Bu ilin ötən dövründə Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara ümumilikdə 300 minə yaxın xidmət göstərilib.
"Respublika" xəbər verir ki, bu xidmətlərin 268 minə yaxını dövlət qurumları, 32 mindən çoxu isə özəl qurumlar tərəfindən göstərilən xidmətlərdir. Bu dövrdə sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatı, vergi və gömrük məsələri, komunal xidmətlər və s. üçün müraciət ediblər.
Sahibkarların xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.
Cari ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən keçirilən müsabiqədə Azərbaycanın KOB evi modeli innovativ təşəbbüs olaraq seçilib.
İƏİT-in 2011-ci ildə yaradılmış Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə və təbliğinə dəstək verən qlobal forumdur. Mərkəzin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı bölmə fəaliyyət göstərir. Burada dünyanın 90-dan çox ölkəsi, o cümlədən Azərbaycan üzrə innovativ təşəbbüslərin qiymətləndirilməsi nəticələri barədə məlumatlar qeyd olunur.
KOB evlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Xaçmaz rayonunun Xudat şəhərində və Gəncə şəhərində KOB evlərinin təşkili işləri yekunlaşmaq üzrədir.