Kiçik hekayələrdə böyük fikirlər
Mədəniyyət

Kiçik hekayələrdə böyük fikirlər

Azərbaycan ədəbi-bədii fikir tarixində, nəsr və publisistikanın inkişafında, eyni zamanda xalqı, milləti kamil görmək missiyası uğrunda böyük işlərə imza atmış Mir Cəlal Paşayevin anım günüdür.

Gənclik illərindən xalqının mədəniyyətini, ədəbiyyatını, dilini dərindən mənimsəyən, əsərlərində şifahi xalq ədəbiyyatının, klassik və müasir bədii nəsrin ən yaxşı ənənələrini yaşadan yazıçı mahir hekayə, roman müəllifi kimi böyük nüfuza malik olduğuna görə bu gün də oxucular tərəfindən sevilir.

XX əsr Azərbaycan ədəbiyyatının klassikləri sırasında nasirlər xüsusi yer tutur. Görkəmli yazıçı C.Məmmədquluzadə ilə başlayan bu pleyadaya Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, S.Rəhimov, M.İbrahimov, Ə.Vəliyev, Əbülhəsən, İ.Əfəndiyev, M.Hüseyn, İ.Şıxlı, İ.Hüseynov, Anar, Elçin, İ.Məlikzadə, S.Əhmədli, F.Kərimzadə, S.Azəri, S.Səxavət kimi ədəbiyyatımızın tanınmış nümayəndələri daxildir. Bu sırada Mir Cəlal Paşayevin əvəzolunmaz yeri var. XX əsrin nasirləri epik növün hekayə, povest və roman janrlarında böyük uğurlar əldə etmişlər. Bütün yazıçılarımız hekayənəvislik sahəsində öz qələmlərini sınamış, bir çoxları bədii yaradıcılığa məhz bu janrla başlamışdır. Azərbaycan hekayəsi ötən əsrdə zəngin inkişaf yolu keçmiş epos mədəniyyətimizin, nağıl və dastanlarımızın, əfsanə və rəvayətlərimizin bədii ənənələrini mənimsəyərək öz poetikasını, təsvir imkanlarını və üslubunu zənginləşdirmişdir. XX əsr Azərbaycan ədəbiyyatının klassik hekayə janrının peşəkar yaradıcılarından - C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və Mir Cəlal xüsusilə fərqlənir. Digər ədiblərimiz - S.Rəhimovun, M.İbrahimovun, İ.Əfəndiyevin, Anarın, Elçinin xüsusi bədii dəyərə malik hekayələri vardır.

Mir Cəlal həm hekayənin gözəl nümunələrini yaradıb, həm də nəzəriyyəçi-alim kimi P.Xəlilovla birlikdə "Ədəbiyyatşünaslığın əsasları" kitabında onun janr xüsusiyyətlərini göstərib: "Müasir, yeni, fəal realist bir janr olan hekayə quruluşca o qədər də mürəkkəb bir şəkil deyildir. Xarakterik bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, müxtəlif şirin, sadə söyləmə, nəqletmə üsulu hekayə sənətində əsasdır". Məhz bu cəhətlər Mir Cəlalın hekayələrinin poetik özəlliyini səciyyələndirir.

Müdrik təfəkkür sahibi olan yazıçı klassik ənənələrdən bəhrələnərək əvəzsiz hekayə ustası kimi formalaşmış, cəmiyyətin müxtəlif təbəqələrinə xas olan xarakterlərin təcəssümü hekayələrində məharətlə əks olunmuşdur.

Yazıçının hekayələrində olduqca səmimi yumor hissi, gülüş mədəniyyətinin mənalı bədii əksi ön plana çəkilir. Mir Cəlal hekayə yaradıcılığında daim bu gülüşün estetik imkanlarından bacarıqla yararlanmışdır. Sovet dövrünün ədəbiyyat üzərində Marksist ideologiyasının təzyiqlərini nəzərə alaraq ədib əsasən yumordan, ironik gülüşdən istifadə etmişdir. Yəni həlim və islahedici gülüş, yumor, daha çox gizli mətləblərə yönəlmiş istehzalı, simvolik gülüş, kinayə yazıçının hekayələri üçün xarakterikdir. Dünyanın məshur gülüş ustası Çarli Çaplin yazırdı: "Yumor həyat qabiliyyətimizi artırır və sağlam düşüncəni qorumağa kömək edir. Yumorun köməkliyi ilə biz bəxti dönüklüyə asanlıqla tab gətirə bilirik".

Gülən adam güldüyü obyektdən yüksəkdə dayanmalıdır. Hansı formada olursa-olsun, gülüş böyük hünərin, istedadın, şəxsiyyətin ən güclü özünütəsdiqidir.

Mir Cəlalın həm çap olunmuş, həm də 2021-ci ilə qədər kitabların heç birinə düşməmiş hekayələri məhz belə yumoristik-kinayəli gülüş zəminində yazılıb. Kinayəli gülüş adi gülüş deyil, fəlsəfi gülüşdür. Ümumiyyətlə, gülüş xalq idrakının aydınlığını və dərinliyini ifadə edir. Gülüş kamillik mədəniyyəti, həm də elə bir zirvədir ki, hər xalq, hər sənətkar bu zirvəyə çıxa bilməz. Ciddi şəxsiyyət, saf və ləyaqətli türk oğlu Mir Cəlalın hekayələri və bütün əsərləri belə bir gülüş zəminində yazılmışdır.

1932-ci ildə gənc yazıçı Mir Cəlalın "Sağlam yollarda" adlı ilk hekayələr kitabı çap olunub. 1932-ci ildən 1978-ci ilədək 40 ilə yaxın bir dövrdə Azərbaycan ədəbiyyatının bənzərsiz hekayənəvisi Mir Cəlal hekayə janrının, bütövlükdə ədəbiyyatımızın nüfuzunu qorudu və ümumxalq hörməti qazandı. Mir Cəlalın yaradıcılığı haqqında sanballı monoqrafiyanın müəllifi, ədəbiyyatşünas Yaqub İsmayılov yazıb: "O, hər şeydən əvvəl, mahir hekayə ustasıdır. Sovet dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafında böyük xidmətlər göstərmişdir. İnsanda sağlam duyğular, xoş arzu, ümidlər oyadan, gerçəkliyə baxışda həqiqət işığı, tənqidi ruh və ayıqlıq hissi gətirən, haqsızlığa, nöqsan, eybəcərlik və mənfiliyə qarşı mübarizə keyfiyyəti aşılayan bədii gülüş ədibin yaradıcılığında mühüm tərkib hissə, əsas estetik əlamət və məziyyətlərdəndir".

Göründüyü kimi, tədqiqatçı-alim ədibin hekayələrində qabarıq görünən iki başlıca istiqaməti ön plana çəkir: gerçəkliyə baxışda həqiqət işığı, tənqidi ruh və gerçəkliyə qarşı mübarizə keyfiyyəti aşılayan bədii gülüş! Bu o deməkdir ki, tənqidi realizmlə romantik səmimiyyətin vəhdəti Mir Cəlalın hekayələrinin poetik və estetik konsepsiyasını təşkil edir.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsində Mir Cəlalın şəxsi arxivi sistemləşdirilmiş vəziyyətdə saxlanılır. Şəxsi arxivlə tanışlıq zamanı müəllifin ailə üzvlərinə, dostlarına məktublarını, roman və hekayələrin əlyazmalar variantında, yazıçının xətti ilə olduğu kimi, orijinal vəziyyətdə oxumaq xüsusi bir hissdir.

2017-ci ildə Milli Arxiv İdarəsində Mir Cəlal müəllimin şəxsi arxivində saxlanılan hekayələrlə tanış olduqdan və 2013-cü ildə çap olunan 5 cildliklə müqayisə etdikdən sonra məlum oldu ki, müəllifin nəşr olunmayan 11 hekayəsi var. Bunlar "Yanşaq", "Zirəklik", "Ölü soyan", "Qayğı", "Ulduz kəndinin şəfəqləri", "Tərpənir", "Söylənməyən nitq", "Sorağın gəlsin", "Oturaqlar", "Xallı muncuq", "Sünbül" hekayələridir.

2021-ci ildə "Ədibin evi" tərəfindən "Qayğılar" adlı kitabı çap edilmişdir. Kitaba daxil edilmiş "Qayğılar" romanı Elnur İmanbəyli, hekayələr isə tərəfimizdən Milli Arxiv İdarəsində üzə çıxarılmışdır. 1930-cu illərə aid olan bu əsərlər ilk dəfə kitab şəklində 2021-ci ildə işıq üzü görmüşdür. "Qayğılar" romanı Azərbaycan kəndində kollektivləşmə prosesindəki təzadlardan bəhs edir. Kitaba daxil edilmiş hekayələrdə Mir Cəlalın bədii üslubunun səciyyəvi cəhətlərindən irəli gələn maraqlı əhvalatlar, gülüş doğuran hadisələr, tipik obrazlar və həyat lövhələri nəzərə çarpır.

"Tərpənir"də hekayə bir nəfərin dilindən danışılır: "Səhər tezdən həmişəki kimi həyətdən müxtəlif səslər eşidilirdi. Kimisi gilas, kimisi göyərti, kimisi ərik satırdı. Bu səslər içərisində bir kişinin "tərpənir" var, "yaxşı tərpənir var" deməsi məni təəccübləndirdi. Düşündüm ki, yəqin təzə balıq gətiriblər. Pəncərədən boylandım ki,

- De görüm tərpənən nədir? Niyə tərpənir? Necə tərpənir? Balıq neçiyədir?

Kişi dedi:

- Balıq yoxdu, yoldaş!

- Təzə pənir gətirmişəm!

- Nə?

- Pənir? Yəni təzə pendir.

- Tərpənir deyirsən, biz də elə bilirik nəsə tərpənir.

Kişi matahını satıb həyətdən getdi, amma onun səsi hələ də mənim qulağımdadı".

3 səhifədən ibarət hekayədə satira ilə Naxçıvan dialektinə mənsub olan ləhcədən söhbət açılır. Bu, təkcə bir ləhcənin ifrat işlənməsinin tənqidi deyil, həm də dilə münasibətin tənqididir.

Dünya ədəbiyyatında novellanın ən yaxşı nümunələrini məşhur "Dekameron" əsərində XIV əsrin italyan yazıçısı C.Bokaçço, fransız yazıçısı Mopassan, rus ədibi A.P.Çexov, Azərbaycan yazıçıları Ə.Haqverdiyev və Mir Cəlal yaradıb.

"Zirəklik" ədibin miniatür hekayələrindəndir. Onu novella da adlandırmaq olar. İncə yumorla yazılmıs novella yazıçıya doğma mövzudadır. Novellada bir ədəbiyyat müəlliminin - Mehralı müəllimin "zirəkliyindən" bəhs olunur. Hekayə ədəbiyyat müəllimi işləyən yazıçının ciddi mülahizələri ilə başlayır: "Zirəklik özü böyük bir qabiliyyətdir. Hər kəsdə olmaz. O adamın ki, zatında qoyulmayıb, ha çalışa, zirək ola bilməz. Lap bizim ədəbiyyat müəllimi ola. Bunun zirəkliyinin vəsfi üçün bircə söhbət kifayətdir. Ədəbiyyat müəllimliyi də adamın Allahı var, çox çətin işdir; qədimdən çətin işdir. Gərək yüzlərlə kitab oxuyasan, illah da indi; müəllim bir yazıçının tərcümeyi-halını keçənədək, bir də görürsən avtorun iki romanı çıxdı... Hardan alsın boş vaxtı ki, oturub cild-cild romanları oxusun". Burada hələ gülüş, yumor yoxdur, alim Mir Cəlalın ədəbiyyat müəllimi haqqında xəfif eyhamlı mülahizələri var.

Mehralı müəllim belə bir fənd işlədir: yazıçı Bəxtiyarovun "Ağrılar" romanını tələbələrə oxudub sual-cavab yolu ilə onlardan romanın mövzusu, surət və tipləri, xarakteri, qəhrəmanın şəxsiyyəti, əsərin əsas ideyası, dili barəsində məlumat əldə edir. Birdən bir tələbə Mehralı müəllimə gözlənilməz sual verir: "Müəllim orada Nadir obrazı var ha, Nadir fəhlə sinfinin əleyhinədir, yoxsa lehinə?" Mehralı müəllim bu əngəl sualdan çaşır: "Mən səndən soruşuram: Nadir necə adamdır?

- Müəllim, bilsəm sizdən soruşaram ki...

Müəllim üzünü tələbələrə tutdu:

- Yaxşı kim deyər, Nadir necə adamdır?

Uşaqlar cavab verdi ki, Nadir geridə qalmış adamdır. Müəllim dedi:

- Deməli, Nadir fəhlə sinfinin ziddinədir".

Bu cavabla romanın məzmunundan bixəbər olan Mehralı müəllim özünü möhkəm dolaşdırır.

"Ön cərgədən bir tələbə etiraz elədi:

- Yox müəllim, Nadir fəhlə tərəfdarıdır, ancaq savadı yoxdur. Müəllim tələbələrə tünd baxdı.

- Bəs mən deyirəm, kilsəyə söymürəm ki...".

Müəllimin "zirəkliyi" bununla bitmir. O, "Ağrılar" romanı haqqında sizə məlum təhlillərini bir tələbəyə "Ağrılar" romanı haqqında mülahizələrim" adlı məqalə tərzində yazdırıb çap üçün redaksiyaya göndərir. Yazıçı bu novellada təhsil sistemini lağa qoyur və ziyalılıqdan uzaq, məsuliyyətsiz müəllimi tənqid edir. Verilən parçalardan da göründüyü kimi, hekayənin dili sadə, lakonik və koloritlidir. Mir Cəlalın hekayələrində çox nadir hallarda mürəkkəb cümlələr işlənir, o, sadə və obrazlı üslubun əvəzsiz ustasıdır. Yazıçının yaradıcılığının müvəffəqiyyətli cəhətlərindən biri də onun dilinin yorucu olmaması və dinamikliyidir. Müəyyən bir fikrin sadə və xırda cümlələrlə ifadəli verilməsi, dialoqların təbii ölçüdə, qayda ilə qurulması, nəhayət, danışığın tiplərə müvafiq və onlar üçün xarakterik olması Mir Cəlalın dilinin bədii xüsusiyyətini təşkil edir.

30-cu illərin sonunda gənc yazıçının ilk əsərləri haqqında tənqidçi Orucəli Həsənovun uzaqgörənliklə yazdığı sözlər sonralar özünü doğrultdu: "Mir Cəlal gənc nasirlərimiz arasında yoldaşlarına bənzəməyən müstəqil bir yazıçıdır. Oxucular Mir Cəlalı əsl sənət nümunələrilə daha da irəliləmiş, sosialist realizmi yollarında daha böyük müvəffəqiyyətlər əldə etmiş bir yazıçı kimi görmək istəyir". Əmək, istehsalat mövzusunda yazılmış "Sünbül" hekayəsi Mir Cəlal üslubunun, yaradıcılığının maraqlı nümunələrindən sayıla bilər. Burada əbədi yaddaşda qalan ecazkar uşaqlıq dövrünün sehrli romantikası ilə bərabər, Mir Cəlal üslubunun sadəliyi və təbiiliyi də var: "İnsanın ən yaxın dostu, sirdaşı, uşaqlıq yoldaşıdır. Bu dostluğun heç bir başqa niyyəti, məqsədi olmur. Sünbül ilə bir məktəbdə, bir partada oturmuşuq. Bir müəllimdən dərs almışıq. Gündəlik normamızı bir yemişik, bir sevinmişik. Sünbüldən 10-12 yaşında ayrıldım...".

Mir Cəlal müəllimin müasiri, XX əsr Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiq yazırdı ki, "mən yazıçılığıma görə müəllimliyimə borcluyam". Bu sözləri Mir Cəlal barəsində də demək olar. Onun maarif, məktəb mövzusunda yazdığı hekayələrin qəhrəmanı məhz maarifpərvər ədibin özüdür. Dahi şairimiz M.Ə.Sabirə ithaf olunmuş "Ulduz kəndinin şəfəqləri" hekayəsi bu baxımdan nümunə ola bilər: "Mən müəlliməm, ömrümü uşaqlara dərs verməklə keçirmişəm. Özü də o yan-bu yana qaçmamışam. Həmişə bir kənddə - dağların qoynunda yerləşən Ulduz kəndində işləmişəm.

Bəzi yoldaşlar oturub-durub öz peşəsindən narazılıq edirlər. Biri deyir, müəllimlik ömür çürüdən şeydir, biri deyir, uşaq ilə çənə-boğaz olmaq çətin peşədir, biri deyir, indi uşaqlar dərs oxumur, üzə dururlar...

Mən müəllimliyə müqəddəs bir sənət kimi baxıram...". Bu hekayənin bədii məziyyətlərindən daha çox, ideyası maraqlıdır. Müəllim şəxsiyyətinin təkcə təhsildə deyil, millətin tarixi taleyində mühüm əhəmiyyət kəsb etdiyi dövrümüzdə Mir Cəlalın bu tipli hekayələri aktualdır.

"Oturaqlar" hekayəsi təqaüdə çıxıb boş-bekar qalan, səhərdən-axşamadək idarədə oturub məsul işçi dostlarına göz verib, işıq verməyən, öz mənasız söhbətləri ilə baş ağrıdıb vaxt alan üzdəniraq insanların ifşasına həsr olunub. Hekayə Mir Cəlala məxsus kinayə ilə yazılıb.

"Sorağın gəlsin" Mir Cəlalın cəbhə hekayələrindəndir. Gözəl Şirvan elində böyük sevgi ilə dərs deyən Hacıbaba müəllim bir yay məktəbi qoyub cəbhəyə getməli olur. Onu sevgilisi əvəz edir, Hacıbaba müəllimə layiq olmağa, onun şagirdlərini sevməyə başlayır. Hacıbaba Məmmədov da İsrafil Məmmədov kimi qəhrəmanlıq göstərir, zabit rütbəsinə yüksəlir.

Qədim və orta əsr Azərbaycan ədəbiyyatında işıq fəlsəfi məzmun daşıyan, mənbəyi ilahidən gələn gözəl obrazdır. "Avesta" abidəsində, "Məlik Məmməd" nağılında, İşraqilik fəlsəfəsində (Sührəvərdi) işıq gözəllik, xeyir, nəciblik, mənəvi güc kimi vəsf olunub. Hürufilər "insan həqdən qopmuş nur parçasıdır" deyirlər. Mir Cəlal haqqında xatirələrin birində deyilir: "Mir Cəlal müəllimi yaxından tanıyanların hamısı yaxşı bilir ki, o, işığı çox sevirdi. Həm öz evlərində, həm də qonaq getdiyi yerlərdə içəri girən kimi bütün otaqlarda işıqları yandırardı. Çünki işıq, nur onun qəlbində, varlığında yaşayırdı, əsas, dəyişməz hobbisi idi. Onun üçün ilahi gözəlliyin mənbəyi, varlığın əsası idi. O, yaxşı bilirdi ki, işıq, nur insana daxili hərarət, inam mənbəyi, gözəllik bəxş edir. İşıqsız, nursuz gözəllik həyatda təzahür etməzdi, gizli qalardı və insanlıq bu ülvi nemətdən, əvəzsiz zövq mənbəyindən həmişəlik məhrum olardı, bir bioloji varlıq kimi başqa canlılardan seçilməzdi, kor qalardı". Mir Cəlalın sadəlik və müdriklik üstə köklənmiş, bədii elmi, pedaqoji fəaliyyəti öz enerjisini məhz bu işıqdan alır, zülmətləri dağıdıb işığa doğru can atır, aləmi nura qərq etmək istəyir. Onun çap olunmamış hekayələri də sadəlik işığında yazılıb.

Mir Cəlal şəxsiyyətinin böyüklüyü onun bütöv yazıçı olmasında idi. O, sovet rejiminin bir sıra qadağalarına məhəl qoymayaraq, əsərlərində xalq həyatının mənəvi problemlərini əks etdirirdi. Yazıçının əsərlərinin dili və üslubu sadə, səmimi, yığcam və dolğun idi. Oxucuya tez və asanlıqla çatır, onun qəlbindən xəbər verirdi.

Ədib Azərbaycan gülüş mədəniyyətinin əksər formalarından sənətkarlıqla istifadə edirdi. Yumor, satira, kinayə onun hekayələrinə məzəli bir aura gətirir, cəmiyyətdəki mənfi halları, mənfi tipləri gülüş hədəfinə çevirməsi oxucuların ürəyindən xəbər verirdi. Yazıçı hekayəni elə yazırdı ki, sanki oxucu ilə üzbəüz oturub maraqlı bir əhvalat danışır, duzlu-məzəli söhbət edir. O, oxucunu özünün maraqlı həmsöhbətinə çevirməyi bacarırdı.

Mir Cəlal güldürə-güldürə düşündürən hekayələri, məzmun və formaca zəngin romanları, mənalı və şərəfli elmi-pedaqoji fəaliyyəti və ən əsası, xeyirxah insan və bütöv xarakter ilə milli ədəbiyyatımız, elm və mədəniyyətimizin tarixində əbədi yaşayan Şəxsiyyətdir!

Aytən ƏLİYEVA,

AMEA Mərkəzi Elmi Kitabxanasının

"Biblioqrafik və elektron informasiya xidməti" şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru.