Kənd təsərrüfatı və iqlim dəyişmələri arasında harmoniya təşəbbüsü
İqtisadiyyat

Kənd təsərrüfatı və iqlim dəyişmələri arasında harmoniya təşəbbüsü

İqlim dəyişmələri bəşəriyyət üçün əsas təhdidlərdən biri olaraq qalır. İstixana qazlarının tullantıları xarici amillərdəndir və dünyanın üzləşdiyi ən böyük təhdiddir. İqlim dəyişmələrinin mənfi nəticələri sektorlara görə fərqlənir. Kənd təsərrüfatı tullantıların və temperaturun artması səbəbindən xeyli dəyişikliyə məruz qalan və ən çox zərərçəkən sahələrdən biridir. Öz növbəsində, kənd təsərrüfatının inkişafı da istixana qazlarının tullantılarının artmasına səbəb olur.

Hesablamalara əsasən qlobal istiləşmə ən nikbin proqnozlara görə, kənd təsərrüfatı istehsalının həcmini 25 faizə endirə bilər. Avropada aparılan tədqiqatların nəticələri göstərir ki, iqlim dəyişmələri kənd təsərrüfatı sektorunda böyük itkilərə səbəb ola bilər. Yüksək temperatur kənd təsərrüfatının məhsuldarlığını azaldır.

Aparılan tədqiqatlar iqlim dəyişmələrinə nəzərəçarpacaq dərəcədə uyğunlaşma olmadıqda gələcəkdə iqlim dəyişmələri zamanı əhəmiyyətli xərclər proqnozlaşdırır. Proqnozlara əsasən temperatur və yağıntının miqdarında dəyişikliklər 2050-ci ilə qədər ərzaq qiymətlərinin yüksək dərəcədə artmasına səbəb olacaq. Belə ki, 2050-ci ilə qədər ərzaq qiymətləri 84 faizə qədər arta bilər. Kənd təsərrüfatı sektoru üçün iqlim dəyişmələrinin birbaşa nəticələrinə temperaturun artması, hava dəyişkənliyi, aqroekosistemlərin, invaziya növlərinin və zərərvericilərin yerlərini dəyişməsi, habelə ekstremal hava şəraiti daxildir. Bu, əsasən taxıl bitkilərinin, heyvandarlıq sahələrinin məhsuldarlığını, eyni zamanda ərzaq məhsullarının keyfiyyətini azaldır. İqlim dəyişmələri məhsullarının qiymətlərinin artmasına təsir edir ki, bu da azgəlirli və idxaldan asılı olan ölkələrdə ciddi narahatlığa səbəb olur.

Kənd təsərrüfatı fəaliyyəti, xüsusən də qida məhsullarının istehsalı üçün bitkilərin becərilməsi və heyvandarlıq ekologiyanın dəyişməsində mühüm amildir. Kənd təsərrüfatı torpaqlarının becərilməsinin müxtəlif üsulları, o cümlədən sintetik və üzvi gübrələrin tətbiqi, torpaqların qurudulması və suvarma işləri torpaqlarda azotun miqdarını artırır və azot oksidinin tullantılarına səbəb olur.

Dünya Bankı qeyd edir ki, hazırda istixana qazlarının ümumi tullantılarının 19-29 faizi kənd təsərrüfatının payına düşür. Bankın ekspertlərinin rəyinə əsasən müvafiq tədbirlər görülməsə, bu faiz əhəmiyyətli dərəcədə arta bilər, çünki digər sektorlar tullantılarını azaldacaqlar.

İqlim dəyişmələrinin mənfi nəticələrini yumşaltmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd təsərrüfatına iqlimə optimallaşdırılmış yanaşma tətbiq etməyi təklif edir. Yanaşma üç əsas məqsəd daşıyır. Birincisi, kənd təsərrüfatının məhsuldarlığını və gəlirlərini artırmaq, ikincisi, iqlim dəyişmələrinə uyğunlaşmaq və davamlılığı artırmaq, üçüncüsü, istixana qazlarının tullantılarını azaltmaq və ya aradan qaldırmaq. Lakin uyğunlaşma strategiyasında ölkələrarası fərqlər önəmlidir. Bu prosesdə inkişaf etmiş ölkələr lider mövqeyindədirlər.

İnkişaf etməkdə olan və gəlirləri az olan ölkələrdə vəziyyət fərqlidir. Bu ölkələrdə ənənəvi kənd təsərrüfatı əsas gəlir mənbəyi olaraq qalır. Fermerlər uyğunlaşma strategiyasını təkcə maliyyə və texnoloji məhdudiyyətlərə görə deyil, iqlim və kənd təsərrüfatı arasında əlaqələr barədə kifayət qədər məlumatlı olmadıqlarına görə də nəzərdən keçirmirlər. Aqrobiznesin nümayəndələri də iqlim dəyişmələri şəraitində sektorun gələcəyindən narahat olmalıdırlar. Lakin kənd təsərrüfatı korporasiyaları bu qlobal problemə fərqli reaksiya verirlər.

Beləliklə, iqlim dəyişmələri kənd təsərrüfatı sahəsinə mənfi və müsbət təsir göstərir. Mənfi nəticələrin yumşaldılması üçün qarşılıqlı çoxtərəfli əməkdaşlığa böyük ehtiyac var, çünki ayrı-ayrı ölkələr bu problemləri həll edə bilmirlər. İnkişaf etmiş ölkələr və beynəlxalq institutlar inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrə uyğunlaşma strategiyalarında kömək etməlidirlər. İri korporasiyalar hökumətlərlə birlikdə kənd təsərrüfatı üçün əlverişli yeni texnologiyalara investisiya yatırmalı, həmçinin ərzaq idarəetmə sistemlərini dəyişdirməlidirlər. Bu siyasət kənd təsərrüfatının davamlı inkişafına kömək edə bilər.

İqlim dəyişmələri artıq təbiətə və insan orqanizminə təsir göstərir, o cümlədən suyun miqdarı və keyfiyyətinin dəyişməsinə səbəb olur və bir çox yerüstü, şirin su və dəniz növləri üçün coğrafi areallarda, fərqli mövsümlərdə miqrasiyanın xarakterində, növlərin sayında və digər növlərlə qarşılıqlı əlaqədə dəyişikliyə səbəb olur. Bununla yanaşı, əksər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına müsbət xarakterdən daha çox mənfi təsir göstərir. İqlim dəyişmələri genlərdən ekosistemlərə qədər müxtəlif səviyyələrdə bioloji sistemlərə təsir edir. Üstəlik, XXI əsrdə və sonrakı dövrdə mövcud olan risklər, xüsusən də şirin su çatışmazlığı artır və yeni təhlükələr meydana gəlir.

Bu nöqteyi-nəzərdən bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) COP29 konfransı məhz bu problem ətrafında debatların aparılması və iştirakçı dövlətlərin yekun rəyə gəlməsi üçün xüsusi önəm kəsb edir. Qeyd etmək lazımdır ki, COP29-un Fəaliyyət Gündəliyində duran "İqlim Dayanıqlılığı üçün HARMONİYA: Fermerlərin, kəndlərin və kənd icmalarının gücləndirilməsi" təşəbbüsünə ümidlər böyükdür.

Harmoniya təşəbbüsü COP29 tədbiri zamanı müxtəlif təşəbbüsləri, koalisiyaları, şəbəkələri və tərəfdaşlıqları birləşdirməklə, təcrübə mübadiləsi, sinerji və boşluqları müəyyənləşdirəcək, həmçinin kənd təsərrüfatı, qida və su sistemi üzərində cəmlənmiş birgə səyləri təşviq etməklə, kənd ərazilərində yerli icmalar və qadınların səlahiyyətlərini artırmaq üçün aqreqator kimi çıxış edəcək.

Bu gün qlobal iqlim dəyişmələrinin nəticələrini dəqiq hesablamaq mümkün deyil. Buna baxmayaraq, əminliklə deyə bilərik ki, Azərbaycanın yaranmış vəziyyətə cavab vermə potensialı digər ölkələrə nisbətən daha çoxdur. Azərbaycan ərazisi müxtəlif iqlim zonalarını və əhəmiyyətli su resurslarını əhatə edir. Lakin iqlim çağırışlarına cavab vermək üçün prosesləri öyrənmək və onlara uyğunlaşma proqramlarını vaxtında hazırlamaq lazımdır. Bundan əlavə, dünyada istehlakın həcminin və strukturunun dəyişməsini izləmək, dəyişikliklərin harada baş verəcəyini və gələcəkdə hansı bölgədə hansı məhsulların tələb olunacağını proqnozlaşdırmaq və onlara hazır olmaq da vacibdir.

Aygün İBRAHİMOVA,

"Respublika".