Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı zamanı demişdir: "Geosiyasi vəziyyətə gəldikdə, - bir halda ki, mənim çıxışım "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" mövzusuna həsr edilib, - əvvəlcə qeyd etmək istəyirəm ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var".
30 ilə yaxın qonşu dövlət tərəfindən ərazi bütövlüyü pozulan, vətəndaşları doğma yurd yerlərindən didərgin düşən Azərbaycanın işğala məruz qalması səbəbindən nəqliyyat - kommunikasiya əlaqələrinin məhdudlaşması, sabitliyin, təhlükəsizliyin təmin olunmaması bölgədə iqtisadiyyatın, ticarətin inteqrasiyasına, ölkələr arasında əməkdaşlıq əlaqələrinin, tərəfdaşlıq münasibətlərinin inkişafına mənfi təsir göstərmişdir. Bu müddət ərzində keçmiş münaqişənin sülh yolu ilə həllinə ciddi səy göstərilsə də, müsbət nəticə əldə edə bilməyən Azərbaycan 2020-ci ilin payızında düşmən ölkənin təxribatlarına qarşı əks-həmlə əməliyyatı keçirdi. Öz torpaqlarında beynəlxalq hüququn normalarına riayət etməklə müharibə aparan müstəqil dövlətimiz işğalçı ölkəni məğlub edərək müasir tariximizə əbədi yazılan Qarabağ Zəfərini qazandı. Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsini əsaslı şəkildə dəyişdi. Yaranmış yeni geosiyasi vəziyyət regional iqtisadi inteqrasiyanı zərurətə çevirdi.
Qlobal rəqabətin gücləndiyi, iqtisadi böhranların, siyasi gərginliklərin artdığı və beynəlxalq münasibətlərin aparıcı faktora çevrildiyi bir zamanda dünyanın böyük dövlətləri - Türkiyə, İran və Rusiya ilə həmsərhəd olması Azərbaycanın strateji mövqeyini daha da artırır ki, bu da öz növbəsində hazırkı geosiyasi mənzərənin formalaşmasına önəmli təsir edir. Yeni dünya nizamının yaradılması, regionlarda gedən gərgin geosiyasi proseslər fonunda Cənubi Qafqazın "sabitlik adası"na çevrilməsi isə Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasətinin göstəricisidir. Bu siyasətin nəticəsidir ki, heç bir ölkənin daxili işlərinə qarışmayan Azərbaycan regional, eyni zamanda beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Çoxtərəfli əməkdaşlığı, ayrı-ayrı dövlətlərlə əlaqələrin şaxələndirilməsini, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsini prioritet olaraq müəyyənləşdirən ölkəmizin xarici siyasəti mühüm nailiyyətlərlə səciyyələndirilir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın iştirakı olmadan regional miqyaslı, həmçinin qlobal xarakterli strateji layihələrin reallaşdırılması dövlət başçımızın fikirlərinə, təşəbbüslərinə hörmətlə yanaşılması Azərbaycanın real gücünün təzahürüdür.
Müdrik siyasətçi, dövlət idarəetməsində fundamental qabiliyyətə, yüksək liderlik keyfiyyətlərinə sahib olan ölkə başçımızın uğurlu diplomatiyası sayəsində Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artır və regional aktora çevrilir. Belə ki, ərazi bütövlüyü və suverenliyini tam təmin edən, bölgədə sabitliyin, təhlükəsizliyin qarantına çevrilən dövlətimiz bu gün dünya miqyasında Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzi olaraq qəbul edilir. Öz daxili potensialı, beynəlxalq aləmdə yüksək nüfuzu, iqtisadi qüdrəti ilə 30 illik işğala cəmi 44 gündə son qoyması, XXI əsrin müharibəsini aparmasına baxmayaraq, postmüharibə dövründə həyata keçirilən genişmiqyaslı işlər, işğaldan azad olunmuş ərazilərin sürətlə bərpası və yenidən qurulması ölkəmizin regional aktor kimi fəaliyyətini şərtləndirir. Eyni zamanda sülhpərvər ölkələrlə qarşılıqlı hörmət və etimad çərçivəsində yürüdülən siyasət, dinamik inkişaf Azərbaycanı etibarlı tərəfdaşa çevirib.
Özünün enerjiyə olan tələbatını tam ödəməklə yanaşı, həm də Avropada mavi yanacaq bazarını genişləndirmək, "yaşıl enerji" mənbələrini çoxaltmaqla qitənin enerji təhlükəsizliyində böyük rol oynayan ölkəmiz beynəlxalq tərəfdaşlar qazanmaqla dünya arenasındakı mövqeyini daha da gücləndirir ki, bu da dövlətin milli maraqların təmin olunmasını, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını və bu aspektdə Azərbaycanı Şərqlə Qərbi birləşdirən strateji körpüyə çevirir. Danılmaz faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu, çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu milli maraqlara, ölkənin inkişafına, qüdrətlənməsinə, sosial rifahın yüksəlməsinə hesablanıb. Bu mənada, dünya ölkələri ilə qarşılıqlı-faydalı münasibətlərin dərinləşdirilməsi, siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrin genişləndirilməsi, ölkəmizdə xarici investorların fəaliyyətinə əlverişli şəraitin yaradılması, beynəlxalq siyasi nüfuzunun getdikcə daha da artması bir sıra dövlətləri respublikamızla əməkdaşlığa cəlb edən əsas faktorlardan biridir. Etibarlı tərəfdaş imici qazanan Azərbaycan mütərəqqi, humanist və hər bir dövlətin təməl hüquqlarına hörmət prinsipi əsasında yürütdüyü çoxşaxəli xarici siyasət kursu ilə dünyada tanınır, müasir çağırışlara çevik cavab verərək qlobal problemlərin həllində yaxından iştirak edir. "Sabitlik adası" kimi tanınan Azərbaycana mötəbər, nüfuzlu, irimiqyaslı tədbirlərə ev sahibliyinin həvalə olunması və bu tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizin sürətli inkişafının, güclü iqtisadiyyatının təzahürüdür. Bütün bunlar bir daha təsdiqləyir ki, dövlət başçısının uzaqgörən siyasəti milli maraqlarla yanaşı, həm də müstəqil, inkişaf etməkdə olan Azərbaycanın dünya arenasında layiqli yerini daha da möhkəmləndirməyə xidmət edir.
Mehparə ƏLİYEVA,
"Respublika".