Mübarizliyi nümayiş etdirən iki qardaş ölkə
Siyasət

Mübarizliyi nümayiş etdirən iki qardaş ölkə

"Türk əsri" nəzəriyyədən təcrübəyə uğurla addımladığından onun effektiv nəticələri göz önündə aydın görünür. Türkiyə cari regional və qlobal çağırışları həll edə bilən, daha effektiv beynəlxalq sistemə töhfə verməyə çalışan önəmli fövqəlgüclərdən biridir. Bununla yanaşı, qardaş ölkə beynəlxalq terrorizmlə mübarizə aparan, konstruktiv həll yollarının tapılmasında uzlaşdırıcı vasitəçi, ədalətli qərarların alınmasında isə obyektiv aktordur. Qədim və fundamental dövlətçilik ənənələrini müasir dövrün tələbləri ilə uyğunlaşdırmağı bacaran bu dövlət regionda və onun hüdudlarından kənarda davamlı sülh və inkişaf üçün şərtlər formalaşdırarkən, qeyri-sabit regional və qlobal mühitdə milli maraqlarını təmin etmək istiqamətində ardıcıl fəaliyyət göstərir, münaqişələrin qarşısını almaq, təcavüz və məcburiyyətdən çəkindirməklə beynəlxalq təhlükəsizliyə töhfə verir, bərabərhüquqlu tərəfdaş kimi çıxış edir. Bu baxımdan, yürütdüyü müstəqil siyasət məkrli dairələrin planlarına cavab vermir. Geosiyasi dinamika, çoxsaylı böhranlara baxmayaraq türk dövlətinin fundamental əsasları kimi, türk xalqının mübarizliyi də həmin dairələrə yaxşı məlumdur.

Türkiyənin müdafiə sənayesi gündən-günə inkişaf edir, bu isə onun sürətlə dəyişən dünyada gücünün, nüfuzunun artmasını təmin edir. Həmin amil yaranan təhlükəsizlik mühitini formalaşdırmaq və maraqları təhdid edən böhranlara cavab vermək baxımından önəmlidir. Türkiyənin siyasi mənzərəsində Ədalət və İnkişaf Partiyası və onun lideri Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dönəmində Azərbaycanla olan münasibətlər daha da dərinləşib, Vətən müharibəsindən sonra isə tamamilə yeni bir səhifədən davam edir desək, yanılmarıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş ölkəyə etməsi dövlət başçımızın bildirdiyi kimi bir ənənədir. Deqradasiyaya uğradılan dəyərlər sistemi fonunda ənənələrə sadiqlik nümayiş etdirilməsi bugünkü dünya üçün yad, bizim üçün isə təbiidir.

Cənab Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, dövlət başçımıza münasibət Azərbaycanın qlobal aktora çevrilmək yoluna çoxdan çıxdığından, bu istiqamətdə israrlı addımlar atdığından xəbər verir. Heç şübhəsizdir ki, sadəcə regionu deyil, qlobal mənada böyük əraziləri öz qoruyucu, müdafiəedici qanadları altına alan Türkiyə də böyük gücdür. Bu baxımdan, dövlətimizin rəhbəri Azərbaycan-Türkiyə birliyinin Avrasiya üçün önəmli amilə çevrildiyini bildirir. Əsrlər boyu soykökündən bu və ya digər səbəblərdən ayrı düşən türk xalqları özünəqayıdış prosesində məhz bu amili arxa-dayaq bilirlər. Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbəsi, Türkiyənin müharibənin ilk saatlarından etibarən siyasi-mənəvi dəstəyi geniş bir coğrafiyaya səpələnmiş ümumtürk xalqına daha da stimul verir. Bu dəstək məkrli qüvvələr üçün isə çəkindirmə xarakteri daşıyır.

İki dövlət arasında imzalanan Müttəfiqlik Bəyannaməsi Türk Dövlətləri Təşkilatının da belə güclü əsaslarla addımlaması üçün yol xəritəsi, nümunəvi hüquqi bazasıdır. Türk Dövlətləri Təşkilatının iyulda Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin cənab İlham Əliyev tərəfindən dəvət edilməsi "Yavru Vatan"ın da qanadlarımız altına alınması baxımından önəmlidir. Çünki məkrli dairələr Türkiyəni bu məsələ ilə də sınağa çəkir, bu amildən istifadə edərək onun üzərində təzyiq mexanizmi formalaşdırmağa çalışırlar.

Azərbaycan və Türkiyənin təşəbbüskarı, iştirakçısı olduğu nəqliyyat, enerji layihələri, onların gətirdikləri fayda sərhədlərimizin hüdudlarını aşır. Enerji və nəqliyyat təhlükəsizliyi nəqliyyat infrastrukturunun, yük daşımaların, işçilərin, səyahətçilərin, yüklərin və əməliyyatların təhlükəsizliyi kimi amilləri ehtiva etməklə milli təhlükəsizliyin əsas elementləri qismində çıxış edir. Həm Türkiyə, həm Azərbaycan dövləti bu təhlükəsizliyin təmin olunmasında qərarlı, koordinasiyalı və effektiv hökumət yanaşması ortaya qoyur. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi prosesinin 2024-cü ilin ortalarında başa çatması əsas hədəflərdən biridir.

İki ölkə arasında ticarət dövriyyəsinin həcminin hazırda 7,5 milyard dollar, nəzərdə tutulan rəqəmin isə 15 milyard dollar olması müştərək hədəflərə qətiyyətlə nail olacağımızdan xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son günlərdə Ermənistanın Azərbaycanla şərti sərhəddə əl atdığı növbəti təxribata toxunması, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəklərini bildirməsi, zənnimcə, həm Ermənistana, həm də onun havadarlarına verilən cavab idi.

Son illər Türkiyə hərbi potensialında milli istehsalın payının artması istiqamətində önəmli addımlar atır, konkret uğurlar əldə edir. Müdafiə sənayesinin yaradılması istiqamətində kritik komponentlərin milliləşdirilməsi prosesi gedir. Silah tədarükçüləri öz silahlarından, onların komponentlərindən istifadə ilə bağlı şərtlər irəli sürdükləri üçün Türkiyə alternativ yollar axtarmağa başladı. Türkiyənin zaman-zaman üzləşdiyi problemlər, bu istiqamətdə ona edilən təzyiqlər bir dövlət kimi onu buna vadar etdi. Ölkəmizdə yeni Komando birliklərinin yaradılması, qarşılıqlı qaydada keçirilən hərbi təlimlər, ordumuzun antiterror əməliyyatlarında əldə etdiyi parlaq qələbə ondan xəbər verir ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam tətbiq olunur.

Bütün bu amillər sərt gücün elementləridir. Koordinasiyalı xarici siyasət fəaliyyəti ortaya qoyan iki qardaş dövlət yumşaq güc elementləri üzərində də çalışır. Belə ki, Milli Məclisdə andiçmə mərasimi zamanı cənab Prezident İlham Əliyevin ideoloji istiqamətdə də aparılmalı olan işlərin əhəmiyyətinə toxunaraq, gənc nəslin xarici qüvvələr tərəfindən zəhərlənməməsinin vacibliyini qeyd etdi. Dəyərlər sisteminin bu qədər dəyişilməyə, sui-istifadə olunmağa çalışıldığı bir zamanda Türkiyə-Azərbaycan Universitetinin yaradılması olduqca önəmli məsələdir. Deməli, Azərbaycan dövlətinin başçısı Prezidentliyinin yeni dövrünü də yalnız hərtərəfli qələbələr üzərində formalaşdırır.

Şəbnəm HƏSƏNOVA,

politoloq.