Maarifçi, tənqidçi, şair – Seyid Əzim Şirvani
Mədəniyyət

Maarifçi, tənqidçi, şair – Seyid Əzim Şirvani

Klassik poeziya ənənələrini davam etdirən şairlərimizdən biri də XIX əsrdə yaşamış Seyid Əzim Şirvani olub. O, incə ruhlu, lirik, eyni zamanda satirik şeir nümunələri ilə yanaşı, həm də əxlaqi-tərbiyəvi əsərlər də yaradıb, geniş maarifçilik işi aparıb.

Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxı şəhərinin Qalabazar məhəlləsində ruhani ailəsində dünyaya gəlib. 7 yaşı olarkən atası Seyid Məhəmməd vəfat edir, o, anasının himayəsində yaşayır. Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn balaca Əzimi öz övladı kimi böyüdür. İlk təhsilini burada alan Seyid Əzim türk, fars, ərəb, eyni zamanda bir neçə Dağıstan dillərini də öyrənir. O, burada 10 ildən artıq yaşayır. Şirvaninin uşaqlıq və yeniyetməlik çağları Molla Hüseynin yanında keçir. Babası geniş dünyagörüşlü ziyalı idi. Seyid Əzimin onun zəngin kitabxanasından bəhrələnməsi sonrakı illərdə öz nəticəsini vermişdir. 18 yaşı olarkən 1853-cü ildə anası Gülsüm xanımla yenidən Şamaxıya qayıdır.

19 yaşlı Seyid Əzim anasının yaxşı tanıdığı Məşədi Mövsümün qızı Ceyran xanımla evlənir və 1856-cı ildə oğlu Mir Cəfər dünyaya gəlir. Seyid Əzimin Mir Cəfərdən başqa Həcər və Fatma adlı qızları da olur. 20 yaşında ikən Seyid Əzim "təkmili-ülum" məqsədilə İraqa gedir. Bir neçə il Bağdadda yaşadıqdan sonra Şama köçür. Vətənə qayıdır, bir neçə il sonra isə ikinci dəfə səfərə çıxır. Bu dəfə Məkkə və Mədinədən keçərək Misirə, Qahirə şəhərinə yola düşür. Burada oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. XIX əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla "Məclis" adlı məktəb açır. Məktəbdə köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi. Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra görkəmli yazıçılar məhz onun məktəbində dərs alıblar. Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərini nəzərə alaraq, 1886-cı ildə onu gümüş medalla təltif edib. Maddi və mənəvi çətinliklərə baxmayaraq, o, 18 ildən artıq öz məktəbində müəllimlik edib. Bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə məktəb artıq öz fəaliyyətini dayandırmağa məcbur olur. 1879-cu ildə isə hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində Seyid Əzim müəllimlikdən kənarlaşdırılır. Bütün təhdid və qadağalara baxmayaraq, bəzi maarifpərvər insanların səyləri sayəsində yenidən müəllimliyə qayıdır və Şamaxıda açılan şəhər məktəbində ömrünün sonuna kimi Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyir. O, sadəcə müəllimliklə kifayətlənmir. "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" və "Tacül-kütüb" adlı dərsliklər də yazır. Bu dərsliyə şairlərdən və müxtəlif ədəbi mənbələrdən etdiyi tərcümələri də daxil edir. Seyid Əzim həmin dərsliyi əlyazma şəklində o zamanlar Qori Seminariyasının tatar şöbəsinin müdiri A.O.Çernyayevskiyə göndərir və A.O.Çernyayevski də həmin kitabdan bir neçə hekayəni özünün "Vətən dili" dərsliyində çap edir.

O, müəllimliklə yanaşı, bədii yaradıcılıqda da böyük uğurlar əldə edir. Seyid Əzim maarifçi və tənqidi-satirik şeirlərilə mövhumatı, nadanlığı qamçılayır, bu səbəbdən də dindarların kəskin müqaviməti ilə üzləşirdi. "Əkinçi"də yazmağa başladıqdan sonra isə nadan dairələrdə onu sevməyənlərin, düşməncəsinə münasibət bəsləyənlərin sayı daha da artdı:

Hər vilayətdə var

beş-on kəsəbə,

Əlli min seyyidü,

axund, tələbə,

Əlli dərviş,

əlli mərsiyəxan,

Hamının sözləri

tamam yalan.

Hamının fikri

xəlqi soymaqdır,

Quru yerdə bu

xəlqi qoymaqdır...

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycan türkcəsində, digəri isə farsca olmaqla iki böyük külliyyatdan ibarətdir. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr də var. Onun yaradıcılığının əsas hissəsini qəzəllər, bir hissəsini isə maarifçi və tənqidi-satirik şeirlər təşkil edir. Daha çox realizmə üstünlük verməsində "Əkinçi" qəzetinin mühüm rolu olur. Bununla da şair günün aktual məsələlərinə toxunaraq müasir həyatın tələblərinə uyğun şeirlər yazır. Seyid Əzim Şirvani üçün "Əkinçi" ən böyük vasitə idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi.

Şairin ictimai mahiyyət daşıyan satiraları yaradıcılığında xüsusi yer tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata", "Qafqaz müsəlmanlarına xitab" və digər bu kimi satiralarıdır. Seyid Əzim Şirvaninin zəngin bədii irsi yadigar qalıb. O, qəzəl, müxəmməs, aşiqanə lirik şeirlər, mənzum hekayə, təmsil, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər, habelə məqalələr yazıb. Həmçinin İran, Türkiyə, Rusiya və Azərbaycan şairləri haqqında məlumat verən "Təzkirə"nin müəllifi olub. S.Ə.Şirvani yaradıcılığında məhəbbət mövzusu da aparıcı yer tutur. Şair lirik qəzəllərində saf, ülvi məhəbbəti sənətkarlıqla qələmə alaraq, bədii təsvir və ifadə vasitələrindən uğurla bəhrələnib:

Mövti-cismanım ilə

sanma mənim ölməyimi,

Seyyida, ölmərəm,

aləmdə səsim var mənim!

Onun ölümü haqqında bəzi şayiələr dolaşmaqdadır. 1888-ci il iyulun 1-də Şamaxıda vəfat edən Seyid Əzim Şirvaninin 53 yaşında olarkən məscid qapısında yaradılan süni basabasda öldüyü, bəzi mənbələrdə isə, mövhumatçı insanlar tərəfindən qətlə yetirildiyi deyilir.

Ramidə YAQUBQIZI,

"Respublika".