakətlərdən, ifrat yoxsulluqdan, zorakılıq və istismarın istənilən formasından əziyyət çəkən və əlilliyi olan uşaqların xüsusi müdafiəsini təmin etmək öhdəliyini yerinə yetirir.

2013-cü ildə "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2018-ci ildə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur. Bundan əlavə, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" təsdiq edilmişdir. Uşaq hüquqlarının müdafiəsinə, onların düzgün formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilmiş və icra olunması məqsədilə tədbirlər planı müəyyənləşdirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmalarına, uşaq qayğı sisteminin inkişafı istiqamətində tədbirlərin ildən-ilə güclənməsinə imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdə böyüyən, uşaqlara, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial ödənişlər edilir. Eləcə də əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlər, valideyn himayəsindən məhrum uşaqların qəyyumları, övladlığa və himayəyə uşaq götürənlər aylıq sosial ödənişlə təmin olunurlar. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir.

Bu sosial ödənişlər ümumilikdə 600 mindən çox şəxsi əhatə edir və mütəmadi olaraq artırılır. Xüsusilə son beş ildə ölkədə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım olub.

Uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının diqqət və qayğı ilə əhatə olunması aparılan siyasətin əsas istiqamətlərindən biridir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həmin məzunlar üçün Abşeron rayonunda çoxmənzilli yaşayış binaları tikilərək istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin "Məzun evi" kimi fəaliyyət göstərən bu binalarında 365 məzun mənzillə təmin olunub. Burada onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir. Bu kateqoriyadan olan gənclərin mənzillə təminatı ardıcıl xarakter alıb. Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri həyata keçirilir. Son illərdə bu kateqoriyadan olan şəxslərə 650-dən çox mənzil təqdim edilib və bu tədbirlər davam etdirilir. Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrində xüsusi qayğıya ehtiyacı olan şəxslərə həm stasionar, həm də yarımstasionar formada sosial xidmətlər göstərilir. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Bu müəssisələrdə 5-18 yaşlı təhsilə cəlb olunmayan uşaqlara sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyaları təşkil edilir. Bu ilin ötən dövründə əlilliyi olan və digər həssas qruplardan olan 6,2 min uşaq Agentlik tərəfindən səyyar, stasionar və yarımstasionar formada reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib.

Sosial xidmət müəssisələrinin və uşaq evlərinin sakinlərinin sosial müdafiəsi, onların dövlət qayğısı ilə əhatə olunması və cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq tədbirlər görülür, mühüm sosial proqramlar icra olunur.

Sosial Xidmətlər Agentliyinin 6 uşaq evi, eləcə də 2 ailə tipli kiçik qrup evlərində ümumilikdə 468 uşağa dövlət tərəfindən müxtəlif sosial xidmətlər göstərilir.

Bununla yanaşı, Agentliyin müvafiq müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsi də fəaliyyət göstərir. Uşaqlar şöbəyə qəbul olunduqdan sonra sosial işçi tərəfindən ilkin qiymətləndirmə aparılır, fərdi qayğı planı hazırlanır və sosial reabilitasiya prosesinə cəlb edilirlər.

Bu ilin ötən dövründə 27 uşaq müvafiq xidmətlərdən yararlanıb. Agentliyin müvafiq müəssisəsində fəaliyyət göstərən məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində isə hazırda 15 nəfərə xidmət göstərilir ki, onlardan 8 nəfəri uşaqlardır.

2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələblərə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının təşkili və s. üçün tədbirlər görülür. Bundan əlavə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində davamlı iş aparılır. Mütəmadi təşkil edilən inklüziv tədbirlər, festivallar, konsert və sərgilər vasitəsilə həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyasına dəstək göstərilir.

Jalə QƏHRƏMANOVA,

"Respublika".