Kəlbəcər: Bərpa-quruculuq inkişaf nümunəsinə çevrilib
Sosial həyat

Kəlbəcər: Bərpa-quruculuq inkişaf nümunəsinə çevrilib

Kompleks layihələrin icrası ölkə başçısının qətiyyətinin və iradəsinin təcəssümüdür

Bu gün dünya Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə şahid olur. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Aparılan kompleks bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfər ediblər. Ölkə başçısi Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub. Qəsəbə Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, "townhouse" tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beşotaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək. İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq. Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində "Azərişıq" ASC-nin 110/35 kV-luq "İstisu" yarımstansiyasının açılışında iştirak edib. Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" sanatoriyasının və "İstisu" mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə "İstisu" yarımstansiyası inşa edilib. Bu yarımstansiya 110/35 kV-luq "Kəlbəcər" yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35 kV-luq "Qorçu" və "Laçın" yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.

Bərpa-quruculuq işləri inkişaf nümunəsinə çevrilib. Hazırda layihələrin uğurlu icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir. Bu gün otuz illik işğaldan sonra yenidən öz əzəli və əbədi sahiblərinə qovuşmuş həmin torpaqlar yenidən dirçəlir, canlanır. Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Bu gün işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi, Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır. Özünün quruculuq-abadlıq dövrünü yaşayan Kəlbəcərdə yaradılan infrastruktur tezliklə kəlbəcərlilərin də dədə-baba yurdlarına qayıdacağından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub. Bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunacaq.

Ötən il dövlət başcısının Kəlbəcərə səfəri çərçivəsində "İstisu" mineral su zavodunun təməlini qoymuşdur. İstifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-650C-yə bərabərdir. Qeyd edək ki, "İstisu" bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər. Zavod uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda "İstisu" Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Yenidən inşa edilən "İstisu" Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Hazırda kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır. Kompleksin SPA Mərkəzinin mineral sularla müalicə, pelioidterapiya (palçıqla müalicə) və klimatoterapiya (iqlim müalicəsi) istiqamətləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planı onun təbii gözəlliyini ehtiva edir. Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr işğaldan azad oldu.

Bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

Kəlbəcərdə həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulur. Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.

Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. "Yaşıl enerji" strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir. Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq "AzərEnerji" ASC tərəfindən Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər" SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq "Zəngilan" SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir. Dövlətimizin başçısı və birinci xanım Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "AzərEnerji" ASC-nin 22,5 MVt gücündə "Yuxarı Vəng" Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

Həmçinin cənab Prezident "AzərEnerji" ASC-nin 4,3 MVt gücündə "Zar" Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə "Toğanalı" KSES-in açılışını edib. Bu Kiçik Su Elektrik stansiyaları cəmi bir il ərzində tikilib. Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərinti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində yaşıl enerji istehsal edəcək su elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir.

Hazırda Kəlbəcərdə müasir standartlara uyğun şəkildə abadlıq-quruculuq işləri aparılır. Kəlbəcərə dağ yollarından gedişi asanlaşdırmaq üçün yeni yol və tunellər çəkilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Kəlbəcərə səfərlər edərək tikinti və abadlaşdırma işlərinə nəzarət edir. Göründüyü kimi, Kəlbəcərlə bağlı dövlətimizin başçısının verdiyi vədlər artıq yerinə yetirilir və Kəlbəcərə də firavan həyat qayıdır.

Mustafa KAMAL,

"Respublika".