"Yaşıl iqtisadiyyat"a keçid dünya ölkələrinin proritetlərindən biridir. Ümumiyyətlə, bu model qlobal ekoloji problemlərin öhdəsindən gəlmək üçün iqtisadi artım ilə ətraf mühitin mühafizəsi arasında tarazlıq yaratmağı hədəfləyir. Əsas hədəf iqtisadi artım zamanı təbii ehtiyatlardan səmərəli və dayanıqlı istifadəni təmin etməklə ətraf mühitə təsirlərin azaldılması və ekoloji tarazlığı qorumaqdır. "Yaşıl iqtisadiyyat" modelində ətraf mühitin qorunması, eyni zamanda dairəvi iqtisadiyyata keçid məqsədilə tullantıların idarə edilməsi və onların təkrar emalı olduqca vacib məsələlərdəndir. Təbii ehtiyatlardan səmərəli istifadə, artan tələbatın qarşılanması, bərpaolunan enerjidən istifadə, karbon emissiyasının azaldılması, tullantıların idarə edilməsi, iqtisadi inkişafın ətraf mühitə, ekologiyaya zərərlərinin aradan qaldırılması əsas məqsəddir.
Tullantı dedikdə istehsal prosesində, kənd təsərrüfatında, xidmət sahələrində, istehlakda əmələ gələn və istifadəsi mümkün olmayan, habelə texnoloji prosesin gedişində ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən maddələr, əşyalar və materiallar nəzərdə tutulur. Lakin bu tullantıların içərisində öz dəyərini tamamilə itirməyən böyük həcmdə materiallar da var. Təkrar emal proseslərindən keçirərək onlara yeni həyat verilir. Ümumiyyətlə, tullantı poliqonlarına atılan bərk məişət tullantılarının bioloji parçalanan komponentləri (məsələn, kağız və qida tullantıları) karbondan 20 dəfə daha güclü istixana qazı olan metanın yaranmasına səbəb olur ki, bu da qlobal ekoloji problemlərə gətirib çıxarır. Digər komponentlər, məsələn, tullantılardan sızan sular havada və səth sularında ciddi çirklənməyə, ətraf ərazilərə pis qoxuların yayılmasına, yerüstü-yeraltı suların, torpağın, havanın çirklənməsinə səbəb olur. Tullantıların idarə edilməməsi xaotikliyə, onların qeyri-qanuni şəkildə yolların kənarına, meşəyə, zibilliklərə, göllərə və çaylara atılması və ya düzgün olmayan şəkildə yandırılması qeyri-effektiv idarəetməyə gətirir. Eyni zamanda insan sağlamlığına mənfi təsir edir, heyvan və bitkilərə zərər vurur, infeksion, patogen çirklənmələr, yoluxucu xəstəliklər, yanğın riskləri ilə nəticələnir. Bərk məişət tullantılarının anbarlaşdırıldığı zibilxanalar tərkibindəki təkrar emala yararlı olan komponentlərin itkisindən əlavə çox böyük sahələrin təbiət və kənd təsərrüfatı dövriyyəsindən çıxarılmasına gətirir. Bundan başqa, bərk məişət tullantılarının zibilliklərə daşınmasına sərf olunan nəqliyyat xərcləri də böyük olur.
Bir bu faktı qeyd etmək lazımdır ki, dünyada hər il orta hesabla 2.2 mlrd ton bərk məişət tullantısı meydana gəlir. Bu, orta hesabla dünyada hər gün adambaşına 0.75 kiloqram tullantı yaranması deməkdir. Bu, ölkələrin inkişaf səviyyəsinə görə 0.11 ilə 4.54 kiloqram arasında dəyişir. Araşdırmalar göstərir ki, 2050-ci ildə dünya əhalisinin sayı 9.8 mlrd nəfərə çatacaq, tullantı miqdarı isə 3.4 mlrd. tona qədər artacaq. Yəni istehsalın və istehlakın artması ilə təcəssüm olunan iqtisadi inkişafın, təbii sərvətlərdən istifadənin artması, buna adekvat olaraq daha çox tullantı formalaşdırması və ətraf mühitə daha çox ziyan vurması riskini yaradır. Bunun üçün də iqtisadi artım ilə ekoloji dayanıqlılıq arasında çox mühüm əlaqə quran "yaşıl iqtisadiyyat" nəzarətsiz iqtisadi artımın yaratdığı mənfi xarici təsirlər və bunun təbii nəticəsi olan ekoloji problemlər arasında əlaqələri tənzimləmək, aradan qaldırmaq məqsədi daşıyır. Başqa sözlə, "yaşıl iqtisadiyyat" lazım olduğu qədər təbiətdən götürmək" və "çoxu azla istehsal etmək və daha az tullantı formalaşdırmaq" prinsiplərinin həyata keçirilməsi deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkə üzrə ildə orta hesabla 4 mln. ton tullantı yaranır ki, bunun 67 faizini bərk məişət, 33 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində əmələ gələn tullantılar təşkil etmişdir. Formalaşmış 2.6 mln. ton bərk məişət tullantısından 78.3 faizi poliqonlara daşınmış, 21.2 faizi enerji əldə olunması məqsədilə istifadə edilmiş, 0.5 faizi isə ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt saat elektrik enerjisi istehsal olunmuşdur. Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 28,5 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 42,7 faizi ölkə daxilində satılmış, 3,8 faizi ixrac olunmuş, 13,8 faizi zərərsizləşdirmək məqsədilə poliqonlara daşınmış, 11,2 faizi isə müəssisələrdə qalmışdır. Yalnız 1.5 mln. tonu, yəni cəmi 41 faizi təkrar zərərsizləşdirilmiş və ya təkrar istifadə edilmişdir. Adambaşına düşən tullantı miqdarı isə 395 kq olub.
Bəs cəmiyyət və istehsalçılar bu tullantıları azaltmaq üçün nələr etməlidir?
Bunun üçün ilk öncə tullantıların idarə edilməsi üçün bütün dünyada qəbul edilən 3 R metoduna ciddi yanaşmalıyıq. Bunlar:
- Önləmə - Qarşısını alma (Reduse) - tullantıların formalaşmasının minimizə edilməsidir. Yəni elə etməliyik ki, tullantı formalaşmasın və ya minimum şəkildə formalaşsın.
- Təkrar istifadə (Reuse) - formalaşan tullantılardan mümkün olduqca eyni və ya fərqli məqsədlər üçün istifadə etməyə çalışmalıyıq.
- Təkrar emal (Recycl) - təkrar istifadəsi mümkün olmayan tullantılardan xam maddə əldə etmək üçün fiziki və ya kimyəvi proseslərdən keçirilməsi ilə onlara yeni həyat verilməsini təmin etməliyik.
Göstərilən metodun ilk iki addımı olan önləmə və təkrar istifadə, ümumiyyətlə, investisiya tələb etməyən və hüquqi tənzimləmə, ictimaiyyətin məlumatlandırılması ilə tətbiq edilə bilən təsirli və əhəmiyyətli azalmaya xidmət göstərən üsullar olsa da, qlobal miqyasda istehsalın, ticarətin intensivləşməsi səbəbindən yalnız bu metodlarla tullantıların yaranmasının, azalmasının qarşısını almaq mümkün deyildir. Bu səbəbdən, tullantıların idarə edilməsi iyerarxiyasının ən vacib elementi olan, üçüncü səviyyədə yer alan təkrar emala xüsusilə önəm verməliyik. Bu metodun köməyilə ayrı-ayrılıqda toplanaraq, təkrar emal olunan tullantıların ikinci dərəcəli xammala çevrilməsi asan, sürətli və daha effektivdir.
Ümumiyyətlə, dünya üzrə formalaşan tullantı kompozisiyasına baxdıqda görürük ki, burada ən böyük paya sahib (44%) qida və "yaşıl tullantı"lardır. Sonrakı yerləri 17 faiz kağız/karton, 12 faiz plastik, 5 faiz şüşə, 4 faiz metal, 2 faiz rezin, 2 faiz ağac, 14 faizi isə digər tullantılar tutur. Kağız/karton tullantılarının ikinci sırada yüksək paya sahib olmasının əsas səbəbi onun qablaşdırma materialı olaraq digərləri ilə müqayisədə daha çox istifadə edilməsi (36 faiz kağız/karton, 34 faiz plastik, 20 faiz metal, 10 faiz şüşə) və əhalinin bu materiala olan tələbatının günü-gündən artmasıdır. Kağız/kartondan olan qablaşdırma materialları aşağıdakı üstünlüklərə malikdir.
- Parlaq və düzgün səthə sahib, digər növ qablaşdırma materialları ilə müqayisədə daha ucuz, ekoloji təmiz və geri dönüşümlü olması, çeşidli biçimlərdə və ölçülərdə istehsal edilməsi, yüngül olması və boş olaraq daşınmada üst-üstə yığılma rahatlığı, üzərinə hər cür reklam və dizayn işləri edilə bilməsi, fərqli şəkillərdə təklif olunması.
Yuxarıdakı statistik datalardan göründüyü kimi, il ərzində dünyada 340 mln tondan çox kağız-karton tullantısı formalaşır. Əgər biz bu tullantıları təkrar emal etməsək, qablaşdırma materiallarına olan tələbatı ödəmək üçün əsasən ağaclardan emal edilmiş selulozdan istifadə etməli olarıq. Bu isə il ərzində təxminən 5 mlrd ədəd ağacın kəsilməsi deməkdir (dünyada təxminən 3.1 trilyon ağac vardır). Rəqəmlərdən göründüyü kimi, bu, olduqca böyük bir göstəricidir və hər il ərzində dünya meşə təsərrüfatının 1.5 faizinin sadəcə qablaşdırmaya olan tələbatın ödənilməsi üçün kəsilməsi deməkdir. Bu və ya digər üstünlüklər səbəbindən kağızın təkrar emalı ciddi ekoloji və iqtisadi faydalara malikdir.
Ölkəmizin tullantı statistikasına görə, il ərzində formalaşan bərk məişət tullantılarının orta hesabla 230-260 min tonu təkrar emala yararlı olan kağız karton tullantılarıdır. Əgər biz bu miqdarda kağız/karton tullantılarının heç olmazsa 40-50 faiz toplayıb, çeşidləyib təkrar emala qata bilsək, il ərzində ortalama 100-120 min ton kağızı təkrar emaldan istehsal edərək onlara yeni həyat verə bilərik. Statistik məlumatlara əsasən, ölkəmizdə təkrar emal 15 faizdir. Məlumat üçün bildirim ki, bu, bir çox ölkələrin təkrar emal faizindən aşağıdır. Nəzərə almaq lazımdır ki, əksər ölkələrdə kağız/kartonun təkrar emal faizi 40-65 faiz aralığındadır.
"Azərsun Holding"in tərkibində fəaliyyət göstərən, 2014-cü ildən Prezident İlham Əliyev tərəfindən açılışı edilən müəssisəmiz "Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC" "təbiətə qayğı, ətraf mühitin qorunması" ideyalarının bariz təcəssümüdür. Məlumat üçün bildirim ki, şirkətimiz bu il ölkəmizdə keçiriləcək mötəbər COP29-un Dayanıqlı İnkişaf üzrə tərəfdaşıdır. Abdulbarı Gözəl bəyin bildirdiyi kimi, "biz inanırıq ki, COP29 ilə tərəfdaşlığımız sayəsində daha dayanıqlı gələcəyə öz töhfəmizi verəcək və "Azərsun"un dayanıqlı inkişafa sadiqliyini bir daha sübut edəcəyik".
Bu gün kombinatımızda həyata keçirilən kağızın təkrar emalı sənayesinin ağaclardan kağız istehsalına görə müqayisədə ekoloji faydalarını saymaqla bitməz. Bunun əsas səbəbi ondan ibarətdir ki, yuxarıda qeyd etdiyimiz məsələlərlə yanaşı, hər şeydən öncə dünyamızın ağciyəri olan meşə təsərrüfatını qorumuş və bu yolla kağızın istehsalında birinci ilə müqayisədə bir çox proseslərin həyata keçirilməsinə ehtiyac qalmadığından təbii resurslara, enerjiyə ciddi qənaət etmiş oluruq. Qeyd edilənləri və aşağıda göstərilən faktları nəzərə alsaq kağızın təkrar istehsalı özlüyündə "yaşıl istehsal"dır.
- Hər 54 kq qəzet kağızının təkrar emalından bir ağacın kəsilməsinin qarşısını almış oluruq (Government of Canada, Digital Collections).
- Təkrar emal olunmuş kağızın hər tonu 17 ağacın kəsilməsinin qarşısını alır (Purdue Research Foundation and US Environmental Protection Agency).
- Təkrar emal edilə bilən kağızlardan fotokopiya kağızları, kağız dəsmallar və salfetlər, büzmələnmiş karton qutular, kartonlar, qəzet kağızları istehsal edilir (Environmental Health and Safety Online).
- Kəsilməsinin qarşısı alınmış hər ağac üç insanın istifadə etdiyi 12 400 m3 oksigeni istehsal edir (North Carolina Office of Waste Reduction and Recycling).
- Təkrar emal olunmuş kağıza, selulozdan istehsal edilən kağıza görə 64 faiz daha az enerji sərf edilir (Energy Educators of Ontario).
- Bir ton təkrar emal edilmiş kağız istehsalında 2,5 ton neft və 30 ton suya qənaət edilir (Waste Reduction is a Smart Business Decision, Onondaga Resource Recovery Agency).
- Hər ton kağız təkrar emal edilərkən 2,4 m3 poliqon sahəsinə qənaət olunur.
Kombinatımızın il ərzində ölkəmizə verdiyi ekoloji faydaları aşağıdakı rəqəmlərlə bir daha göstərmək istəyirəm: 850 000 ağacın kəsilməsinin, 620 mln m3 karbon qazının ətrafa atılmasının - 120 000 m3 poliqon sahəsinin tutulmasının qarşısı alınır. Eyni zamanda 2 mln. m3 suya, 87 min ton maye yanacağa qənaət edilir.
Əli MƏMMƏDOV,
"Azərbaycan Kağız və Karton
İstehsalatı Kombinatı MMC"nin fabrik müdiri,
mexanika üzrə fəlsəfə doktoru.