Azərbaycan COP29 sammitinə hazırlıqlar davam etdirir. Ölkəmiz Ermənistana da dəvət göndərməklə regional sülh və əməkdaşlığa doğru mühüm addım atıb. Bu jest Azərbaycanın iqlim dəyişmələri ilə bağlı aktual problemlərin həllinə, həmçinin sülhə sadiqliyinin təcəssümüdür. Azərbaycanın Ermənistanı COP29-a dəvət etməsi ölkəmizin regionda sülh və tolerantlığın təşviqi istiqamətində səylərinin bir hissəsidir. Rəsmi İrəvanın sammitə dəvət edilməsi həm də mühüm siqnaldır. Azərbaycan regional sabitliyin və davamlı inkişafın bir-biri ilə əlaqəli olduğunu dəfələrlə bəyan edib.
Dünyada temperatur davamlı olaraq yüksəlir. Bu, təkcə insan sağlamlığına deyil, həm də su təchizatı və kənd təsərrüfatına mənfi təsir edir. İqlim dəyişmələri qasırğalar, daşqınlar və meşə yanğınları kimi ekstremal hava hadisələrinin intensivliyini artırır, insan tələfatına, həmçinin ciddi iqtisadi itkilərə səbəb olur. Qütb buzlaqlarının əriməsi dəniz səviyyəsinin qalxmasına gətirib çıxarır, sahilyanı icmaları və ekosistemləri təhdid edir. Atmosferdəki karbon qazının səviyyəsinin artması CO2-nin okeanlar tərəfindən udulmasına səbəb olur okean turşulaşır, dəniz ekosistemini pozur, buradakı canlıların həyatına təsir edir.
Belə mürəkkəb problemlərin həlli üçün COP tədbirləri mühüm əhəmiyyət kəsb edir. Çünki bu sammit ölkələrə iqlim dəyişmələri ilə bağlı əməkdaşlıq etmək, emissiyaların azaldılması hədəflərinə onların həllinə nail olmaq, həssas ölkələrə dəstək vermək imkanı yaradır. Azərbaycan COP29-a ciddi hazırlaşır, artıq COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb. COP29-un sosial şəbəkə hesabında bildirilib ki, ümumilikdə 10000-dən çox müsahibdən 7000 namizəd seçilib. Rəsmi sosial media hesabında COP29-un Fəaliyyət Gündəliyi Təşəbbüsləri də açıqlanıb. Bildirilib ki, fəaliyyət gündəliyi 14 təşəbbüsdən ibarətdir: "Bu 14 təşəbbüs paketi daha yaşıl dünya üçün həmrəylik içərisində güclü tərəfdaşlıqları, əməkdaşlıq səylərini təşviq, investisiyaları təmin edir, dövlət və özəl sektorları hərəkətə keçirir".
Bu istiqamətdə bir çox dövlətlərlə fəal əməkdaşlıq qurulur. Azərbaycan COP29-a dünyanın hər yerindən liderləri cəlb etmək məqsədilə müxtəlif dövlətlərlə dialoqu və əməkdaşlığı inkişaf etdirir. Bu yanaşma iqlim məsələləri üzrə konsensusun əldə edilməsi üçün çox vacibdir. Beynəlxalq liderlərlə bu fəal əməkdaşlıq iqlim dəyişmələri ilə mübarizədə məsuliyyətli və fəal oyunçu kimi Azərbaycanın mövqeyini gücləndirir.
Bu yaxınlarda Böyük Britaniyanın Kralı III Çarlz ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevi qəbul edib. Bu barədə COP28-in (BƏƏ) sosial şəbəkə hesabında bildirilib: "Bu gün Əlahəzrət Kral III Çarlz Klarens-hausda COP28-in prezidenti dr. Sultan Əl-Cabir, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toninin təmsil olunduğu COP Sədrlikləri Troykasını qəbul edib. COP Sədrlikləri Troykası COP-a ev sahibliyi edən dövlətlər arasında görünməmiş əməkdaşlıqdır, məqsədi dinamikanı qorumaq, davamlılığı təmin etmək və COP-lar arasında tərəqqi körpüsü yaratmaqdır".
COP29 bir çox ölkədən nümayəndələri bir araya gətirməklə beynəlxalq əməkdaşlıq üçün növbəti unikal platforma yaradacaq. Bu konfrans iqlim dəyişmələri ilə bağlı kollektiv məqsədlərin və çərçivələrin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən Kioto Protokolu və Paris Sazişi kimi beynəlxalq müqavilələrin yenilənməsinə kömək edir. COP konfransları qlobal istiləşməni azaltmaq kimi müxtəlif iqlim hədəfləri müəyyənləşdirir. Bu hədəflər istixana qazları emissiyalarının azaldılması, bərpaolunan enerjinin təşviqi və iqlimə davamlılığının artırılması üçün milli siyasət və strategiyaları irəli sürür. COP, həmçinin xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə dəstək üçün maliyyə və texniki resursların səfərbər edilməsində mühüm rol oynayır. Buraya iqlim dəyişmələrinin təsirlərinin azaldılması və uyğunlaşma layihələrinin maliyyələşdirilməsi, texnologiya transferi və potensialın yaradılması daxildir.
Bütövlükdə, Azərbaycanın fəaliyyəti sülh, diplomatiya və ekoloji dayanıqlılıq kimi bir çox sahəni əhatə edir. Ölkəmiz müasir dövrün ən aktual problemlərindən birinin həllində dialoq və fəaliyyət üçün zəmin hazırlayır.
Nurcan SÜLEYMANOVA,
"Respublika".