Məqamında sinəsini Ana Vətənimizə sipər edib məkrli düşmənin qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Valeh Əlizaid oğlu Müslümovun 56 yaşı tamam oldu. Bu münasibətlə dağlar diyarı Lerikdə anım tədbiri keçirildi.
Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhid ailə üzvləri ölməz Vətən sevdalısı Valeh Müslümovun məzarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri düzdülər.
Şəhidin ailə üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.
1968-ci ildə Lerik şəhərində dünyaya göz açan Valeh Müslümov səkkizinci sinfi bitirib Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib. Bir müddət dinc əməkdən yapışıb. Halal zəhmətə bağlılığı, doğma Azərbaycan naminə çalışmaq həvəsi ona hörmət qazandırıb. 1986-cı ildə hərbi xidmətə çağırılıb. 1988-ci ildə hərbi qulluqdan tərxis olunub və Sumqayıta qayıdıb. Qarabağın erməni quldurları tərəfindən işğalına dözə bilməyib, 1991-ci ilin avqust ayından Daxili İşlər Nazirliyin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Şuşa, Xocalı, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarına qatılıb, mərdliklə vuruşub.
1992-ci ilin aprel ayının 10-u Marağa (Marquşevan) kəndində ağır döyüş başlanıb. Erməni yaraqlıları xeyli texnika və canlı qüvvə ilə buraya hücuma keçib. Valeh öz dəstəsi ilə ilk olaraq döyüşə girib. O həm düşmənlə vuruşub, həm də yaralı dostlarını döyüş meydanından çıxardıb. Bu qeyri-bərabər döyüşdə Valeh yaralanıb. Bu vəziyyətdə 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas etsə də özünü yağı gülləsindən qoruya bilməyib. Vətən eşqli ürəyi əbədi olaraq dayanıb.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə Valeh Müslümov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Onun şərəfinə Lerik şəhərində küçə vardır. Təhsil aldığı Lerik şəhər 2 saylı orta məktəb də Valehin adını daşıyır.
Zəfər ORUCOĞLU.