Naqasaki faciəsindən 79 il ötür
Tarix

Naqasaki faciəsindən 79 il ötür

Avqustun 9-da Yaponiyanın Naqasaki şəhərinə atom bombası atılmasının 79 ili tamam olur. Həmin dövrdə 90 kvadratkilometr əraziyə malik olan Naqasaki şəhərinin yalnız 12 kvadratkilometrində yaşayış mümkün olub. İkinci Dünya müharibəsi zamanı şəhər iri dəniz limanı olmaqla yanaşı, həm də sənaye mərkəzi kimi tanınırdı.

Bombardmandan öncə baş verən hadisələrin xronikasını qeyd edərkən "Manhetten layihəsi"ni xatırlatmaq yerinə düşər. "Manhetten layihəsi" ABŞ-da 1942-ci il avqustun 13-də başlayan nüvə silahı inkişaf proqramının kod adıdır. Layihədə ABŞ, Böyük Britaniya, Almaniya və Kanadadan olan alimlər iştirak edirdilər. Nəticədə üç atom bombası yaradıldı: "Gadget" plutonium bombası (ilk nüvə sınağı zamanı partladı), "Little Boy" uran bombası (6 avqust 1945-ci ildə Hirosimaya atıldı) və "Fat Man" plutonium bombası (9 avqust 1945-ci ildə Naqasakiyə atıldı).

Amerikalı fizik Robert Oppenheymer və general Lesli Qrovsun rəhbərlik etdiyi "Manhetten layihəsi"nin dəyəri təxminən 2 milyard ABŞ dolları təşkil edib. Tədqiqat və istehsal ABŞ, Böyük Britaniya və Kanadanın 30-dan çox müəssisəsində aparılıb.

"Triniti" nüvə partlayıcı qurğusunun ilk sınağı 1945-ci il iyulun 16-da Nyu Meksiko ştatındakı Alamoqordo poliqonunda həyata keçirildi. Bu partlayışdan sonra Qrovs həmkarı Oppenheymerin dediyi: "Müharibə bitdi" ifadəsinə belə əlavə etdi: "Bəli, yalnız Yaponiyaya daha iki bomba atdıqdan sonra".

Qrovs əvvəlcə atom bombası üçün dörd obyekt: Kokura, Hirosima, Niqata və ən əsası qədim mədəniyyət mərkəzi, Yaponiyanın keçmiş paytaxtı olan Kioto şəhərini təklif edirdi. Kioto siyasətçilər tərəfindən hədəf kimi rədd edildi, Hirosima və Naqasaki isə təsdiqləndi.

1945-ci il avqustun 6-da Yaponiyanın Hirosima şəhərinə "Little Boy" uran bombası atıldı, nəticədə təxminən 140 min insan öldü. Avqustun 9-da Kokura şəhərinə də "Fat Man" plutonium bombasının atılması planlaşdırılırdı, lakin güclü bulud örtüyü səbəbindən hədəf dəyişdirildi. 21 kiloton trotilə ekvivalent olan "Gombul (bomba)" adlanan atom bombası ABŞ-ın "Bockscar" B-29 bombardmançı təyyarəsi tərəfindən Naqasaki şəhərinə atıldı. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Naqasakidə 80 minə qədər insan həyatını itirdi.

Yaponiyaya ABŞ-ın atom bombalarının şoku bu ölkənin hökumətini müharibəni dərhal bitirməyə məcbur etdi. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiya elan etdi və sentyabrın 2-də imzalanmış təslim aktı İkinci Dünya müharibəsini formal olaraq bitirdi.

Naqasaki üzərində atom partlayışı bütün əraziyə ciddi zərər yetirib. Şəhər prefekturasının hesabatında deyilirdi ki, "episentrdən 1 km məsafadə yerləşən insan və heyvanlar demək olar anındaca ölüb, 2 km radiusda yerləşən bütün evlər dağılıb. Naqasakidə yerləşən 52 min binadan 14 mini dağılıb, 5400-nə ciddi zərər dəyib. Ancaq 12 faiz tikili salamat qalıb. Hərçənd şəhərdə alovlu qasırğa yaranmasa da, çoxlu sayda yerli yanğınlar müşahidə olunub".

Atom bombardmanından 5 il sonra isə partlayış nəticəsində xərçəng xəstəliyinə yoluxaraq ölənlərin sayı 140 min nəfər olub.

1955-ci ildə bu şəhərdə atom bombasının acı nəticələrini unutmamaq üçün Naqasaki Atom Bombası Muzeyi açılıb. Muzey Sülh Parkı və Sülh Memorial Zalının yanında yerləşir. Naqasaki Atom Bombası Muzeyi Beynəlxalq Mədəniyyət Zalından yeni binaya köçürülüb və 1996-cı ilin aprelində tamamlanıb. Nüvə silahının inkişaf tarixini əks etdirən muzeydə o acı anları xatırladan fotoşəkillər, artefaktlar və sənədlər nümayiş etdirilir.

Bu gün dünyada nüvə probleminin hələ də aktual olduğunu görürük. Belə ki, BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, dünya yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzədir. O, bu barədə Hirosimanın atom bombardmanının 79-cu ildönümü ərəfəsində ABŞ-a müraciətində qeyd edib. Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlərin indi dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayan baş katib bildirib ki, nüvə silahı təhlükəsini tam aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir. Nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç bir halda başlanmamalıdır.

Aygün İBRAHİMOVA,

"Respublika".