Növbəti əhəmiyyətli missiya
COP29

Növbəti əhəmiyyətli missiya

Hazırda bütün dünya iqlim dəyişmələri ilə mübarizədə əhəmiyyətli addımlar atır. Davamlı gələcəyi təmin etmək məqsədilə hər il fərqli şəhərlərdə baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyasının bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Bu cür mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın məsuliyyətini daha da artırır.

Dövlətimiz bu konfransa ciddi şəkildə hazırlaşır, COP29-u sadəcə tədbir kimi deyil, həm də davamlı inkişaf məqsədlərinə çatmaq üçün bir fürsət olaraq qiymətləndirir. Enerji siyasətində qazanılan müvəffəqiyyətlər, bərpaolunan enerji resurslarına qoyulan sərmayələr və iqlim dəyişmələri ilə mübarizə ölkəmizin, Azərbaycanın davamlı gələcək üçün atdığı addımların təzahürüdür. Ümumiyyətlə, Azərbaycan yalnız Cənubi Qafqaz regionunda deyil, bütün dünyada əhəmiyyətli dövlət statusuna yüksəlib. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən iri transmilli layihələrin nəticəsində ölkəmiz Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilib. Şərqlə Qərbi birləşdirən orta marşrutun və Şimal-Cənub Nəqliyyat Dəhlizinin fəaliyyətə başlaması, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

Bu günədək Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlərin siyasi əhəmiyyəti böyükdür. Dövlətimiz bu tədbirlər vasitəsilə tarixi həqiqətləri bütün dünyaya təqdim etməklə Qərbin ikili standartları müstəvisində haqlı olduğumuz halda bizi haqsız kimi görənlərə cavab verdi. Bu il baş tutacaq COP29 da Yer kürəsində baş verən iqlim dəyişmələri məsələlərini müzakirə etmək və bu mövzuda danışıqlar aparmaq məqsədilə dünya liderlərini, hökumət nümayəndələrini, alimləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri bir araya gətirən, BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq tədbirdir. Sözügedən konfrans iştirakçı sayı və miqyası baxımından Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi ən iri tədbir olacaq. Bakı iki həftə ərzində dünyanın diqqət mərkəzinə çevriləcək və şəhər təxminən 70-80 min xarici qonaq qəbul edəcək. Xatırladaq ki, 2015-ci ilin sonlarında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul edildi və bu sənədi 171 ölkənin hökumətləri imzaladı. Azərbaycan, sözügedən sənədə 2016-cı ilin aprelində qoşuldu. COP tədbirlərinin əsas məqsədi Paris Sazişinin tələblərinə uyğun olaraq karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrlə müqayisədə, yəni 1,5 dərəcə ilə məhdudlaşdırmaqdır. COP29-da iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə çatmaq üçün keçirilən tarixi görüş kimi qiymətləndirilir. Tədbirin Azərbaycanda təşkil edilməsi ilk növbədə, BMT tərəfindən dövlətimizin iqlim məsələsində götürdüyü öhdəlikləri uğurla yerinə yetirməsinin təsdiqidir. COP29-un Azərbaycanda keçirilməsi təklifi COP28-də qəbul edilmiş qərarla təsdiq edildiyi kimi, eyni zamanda ötən dövrdə təşkil edilmiş çoxsaylı beynəlxalq tədbirlərdə və ölkəmizə səfər edən yüksək səviyyəli qonaqlar tərəfindən dəstəklənir. Qərarın qəbul edilməsi ilə əlaqədar mövcud prosedurlara baxdıqda isə BMT-nin Şərqi Avropa qrupunun üzvü olan 23 ölkənin COP29-la bağlı verdiyi qərarın, hazırda ali qurumun digər iqlim konfransları tərəfindən də təsdiqləndiyi görünür. COP29 Azərbaycanın bu sahədəki imkanlarını dünya miqyasında bir daha nümayiş etdirəcək. Biz bu konfransa sədrlik etməyi yalnız özümüzü təqdim etmək və ölkəni tanıtmaq imkanı olaraq deyil, həm də qlobal səviyyədə ən təcili məsələlərin həllinə töhfə vermək fürsəti kimi görürük. Bu tədbir Cənubi Qafqaz ölkələri arasında ən azı məsləhətləşmələr aparmaq və gələcək əməkdaşlıq üçün yeni imkanlar açmaq üçün bir şans yaradacaq.

COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin dünyanın prioriteti halına gəlmiş "yaşıl keçid" prosesində fəal iştirakçılardan biri kimi tanınması ilə əlaqədardır. Məlum olduğu kimi, ölkəmizin alternativ və bərpaolunan enerji potensialı çox yüksəkdir. Son illərdə bu potensialın artırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirilir. Azərbaycanda "yaşıl enerji" istehsalı ilə bağlı görülən tədbirlər həm miqyasına, həm də həcminə görə böyük hədəflərin əldə olunmasına yönəldilib. Əslində ölkəmizin "yaşıl" gündəliyi COP29-a ev sahibliyi qərarından əvvəl qəbul edilmişdi. Bunun nəticəsi olaraq 2023-cü ilin oktyabrında ölkəmizdə 230 meqavat gücündə ilk günəş elektrik stansiyası istifadəyə verildi. Gələcəkdə başqa günəş və külək elektrik enerjisi stansiyalarının da təməli qoyulacaq. Bütün bunlar yalnız başlanğıcdır, çünki ölkəmizin həm dənizdə, həm də quruda zəngin külək və günəş elektrik enerjisi potensialı mövcuddur. Su elektrik stansiyalarını da əlavə etdikdə daha böyük nəticələr qazanmaq mümkündür. Ümumilikdə, "yaşıl" gündəliklə müəyyən olunmuş planlara əsasən, 2027-ci ilə qədər Azərbaycanda 2 qiqavatlıq günəş və külək enerjisi stansiyaları fəaliyyətə başlayacaq. 2030-cu ilə qədər isə əlavə 5 qiqavat gücündə stansiyalar istifadəyə veriləcək.

Hazırda COP29-a hazırlıq işləri sürətlə davam edir. Tədbirin uğurla baş tutması üçün bir sıra toplantılar və təlimlə keçirilir. Avqustun 31-də COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə COP29 könüllüləri üçün "Eco Enacthon" layihəsi baş tutub. İki gün davam edən bu interaktiv layihədə könüllülər aktual ekoloji problemlərin həlli istiqamətində orijinal və innovativ layihələrin hazırlanması ətrafında bir araya gəliblər. 29-30 avqust tarixlərində isə COP29 könüllüləri ixtisaslaşmış ekspertlər tərəfindən aparılan iqlim dəyişmələri və dayanıqlılıq, tullantıların idarə edilməsi və çeşidlənməsi kimi müxtəlif ekoloji mövzularda, eyni zamanda dayanıqlı biznes ideyalarının təkmilləşdirilməsi, məhsul brendlərinin yaradılması və idarə olunması kimi praktiki mövzularda təlimlərə qatılıblar. Əldə edilən nəzəri və praktiki biliklər proqramın ikinci günündə keçirilən ekoloji layihə müsabiqəsində tətbiq olunub. "Eco Enacthon" adlanan yarışın qaydalarına əsasən, bir neçə komandaya bölünən könüllülər gün ərzində verilən tapşırıq və mövzular üzrə öz layihələrini təkmilləşdirərək münsiflər heyətinə qarşısında təqdim ediblər. Ən kreativ yanaşma ilə işlənilən və daha çox aktuallıq daşıyan layihələr münsiflər heyəti tərəfindən qalib elan edilib, müvafiq komanda üzvlərinə mükafatlar təqdim olunub.

Nəzrin ELDARQIZI,

"Respublika".