Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır
Elm və təhsil

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır

İyulun 10-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır.

Təhsil İnstitutundan "Respublika"ya bildirilib ki, test imtahanları ölkə üzrə 39 imtahan mərkəzini əhatə edir. İmtahanlara ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub.

Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanır. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərir.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılır.

İmtahanda ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.