Olimpiya ruhuna xəyanət və yaxud
Siyasət

Olimpiya ruhuna xəyanət və yaxud "Qafqaz ölkəsi"nin Fransadan fərqli şərəfli tarixi

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının uğursuz açılış mərasimi aysberqin yalnız görünən tərəfi idi. Heç kimin danışmaq istəmədiyi digər bir məqam oyunlardan Rusiya idmançılarının xaric edilməsidir. Əslində Makron hökuməti tərəfindən belə bir qərarın verilməsi gözlənilən idi, amma istisnalar da etmək olardı.

Ən azından idmanı siyasətə qatmamaq üçün bu ideal variant idi. Rusiya idmançılarının olimpiadadan uzaqlaşdırılması Olimpiya tarixində yalnız bir dəfə, 1936-cı ildə Almaniyada təşkil olunan oyunlarda baş verib. Qərar isə Adolf Hitler tərəfindən qəbul edilib. Kollektiv Qərb Rusiyanı oyunlardan xaric edərək Olimpiya hərəkatının əsas prinsiplərinə birbaşa zidd addım atdı.

Sosial şəbəkə istifadəçiləri bu olimpiya oyunlarını, hətta "NATO və dostlarının oyunları" adlandırır, olimpiadanın simvolundan Rusiyanı təmsil edən halqanın çıxarılmasını təklif edirlər. Fransızsayağı olimpiadanın uğursuzluğu bununla da bitmir. Bərbad təhlükəsizlik sistemi, iflic olmuş nəqliyyat deyilənlərin yalnız bir hissəsidir. Parisdə xaos və gərginlik hökm sürür. Məsələn, bir neçə gün əvvəl İctimai Dəmiryolu Nəqliyyatı Şirkəti təxribat barədə xəbər verərək yüksək sürətli şəbəkədə yanma baş verdiyini və bəzi kabellərin kəsildiyini bildirib. Bu səbəbdən, ölkənin şimalı ilə şərqini birləşdirən və "La Manş" boğazının altından keçən "Eurostar" tuneli gün ərzində bağlı qalıb. Nəqliyyat şirkətinin prezidenti problemdən 800 mindən çox şəxsin əziyyət çəkdiyini deyir. Paris prokurorluğu işlə bağlı araşdırmaya başlayıb. Fransa prezidenti Emmanuel Makron Yelisey sarayına yaxın mətbuata verdiyi müsahibədə hadisə ilə bağlı ictimaiyyətə açıqlama verməyəcəyini bildirib. Problem yalnız dəmir yolu nəqliyyatında yaşanmayıb. İsveçrə ilə sərhəddə yerləşən Bazel Myus hava limanı günorta uçuşu öncəsi bomba partlayışı təhlükəsi səbəbindən boşaldılıb.

Problemlər yalnız təhlükəsizlik və nəqliyyat sistemi ilə bağlı olmayıb. Paris İdman Oyunlarının keçirilməsində də necə deyərlər, sinifdə qaldı. Olimpiada çərçivəsində planlaşdırılan triatlonçuların üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib. İdmançılar çaydan çıxdıqdan sonra uzun müddət qusublar. Suyun çirkliliyi bir yana, günahsız insanların da bir vaxtlar öldürülüb Sena çayına atıldığını nəzərə alsaq, təəccüblənmək lazım deyil. Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinə kifayət qədər zəmanət verilmədiyi üçün triatlon tədbirlərinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər. 1923-cü ildən üzmək qadağan olunan Sena çayı Olimpiya oyunları ərəfəsində üzgüçülər üçün dırnaqarası açıq elan olunmuşdu. Açılışı, hətta Parisin meri 65 yaşlı Ann İdalqo və Fransanın 46 yaşlı idman naziri Amil Kaster etmişdi. Çayın təmizlənməsi Fransanın vergi ödəyicilərinə təqribən 1,5 milyard avroya və 10 ilə başa gəlsə də, bu çayın insanlar üçün hələ də təhlükəli olduğu deyilirdi. Elə bu səbəbdəndir ki, Fransa prezidenti Emmanuel Makronun Sena çayında çoxdan vəd edilən üzməyə cəsarəti çatmadı.

Fransa olimpiadasına kölgə salan digər məqam isə dopinqlə bağlıdır. Sosial şəbəkələrdə yayılan məlumata görə, fransız idmançıların əksəriyyəti yarışa dopinq qəbul edərək çıxır. Təsadüfi deyil ki, hələ Olimpiya oyunlarından öncə Ümumdünya Antidopinq Agentliyi Fransa Antidopinq Agentliyini kifayət qədər sərt tədbirlər görmədiyi üçün tənqid etmiş, sanksiyalarla hədələmişdi. Agentlik Fransa tərəfini Dünya Antidopinq Məcəlləsinə və İdman Arbitraj Məhkəməsinin presedent hüququna açıq şəkildə uyğun gəlməyən qərarlar qəbul etməkdə ittiham etmişdi. Ümumdünya Antidopinq Agentliyi məsələ ilə bağlı, hətta fransız idmançıların müəyyən beynəlxalq yarışlardan və Olimpiya Oyunları kimi oxşar tədbirlərə ev sahibliyi etməkdən məhrum edilməsi ilə nəticələnə biləcək prosedurlara başlamaqla hədələmişdi.

Saymaqla bitmək bilməyən qalmaqallardan daha biri boks yarışında yaşanıb. Əslində, bioloji kişi olan və cinsini dəyişdirən trans idmançı, əlcəzairli İman Xelif boks üzrə qadınlar arasında turnirdə ilk rəqibini yarıcan edərək komaya salıb. İkinci rəqib olan italiyalı Angela Karini isə döyüşün 46-cı saniyəsində mübarizədən çəkildiyini bildirərək rəqibin əlini sıxmaqdan imtina edib. Bioloji olaraq kişi olan idmançının qadınlarla birlikdə mübarizə aparması biabırçılıq olmaqla yanaşı, həm də çox böyük haqsızlıqdır.

İdmanla siyasəti kobud şəkildə qarışdıran rəsmi Paris Olimpiada oyunlarına nasist kölgəsi saldı. Açılış mərasimində ölkəmizə qarşı sərgilənən riyakarlığın ardınca, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi Beynəlxalq Olimpiya Komitəsinə etiraz məktubu ünvanlayıb. Ölkəmizin haqlı müraciətini nəzərə alan BOK məsələ ilə bağlı Azərbaycandan üzr istəyib. AR XİN isə mövzuya münasibət bildirərək, baş verənlərin Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu, buna məqsədyönlü şəkildə yol verildiyi qənaətinə gəlib. Bu baxımdan, nazirlik Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq etməsini, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edib. Lakin görünür, Fransa prezidenti Emmanuel Makron planladığı çirkin oyundan geri çəkilmək niyyətində deyil. Dünyanın dörd bir tərəfində kəskin tənqid edilən oyunların açılış mərasimi, cinsi orientasiya fonunda xristianlığın təhqir olunması və anti-Azərbaycan yanaşması Makron tərəfindən siyasi mövqe olaraq qələmə verilib.

İllər keçsə də Fransanın ev sahibliyi etdiyi oyunların açılış mərasimində Azərbaycana qarşı sərgilədiyi çirkin kampaniya unudulmayacaq. Atılan bu təxribatçı addıma isə cavab olaraq qeyd etmək lazımdır ki, Fransanın vurğuladığı "Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası" dünya tarixinin əsas səhifələrində yer alıb. Səfəvi dövləti, Şah İsmayıl, Şah Abbas kimi hökmdarlar yetişdirib. Azərbaycan ötən əsrdə dünyanın supergücü olan keçmiş SSRİ-yə qarşı mübarizə aparıb. Ölkəmizi tənqid edən Fransa hökuməti isə İkinci Dünya müharibəsi dövründə almanlardan xilas olmaq üçün "döymədiyi qapı" qalmamışdı. 4 il ərzində (1940-1944) Vişi hökuməti altında varlığını qorumağa çalışan fransızlar sadəcə almanlar məğlub olduqdan sonra yenidən gün üzünə çıxmağa başlamışlar. Açılış mərasimində "Fr2" kanalının aparıcısı Ermənistanı təqdim edərkən işlətdiyi "ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir" ifadələri onların işğalçı mövqeyini göstərir.

Tacir SADIQOV,

"Respublika".