Kilsə Baqratdan əlini üzüb
Siyasət

Kilsə Baqratdan əlini üzüb

Ermənistanda baş verən hadisələr hayların konkret və prinsipial siyasi mövqeyinin olmadığını açıq şəkildə göstərir. Qərbə meyillənmənin fonunda bir-birini əvəzləyən etiraz aksiyaları Nikol Paşinyanın daxili siyasi kursunu sual altında qoyur. Xalq baş naziri vədləri yerinə yetirməməkdə ittiham edir, kilsə revanşistləri iqtidara qarşı qıcıqlandırır, kənar aktorlar Cənubi Qafqazdakı "müttəfiqini" itirməklə üz-üzədir.

Reallıq bundan ibarətdir ki, Paşinyan rejiminin Qərbə inteqrasiyası daxildə dərin çatlar yaradıb. Lakin bütün risklərə rəğmən bunu reallaşdırmaq hələ də mümkün deyil. Rusiyadan iqtisadi və siyasi asılılıq aradan qaldırılsa da, Qərbin qapıları hayların üzünə bağlı qalacaq. Məhz bu nöqteyi-nəzərdən Nikol Paşinyanın hesablanmamış addımı iqtidar ilə xalqı qarşıya-qarşıya qoyub.

Təbii haldır ki, yaranan xaosdan istifadə etməyə çalışan müxalif dairələr hakimiyəti ələ almaq üçün iğtişaşlar törədirlər. Kilsənin təzyiqi İrəvanda aktiv olaraq qalsa da, Baqratın üsyanı hələlik heç bir nəticə vermir. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın, o cümlədən erməni diasporunun digər üzvlərinin İrəvan küçələrinə çıxması baş tutsa da, Paşinyan rejiminə qarşı müqavimətin davamlılığı sual altındadır.

Əslində Paşinyana qarşı keçirilən aksiyaların zorakılıqla yatızdırılması faktı Baqratın gücünü zəiflədən amillərdəndir. Mitinq və itaətsizlik aksiyalarında hər gün saxlanılan onlarla insan polisin fiziki zorakılığına məruz qalır. Təkcə mayın 13-də İrəvanda etiraz aksiyalarında 150-dən çox şəxs saxlanılıb. Son günlər etiraz aksiyaları zamanı bəzi fəallara qarşı polisə müqavimət, yaxud zorakılığa çağırış ittihamı ilə cinayət işləri açılıb. Ermənistan polisi azyaşlı, qadın, yaşlı demədən bütün etirazçılara qarşı qeyri-proporsional güc tətbiq edir, bəzi hallarda isə xəsarət yetirir. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir, bəziləri hətta saxlanılır. Göründüyü kimi, Ermənistanda müxalifət qüvvələrinin Paşinyan hakimiyyətinə qarşı etirazları polis zorakılığı, mediaya təzyiqlər və kütləvi həbslərlə müşahidə olunur. Görünür Paşinyan rejiminin bundan başqa çarəsi yoxdur. Lakin beynəlxalq müstəvidə aksiyaçılara qarşı zorakılıq aktının törədilməsinə göz yumulması riyakarlığın növbəti sübutudur. "Human Rights Watch", "Amnesty İnternational", "Fredoom House" kimi özünü dünyanın insan hüquqlarının müdafiəçisi elan edən təşkilatlar hələ də bu kimi pozuntulara heç bir əsaslı reaksiya vermirlər.

Baqrat Qalstanyanın baş nazir Nikol Paşinyanın istefası tələbi ilə başlatdığı hərəkat güc itirir. İrəvan küçələrindəki izdiham artıq müşahidə olunmur. Məhz bu səbəbdən kilsə lideri müxtəlif yollara əl atır. Misal üçün Baqramyan prospektində yoldan keçən uşaqlarla futbol oynayır, gənc kütlənin marağını özündə cəmləməyə çalışır. Kifayət qədər cılız həmlələr Baqratın uğursuzluğundan xəbər verir. Digər tərəfdən, siyasi cəhətdən də Baqrat sıxışdırılır. Belə ki, artıq erməni apostol kilsəsi Baqrat Qalstanyanı dəstəkləmir. "Vətən naminə Şirak" hərəkatını başladan Şirak arxiyepiskopu Mikael Acapaxyanın son çıxışı bunu bir daha göstərir. Arxiyepiskop bildirib ki, bu, kilsənin yox, Baqrat Qalstanyanın hərəkatıdır. Şübhəsiz ki, Acapaxyan da perspektivdə Qalstanyanın uğurunu görmür və bu səbəbdən kəskin dönüş edərək açıqlamalar verir. Əks halda, bütün ictimaiyyətə məlumdur ki, o, Baqratı dəstəkləmək üçün Şirak regionda iclaslar keçirir, ağsaqqallar şurası üzvləri ilə səmimi pozalar verirdi.

Paşinyan rejiminə qarşı ayağa qalxan Baqratın bu üsyanda yalnız qalması təkcə "Vətən naminə Şirak" hərəkatından asılı deyil. Elə Eçmiədzində də onun gələcəkdə uğursuzluğu proqnoz edildiyindən kollektiv olaraq bu addım atılır. Həm də müxaliflər bununla "1 daşla 2 quş" vurmuş olurlar. Belə ki, Baqrata olan dəstəyin kəsilməsi ilə birliktə apostol kilsəsi və II Qareginin hərəkatla heç bir əlaqəsi olmayacaq, bununla da "günah keçisi" kimi bütün ittihamlar Baqrata yönələcək. Digər tərəfdən, Paşinyan rejimi ilə mümkün ola biləcək danışıqlarda Qareginin dəstəsinin əli daha da güclənmiş olacaq. Qeyd edək ki, Baqratdan üz döndərənlər bir növ təhlükəsizlik məsələlərinə görə də bu addımı atırlar. İrəvanda yaxşı bilirlər ki, Baqratın daha çox irəliyə getməsi qanlı toqquşmalara, vətəndaş müharibəsinə gətirə bilər. Belə olduğu halda, Paşinyan rejiminin manevr qabiliyyəti daha çox güclənə bilər. Çünki hərəkatı kökündən bitirmək üçün iqtidarın da sərt həmlələri gözləniləndir. Yəni bu yolla Eçmiədzin və II Qaregin "ziyanın yarısından" qayıtmağa çalışır desək, yanılmarıq. Yaxud, yeni və daha güclü münaqişələr üçün fürsət güdmələri olduqca real görünür. Xatırladaq ki, kilsənin təzyiq və təhdidləri o həddə çatmışdır ki, Ermənistan mətbuatı ölkədaxili gərginliyi ilk növbədə Rusiya ilə izah etməyə çalışırlar. Ermənistan hökumətinə yaxın media qurumları Rusiya kəşfiyyatının nəzarəti altında olan müxalifət qüvvələrinin Paşinyan hakimiyyətinə qarşı radikal addımlar atmağa hazırlaşdığını iddia edirdi. Həmin iddialara görə, baş nazir Nikol Paşinyanın hətta erməni kilsəsinin rəhbəri II Qaregin və onun ölkəni qarışdırmağı tapşırdığı keşiş Baqrat tərəfindən ölümlə hədələndiyi də qeyd edilirdi.

Baqrat həm də Qaregin üçün başqa nöqteyi-nəzərdən təhlükəli ola bilər. Misal üçün "demokrasiya" nidaları altında hərəkata başlayan Baqratın daha sonra "kreslo" sevdasına qapıldığı özü tərəfindən ifşa olundu. O, baş nazir postuna yiyələnmək istədiyini auditoriyadan gizlətməyərək İrəvan küçələrində çıxış edirdi. Məhz bu səbəbdən dini simadan iştirakın məntiqsiz olmasına görə kilsədən səlahiyyətlərinin müvəqqəti dondurulmasını istəmişdi. Doğrudur, bu tələbə o zaman müsbət cavab verilsə də, kilsədən davamlı dəstək əldə etmək mümkün olmadı. Çünki Qaregin və dəstəsi "çəmbərin daraldığı"nın fərqində idi. İğtişaşlar alovlansa, xalq ayağa qalxsa da, nəticənin əldə edilmədiyini görənlər "B" planını işə salaraq Baqrata verilən dəstəyi azaltdılar. Digər tərəfdən, "Vətən naminə Şirak" hərəkatını başladan Şirak arxiyepiskopu Mikael Acapaxyan, eyni zamanda qeyd edib ki, hərəkat bir neçə ruhani tərəfindən dəstəklənsə də, bir çoxları bunu uyğun saymayıb. Ona görə də bu kilsənin hərəkatı sayılmamalıdır. Elə bu cümlə keşişin meydanda artıq ciddi dəstək itirdiyinə işarə edir.

Qeyd edək ki, 11 iyun tarixində Eçmiədzində Ali Ruhani Şuranın geniş tərkibdə iclası keçirilib. Bir neçə saat davam edən iclasda daxili məsələlər, xarici təhdidlər və kilsə ilə bağlı məsələlər müzakirə edilib. Maraqlı məqam bundan ibarətdir ki, apostol kilsəsinin yaydığı mətndə Baqrat Qalstanyanın təşkil etdiyi hərəkatın adı belə keçməyib. Eyni zamanda II Qaregin Amerika Erməni Assambleyasının prezidenti Kerolin Muqar və təşkilatın həmsədrləri ilə Ermənistandakı daxili-siyasi vəziyyəti müzakirə edib. Söhbət zamanı ölkənin üzləşdiyi təhlükəsizlik problemlərinə, Ermənistandakı daxili-siyasi və mənəvi-psixoloji vəziyyətə toxunulub. Dünyaya səpələnmiş ermənilərin həyatında kilsənin missiyasının əhəmiyyəti qeyd olunub. Göründüyü kimi, bu görüşdə də Baqratın hərəkatı müzakirə mövzusu olmayıb.

Nurlan ABDALOV,

"Respublika".