Müasir dövr: dayanıqlı inkişaf və yeni hədəflər
İqtisadiyyat

Müasir dövr: dayanıqlı inkişaf və yeni hədəflər

"Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır". Bu fikirləri Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında bildirib. Ölkə başçısı qeyd edib ki, bu sosialyönümlü siyasət bir daha ümumi siyasətimizi, niyyətimizi göstərir. Gələcəkdə bu istiqamətdə siyasət aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir.

Azərbaycanı zirvələrə yüksəldən, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirən Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında iştirakı, proqram xarakterli tövsiyələr verməsi müstəqil dövlətimizin tarixinə yazılan ən mühüm hadisələrdən oldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin qlobal iqtisadi şəraitin tələblərinə uyğun olaraq həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədi müasir çağırışlar kontekstində ölkəmizin davamlı iqtisadi inkişafını təmin etməkdir.

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycan müəyyən iqtisadi inkişaf proseslərini keçmiş, dünya iqtisadi sistemində özünəməxsus xüsusiyyətləri, mexanizimləri, prinsipləri və meyarları ilə fərqlənən yeni, keyfiyyətli milli iqtisadi inkişaf modeli formalaşdırmışdır. Həyata keçirilən davamlı iqtisadi islahatlar sayəsində ötən müddət ərzində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılmış, sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin qorunub saxlanılmasında, əhalinin sosial rifahının yaxşılaşmasında diqqətəlayiq uğurlar əldə olunmuşdur. Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin ana xəttini təşkil edir və vətəndaşlar tərəfindən təqdir olunmaqla yanaşı, digər dövlətlərdə də müsbət nümunə kimi dəyərləndirilir.

2023-cü ildə pensiyaların orta aylıq məbləğində 19 faiz artım olub. Təkcə son bir ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib. Həmçinin son beş ildə pensiya təminatına əlçatanlılığın artırılması üçün mühüm addımlar atılıb. Misal olaraq, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib. 2022-ci ildən pensiyaların hər il indeksləşdirilərək artırılmasında bütün pensiyaçılar üzrə vahid yanaşmanın tətbiqinə başlanıb. Yəni pensiyaların hər il indeksləşdirilərək artırılması qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçılara da şamil olunur. Bu da onların pensiyalarının hər il artımına imkan yaradır. Vahid indeksasiya mexanizmi formalaşdırıldığı üçün indeksasiya yolu ilə artımlar bütün əmək pensiyası alanları əhatə edir. 2024-cü ilin yanvarında pensiyalar orta hesabla 11 faiz artırılıb. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizə enib. Paytaxt Bakıda, regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər, infrastrukturun tamamilə yenilənməsi və insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması iqtisadi inkişafın göstəriciləridir. Ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi həm etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində, yeni dostlar qazanmasında, həm də uzunmüddətli iqtisadi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır. Cari ilin 8 ayının məlumatlarına əsasən 4,3 faizlik artım tempi qlobal iqtisadiyyatda müşahidə edilən trendlər, geosiyasi reallıqlar nəzərə alınmaqla müsbət göstərici kimi qiymətləndirilir. Bu dövrdə qeyri-neft sektorunun 7 faiz artması iqtisadi artımda keyfiyyət dəyişikliklərini göstərir. Neft-qaz sektorunda mövcud potensialın reallaşdırılması, xüsusilə də yeni layihələr üzrə yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatının hasil edilməsi bu sahədə artıma öz töhfəsini verəcək.

İqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün böyük əhəmiyyət kəsb edir. Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyət sayəsində mümkün olur. Bu baxımdan, Azərbaycanda iqtisadi inkişaf proseslərinin dönməz xarakter almasında Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır. Bütün bunların nəticəsi kimi, dövlət başçısının rəhbərliyi ilə 2003-cü ildən sonra ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət almışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın daha sürətlə şaxələndirilməsinə nail olmaq üçün mühüm proqramlar qəbul olunmuşdur. Ən əsası Azərbaycan heç bir beynəlxalq donor təşkilatından asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündə olan dövlətə çevrilmişdir. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Qeyd edək ki, BMT Baş Assambleyasının 2015-ci il qətnaməsi ilə növbəti 15 il insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" təsdiq edilmişdir. Son beş il ərzində Azərbaycan 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirmiş, yoxsulluqla mübarizədə əldə olunan nailiyyətlərə və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən uğurlu siyasətə görə BMT tərəfindən mükafatlara layiq görülmüşdür. 2015-ci ildə Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərə görə "Cənub Cənub" mükafatı ilə təltif olunmuşdur.

Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, son illər müstəqil Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafla yanaşı, dünyada gedən rəqabətə də tab gətirə bilib, sosial dövlət modelinin əsas təmsilçisinə çevrilib. Bu isə olduqca ciddi amildir. Burada başqa bir məqam iqtisadiyyatın inkişafı və azad rəqabətin formalaşmasının siyasi, sosial, mədəni və digər sahələrdə də böyük nailiyyətlər qazanmağa yardım etməsidir. Bu baxımdan, Pensilvaniya Universitetinin "BAV Group i Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilən siyahıda Azərbaycanın 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşmasının təməlində də ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasət dayanır.

44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır. Prezident İlham Əliyev tərəfindən davamlı olaraq iqtisadi məsələlərə həsr edilmiş müşavirələrin keçirilməsi ölkəmizin sosial-iqtisadi vəziyyətinin geniş təhlili və müzakirəsi, qarşıdakı dövrdə vəzifələrin müəyyənləşdirilməsi ilə yanaşı, həm də dövlət orqanlarının fəaliyyətinin istiqamətləndirilməsi və koordinasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı cari il sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında Azərbaycanda iqtisadi artım meyillərinin davam etməsini makroiqtisadi sabitliyin əsas göstəricilərindən biri kimi xüsusi olaraq qeyd etmişdir. Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Dövlət başçısının Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağ və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Həm sosialyönümlü, sosial infrastrukturla, həm də ümumi infrastrukturla bağlı layihələr, bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq.

Prezident İlham Əliyev söyləyib ki, həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik: "Son beş il ərzində Azərbaycanda nə qədər böyük sosial islahatlar paketi reallaşdırıldı. Yəni bütün bu məsələlər tam əminliklə deməyə əsas yaradır ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, - nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, - gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq".

Uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın artan iqtisadi imkanları əhalinin sosial müdafiəsinin və rifah səviyyəsinin təmin edilməsinə də mühüm töhfələr vermişdir. 2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcək. Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43 faizini təşkil edir. 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

Mustafa KAMAL,

"Respublika".