Son illərdə Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artması ilə ölkəyə qarşı hücumların intensivləşməsi diqqət çəkir. Xüsusilə Azərbaycan qlobal miqyasda tədbirlərə evsahibliyi etdikdə, məsələn, COP29 kimi beynəlxalq iqlim sammitləri ərəfəsində bu hücumlar daha da kəskinləşir. Bir sıra beynəlxalq təşkilatlar, xüsusilə "Freedom House" və "Human Rights Watch" Azərbaycana qarşı mənfi təbliğat aparan qurumlar arasında ön plandadır. Onların Ermənistanla və erməni lobbisi ilə sıx əlaqələrinin olduğu iddiaları bu tənqidləri diqqət mərkəzinə gətirir.
Bu təşkilatlar obyektivlik nümayiş etdirdiklərini iddia etsələr də son illərdə ermənipərəst mövqeləri daha aydın şəkildə ortaya çıxıb. Bu, xüsusilə həmin təşkilatlarda çalışan erməni mənşəli şəxslərin Azərbaycana yönəlik fəaliyyətlərində açıq şəkildə hiss olunur. Məsələn, "Freedom House" və "Human Rights Watch" özlərini "insan hüquqları müdafiəçiləri" kimi təqdim etsələr də, Ermənistanın maraqlarına üstünlük verərək Azərbaycana qarşı sərt ittihamlar səsləndirirlər.
Son hadisələr bu iddiaların əsassız ol
madığını göstərir. Məsələn, erməni millətçisi Şeyla Paylan tərəfindən "Newsweek"də yayımlanan məqalə "Freedom House"un dəstəyi ilə Azərbaycanın beynəlxalq imicinə və uğurlarına qarşı böhtan dolu hücumlara nümunədir. Bu cür fəaliyyətlər Azərbaycanın beynəlxalq hüquq və ədalət sahəsindəki mövqeyini hədəfə alır. Paylanın BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsində (UNODC) işləməsi, bu cür mötəbər qurumda çalışan şəxslərin Azərbaycanın suverenliyinə və beynəlxalq hüquqlarına qarşı təxribatlar aparması ciddi narahatlıq doğurur.
Azərbaycan bu ədalətsiz hücumları qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti bu məsələyə müdaxilə etməyə çağırır. Xüsusilə Paylanın çalışdığı UNODC kimi təşkilatlar bu vəziyyətə qarşı tədbirlər görməlidir. Azərbaycanın mövqeyi yalnız milli maraqların müdafiəsi deyil, həm də beynəlxalq hüquq və ədalətin qorunması üçün əhəmiyyətlidir. Bu hadisələr göstərir ki, erməni lobbisi və ona yaxın təşkilatlar Azərbaycana təzyiq göstərmək məqsədilə insan hüquqları və digər beynəlxalq məsələlərdən bir vasitə kimi istifadə edirlər. "İnsan hüquqları" adı altında aparılan belə kampaniyalar əslində siyasi motivlərə söykənir. Azərbaycan isə bu kimi ədalətsiz hücumlara qarşı öz haqq işini davam edir və beynəlxalq səviyyədə mövqeyini gücləndirmək üçün səylərini artırır. Bəzi qərəzli medialar İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycana qarşı riyakar mövqe tutdular. Bu qərəzli yanaşmalar xüsusən Ermənistanın dəstəklədiyi və erməni lobbisi ilə sıx əlaqələri olan medialar tərəfindən güclü şəkildə hiss olunurdu. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə baxmayaraq, bəzi qərəzli media qurumları Ermənistanın ərazi iddialarını müdafiə edərək Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təqdim etməkdən çəkinmirdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874, 884) baxmayaraq, bu faktlar bir çox media qurumları tərəfindən diqqətdən kənarda saxlanırdı. Bunun əvəzinə, keçmiş "Dağlıq Qarabağ" məsələsi etnik qarşıdurma kimi təsvir edilir və Azərbaycanın suverenlik hüququ qəsdən nəzərə alınmırdı.
Bəzi media orqanları müharibə zamanı Ermənistanın hərbi birləşmələrini və Qarabağdakı erməni qüvvələrini "sülhsevər" və "özünü müdafiə edən" tərəf kimi göstərməyə çalışırdı. Halbuki faktlar bunun əksini göstərirdi. Ermənistan tərəfindən 1990-cı illərdən etibarən işğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən etnik təmizləmə və mülki əhaliyə qarşı törədilən cinayətlər barədə az məlumat verilir və ya bu mövzular qəsdən gözardı edilirdi. Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərləri Ermənistanın raket hücumlarına məruz qaldığı halda, bəzi beynəlxalq media qurumları bu hücumları Ermənistan tərəfinin iddialarını əsas gətirərək təqdim edirdi. Xüsusilə Ermənistanın Gəncə və Bərdədə mülki əhaliyə qarşı törətdiyi raket hücumları geniş ictimaiyyətə düzgün çatdırılmırdı. Bu hücumlar nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, çoxlu sayda mülki şəxs həlak oldu, amma bəzi media orqanları bu hadisələri ya səthi formada, ya da Ermənistanı bəraət qazandıracaq şəkildə işıqlandırırdı.
Müharibə zamanı Ermənistan tərəfi və ona dəstək verən bəzi xarici media qurumları Azərbaycanın döyüş meydanındakı qələbələrini təhrif edən və ölkənin əleyhinə dezinformasiya yaymağa çalışırdılar. Məsələn, Azərbaycanı mülki şəxslərə qarşı hücumlarda ittiham edən saxta xəbərlər dövriyyəyə buraxılırdı. Halbuki Azərbaycan ordusu yalnız beynəlxalq humanitar hüququn tələblərinə riayət edərək hərbi hədəflərə zərbələr endirirdi. Qeyd etmək lazımdır ki, müharibə zamanı "Freedom House", "Amnesty International" və "Human Rights Watch" kimi təşkilatlar da Azərbaycanın haqq işinə qarşı qərəzli mövqe sərgiləyirdilər. Bu təşkilatlar Ermənistanın hərbi cinayətlərini qınamaq əvəzinə, diqqəti Azərbaycana yönəltməyə çalışırdılar. Məsələn, Ermənistanın fosfor silahlarından istifadəsi ilə bağlı faktlar gözardı edilirdi.
İkinci Qarabağ müharibəsindən sonra da bəzi qərəzli media qurumları müharibədən sonrakı prosesləri təhrif etdilər. Məsələn, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə minalanmış torpaqlarla bağlı məlumatlar gizlədildi və ya Ermənistanın törətdiyi dağıntıların miqyası düzgün təqdim edilmədi. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ ərazisində keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı və ondan sonra bəzi qərəzli media qurumlarının Azərbaycanın haqq işini qaralamaq cəhdləri xüsusilə diqqət çəkdi. Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa əsaslanaraq bölgədə qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsinə yönəldilmişdi. Bu tədbirlərin məqsədi bölgədə sülh və sabitliyi bərqərar etmək idi. Lakin bəzi qərəzli media orqanları bu tədbirləri "hücum" və ya "işğal" kimi təqdim etməyə çalışırdı. Bu yanaşma Azərbaycanın qanuni hüquqlarını və ərazi bütövlüyünü qəsdən görməzdən gəlirdi.
Antiterror tədbirləri zamanı bəzi media qurumları Ermənistanın iddialarına əsaslanaraq Azərbaycanın guya mülki əhaliyə qarşı genişmiqyaslı hücumlar həyata keçirdiyini bildirirdilər. Halbuki Azərbaycan ordusu əməliyyatları dəqiq hədəflər əsasında həyata keçirərək mülki şəxslərə qarşı zərbə endirməmək üçün xüsusi ehtiyatla hərəkət etmişdi. Əslində Azərbaycanın əsas məqsədi mülki əhaliyə ziyan vurmadan terror təhlükəsini aradan qaldırmaq idi. Bəzi media qurumları qanunsuz erməni rejimini "sülhsevər" və "müstəqil" kimi təqdim etməyə çalışdılar. Halbuki bu rejim Ermənistanın dəstəklədiyi separatçılardan ibarət idi və Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərirdi. Qərəzli media bu rejimin törətdiyi təxribatları və təcavüzkar fəaliyyətləri işıqlandırmaq əvəzinə, Azərbaycanı sülh prosesinə mane olmaqda ittiham edirdi. Belə təhriflər nəticəsində ölkəmizin bölgədə hüquqi və siyasi suverenliyini bərqərar etmək səyləri yanlış olaraq "işğal" və ya "zorakılıq" kimi qələmə verilirdi. Qarabağ münaqişəsi bitdikdən sonra Ermənistan tərəfi Azərbaycanla sülh prosesinə mane olmaq üçün bölgədə təxribatlara davam edirdi. Qərəzli media isə Ermənistanın bu fəaliyyəti haqqında heç bir məlumat vermir, ya da onu haqlı göstərməyə çalışırdı. Halbuki bölgədə sabitliyin və sülhün bərqərar olması üçün Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan tədbirlər həyata keçirirdi.
4 ildən çoxdur ki, ölkəmizə qarşı qərəzli dairələr tərəfindən qeyri-rəsmi ideoloji müharibə elan edilib. Bəzi qüvvələr Azərbaycanın haqq işinə kölgə salmaq cəhdləri güdür. Sentyabrın 23-də Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı bu məsələyə toxunub: "Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir".
Azərbaycanın Qarabağ məsələsindəki mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. BMT və digər beynəlxalq qurumlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və Ermənistanın işğalını qanunsuz hesab edir. Bu hüquqi baza Azərbaycanın qərəzli dairələrin ideoloji təxribatlarına qarşı dayanıqlı müdafiə sistemini formalaşdırır, beynəlxalq ictimaiyyət qarşısında bu hüquqi arqumentlərlə çıxış etməsi mövqeyini gücləndirir. Ölkəmiz son illərdə informasiya müharibəsində böyük təcrübə qazanıb. Qərəzli medialar və erməni təbliğat maşını Azərbaycanın haqq işini təhrif etməyə çalışsa da, dövlətimiz və medianın müxtəlif nümayəndələri bu təxribatlara qarşı effektiv şəkildə mübarizə aparır. Azərbaycan sosial media platformaları vasitəsilə Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırır. Müasir kommunikasiya vasitələrindən istifadə edərək qərəzli məlumatların yayılmasının qarşısını almaq üçün daha geniş strategiyalar tətbiq olunur.
Azərbaycanın diplomatik korpusu son illərdə qərəzli təbliğatın qarşısını almaq üçün mühüm addımlar atır. Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı, regionda sülhün bərqərar edilməsi üçün atdığı addımlar və Ermənistanın təxribatçı fəaliyyətlərinin dünya ictimaiyyətinə çatdırılması diplomatik səviyyədə böyük rol oynayır. Azərbaycanın mövqeyini daha da gücləndirir. Azərbaycanın iqtisadi gücü, eləcə də müasir ordusu ölkənin ideoloji təxribatlara qarşı dayanıqlılığını artırır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycanın bu ərazilərdə tam nəzarətinin və ərazi bütövlüyünün təmin edilməsinə yönəlmiş addımları ölkənin güclü olduğunu göstərir.
Azərbaycan Ermənistanın ideoloji təxribatlarına qarşı humanitar və mədəni diplomatiyadan da uğurla istifadə edir. Azərbaycanın tarixinin, mədəni irsinin və humanitar dəyərlərinin beynəlxalq səviyyədə təbliği, ölkənin dünyadakı nüfuzunu artırır. Bununla yanaşı, Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa tam riayət edir və Qarabağdakı erməni əhalisinin hüquqlarını qorumaq üçün addımlar atır. Bu, ölkənin sülhsevər imicini gücləndirir və qərəzli iddiaları puça çıxarır. Azərbaycan qərəzli dairələrin və erməni lobbisinin məqsədlərini açıq şəkildə ifşa edir. Ermənistanın beynəlxalq hüququ pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı, terrorçuluğa dəstək verdiyi və bölgədə sabitliyi pozmağa çalışdığı faktlar müntəzəm olaraq beynəlxalq ictimaiyyətə çatdırılır.
Tacir SADIQOV,
"Respublika".