Tarixi faktlar göstərir ki, dünyanın supergücləri kimi formalaşan bəzi dövlətlərin bünövrəsi işğal, istila üzərində qurulub, müstəmləkəçilik siyasəti əsasında möhkəmləndirilib. Fransa da, həmçinin.
Beynəlxalq Frankofoniya Təşkilatı 1970-ci ildə təsis edilib və əsas mərkəzi Parisdə yerləşir. 56 üzv ölkədən ibarət olan təşkilat 1986-cı ildən etibarən müxtəlif ölkələrdə mütəmadi şəkildə böyük sammitlər keçirir. Misir, Kanada, Fransa, Kipr, Latviya, Mavritaniya, Nigeriya və digər ölkələr bu təşkilatın üzvləridir.
2018-ci ilin oktyabrında Frankofoniya təşkilatının Ermənistanda XVII Zirvə toplantısı keçirilib. Tədbirdən bir neçə gün əvvəl, yəni oktyabrın 9-da isə İrəvanda təşkil olunan "Frankofoniya şəhərciyi"ndə ölkəmizin işğal edilmiş keçmiş Dağlıq Qarabağ bölgəsi Ermənistanın pavilyonu nəzdində təqdim edilib. Bu isə Fransanın Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə xidmət edən təxribatçı addım idi. Əslində, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu təxribatı, həmçinin Frankofoniya təşkilatının nizamnaməsi, onun məqsəd və prinsipləri ilə də ziddiyyət təşkil edirdi. Onu da qeyd edək ki, Zirvə toplantısının İrəvanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan Ermənistan rəhbərliyinin əsas məqsədi bu təşkilat vasitəsilə nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada qarşıdan gələn sədrliyinə mane olmaqdan ibarət idi. Lakin göründüyü kimi, haylar bu məqsədə çata bilmədilər.
2022-ci il noyabrın 20-də Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubileyinə həsr olunmuş sammitə sədrlik edən Ermənistan onu Tunisə təhvil verdi. Tədbirdə ermənilər çıxış etmək üçün böyük imkan əldə etmişdilər. Etdilər də. Ancaq bu çıxışlar əsl kakofoniyanı (yunancadan tərcüməsi "eybəcər səslər" deməkdir) xatırladırdı. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycana qarşı sərsəm fikirlər səsləndirmiş, baş nazir Nikol Paşinyan isə qlobal sistemdə dövlətlərin suverenliyinə hörmət etməyin zəruriliyindən danışmışdı. Maraqlısı budur ki, onun bu çıxışını bəzi iştirakçılar istehza ilə qarşılamışdılar. Çünki onlar Ermənistanın 30 ildən artıq bir müddətdə bu prinsipi pozduğunu, Azərbaycanın ərazilərini işğal altında saxladığını gözəl bilirdilər. Göründüyü kimi, Fransa Ermənistana faydalanmaq üçün hər cür şərait yaratsa da, işğalçı ölkə heç nəyə nail olmadı. Hətta güvəndiyi, təşkilatçısı olduğu Frankofoniya təşkilatının sammitlərində belə Azərbaycan əleyhinə qərarlar qəbul etdirə bilmədi. Bu, ilk növbədə, Fransanın Şimali Afrikada öz nüfuzunu itirməsi ilə bağlı idi. Artıq heç bir ölkə rəsmi Parislə hesablaşmaq istəmir. "Ərəb baharı" adlanan rəngli inqilabların Qərbdən idxalı prosesindən əziyyət çəkmiş Misir, Tunis, Əlcəzair, hətta Liviya siyasətçiləri də fransızların münaqişələr hesabına regionda öz təsirini qoruyub saxlamaq məqsədi güddüyünü çox yaxşı başa düşürlər. Artıq gün kimi aydındır ki, Fransa Cənubi Qafqazda sülh, əmin-amanlıq istəmir, çaxnaşma yaratmaqla bölgədə nüfuz sahibi olmağa çalışır.
Vətən müharibəsindən sonra Azərbaycana qarşı açıq şəkildə əks-təbliğat aparan Fransa Ermənistanın əsl silah tədarükçüsünə çevrilib. Bu isə bölgədə sülh danışıqları prosesinə böyük zərbədir. Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyasının Azərbaycanı "etnik təmizləmə"də ittiham edən qətnamə qəbul etməsi də Ermənistan və Fransanın beynəlxalq hüquqdan kənar siyasətlərini həyata keçirmək üçün müxtəlif təşkilatlardan sui-istifadə cəhdlərindən başqa bir şey deyil. Belə bir məsəl var: "Örkən nə qədər uzun olsa da, bir gün gəlib doğanaqdan keçər". Bu mənada, haqqı həmişə nahaqqa verən, işğalçını dəstəkləyən, minlərlə azərbaycanlının günahsız yerə qanının tökülməsinə göz yuman Fransanın, daha doğrusu, Emmanuel Makronun deyəsən sonu yaxınlaşır. Vəziyyətdən çıxış yolu kimi ortaya atdığı "seçki oyunu" da köməyinə çatmadı. Min bir oyundan çıxan E.Makron solçuların lideri Jan-Luk Melanşona uduzdu. Doğrudur, Melanşonun təmsil olunduğu Yeni Xalq Cəbhəsi seçkidə mühüm qüvvə kimi ortaya çıxıb, ancaq o da mütləq səs çoxluğu qazana bilməyib. İndi Fransa dalana dirənib.
Zümrüd QURBANQIZI,
"Respublika".