İlk azərbaycanlı şərqşünas alim, fundamental tədqiqatlar müəllifi
Tarixi şəxsiyyətlər

İlk azərbaycanlı şərqşünas alim, fundamental tədqiqatlar müəllifi

Görkəmli ictimai xadim Aida xanım İmanquliyevanın xatirəsinə

XX əsrin tanınmış ziyalılarından biri, dünyaşöhrətli şərqşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva dərin təfəkkürü, sağlam düşüncəsi, təvazökarlığı, parlaq əməlləri ilə adını tarixin yaddaşına əbədi yazdırıb. Bütün elmi fəaliyyətini Şərq mədəniyyəti və ədəbiyyatının tədqiqinə sərf edən və özündən sonra zəngin yaradıcılıq irsi qoyan Aida xanım ilk qadın şərqşünas və ərəbşünas alim, Azərbaycan ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcısıdır.

1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olan Aida İmanquliyeva hələ uşaq vaxtlarından elmə dərin maraq göstərmiş, məktəblər arasında keçirilən müxtəlif müsabiqələrdə böyük uğurlar qazanmışdır. Məhz bu maraq və sevginin nəticəsidir ki, təhsil aldığı 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil alan gənc şərqşünas, sonrakı illərdə bu sahədə bilik və bacarığını artırmaq üçün aspiranturaya qəbul olmuşdur. Aida İmanquliyeva 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirərək əmək fəaliyyətinə başlamışdır.

Kiçik elmi işçidən professor elmi dərəcəsinə gedən yol

Aida İmanquliyeva əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi olaraq başlamış, 1966-1976-cı illərdə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1971-1973, habelə 1979-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olan Aida İmanquliyeva 1976-1988-ci illərdə ərəb filologiyası şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən bu institutun direktoru olan Aida xanım filologiya elmləri namizədi alimlik dərəcəsi almış, həmin il Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi dərəcəsinə layiq görülmüşdür. Bütün bu müddət ərzində həm də gənc kadrların hazırlanması prosesində yaxından iştirak etmiş, şərqşünaslıq ixtisası üzrə çoxsaylı mütəxəssislər yetişdirmişdir. Məhz onun sayəsində 1966-1992-ci illərdə onlarla gənc şərqşünaslıq üzrə əsl mütəxəssis kimi formalaşmış və Şərq ədəbi tarixinin, mədəniyyətinin tədqiqinə böyük töhfələr vermişdir.

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur. O, əsl pedaqoq kimi tələbələrinə istənilən mövzu ilə bağlı öz fikir və düşüncələrini sərbəst şəkildə dilə gətirməyə şərait yaradır, onlara elmi həqiqətləri müzakirə və mübahisələr fonunda ortaya çıxarmaq, dərk etmək imkanı verirdi. Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov bu barədə deyir: "O zaman Aida xanımın gəlib Şərqşünaslıq fakültəsində mühazirə deməsi o qədər də adi hadisə deyildi. Elmlər Akademiyasından alimlər nadir hallarda gəlib mühazirə oxuyurdular. Gənc nəsillər və təcrübəli mütəxəssislər arasında münasibət də fərqli şəkildə formalaşırdı. Müəllimlərdən "yaz", "qeyd elə", "dedim, yadında saxla" kimi ifadələri eşitmişdik. Aida xanım isə başqa bir mədəniyyət gətirdi. Yəni o, elə bil elmi fəaliyyətini auditoriyada davam etdirirdi və bizi mübahisələrə, müzakirələrə dəvət edirdi. Bəzi hallarda da elə olurdu ki, nəyinsə üstündə təkid etmək, öz fikrini yuxarıdan aşağı yönəltmək əvəzinə biz onun tərəfindən müəyyən güzəşt, müəyyən başqa fikirlə razılaşmaq kimi halları görürdük".

Aida İmanquliyeva tələbələrə gələcəyin elm adamları kimi yanaşır, onlara öz fikir və mülahizələrini hər hansı təzyiq altında qalmadan, azad şəkildə irəli sürmək imkanı yaradırdı. O, öz elmi-pedaqoji tədris üsulu ilə göstərirdi ki, əsl elm inzibati amirlik deyil, azad mühit və fərqli mülahizələr fonunda inkişaf edə, fayda verə bilər.

İlklərə imza atan "zərif güc"

Aida İmanquliyeva şərqşünaslıq üzrə böyük bir məktəb yaradan təcrübəli alim olmaqla yanaşı, həm də bir çox ilklərin müəllifi idi. Hər şeydən öncə, qeyd edək ki, Aida İmanquliyeva ölkəmizdə Şərq-Qərb ədəbi əlaqələrini araşdıran ilk azərbaycanlı alim olmuş, bu sahədə qiymətli elmi əsərlər yazmış, azərbaycanlı qadınlar arasında ilk ərəbşünas elmlər doktoru kimi tarixə düşüb. Ərəb ədəbiyyatının bir çox məşhur nümunələri məhz onun tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, oxuculara təqdim olunmuşdur. O, Şərq ədəbiyyatını geniş şəkildə tədqiq etmək, poetik ruhunu, daxili estetikasını olduğu kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla Qərblə Şərq arasında elmi-mənəvi körpü yaratmışdır. Dünyanın əksər yazıçıları, elm və mədəniyyət xadimləri Şərq ədəbiyyatı, mədəniyyəti haqqında məhz Aida İmanquliyevanın əsərlərindən məlumatlanmış, Şərq ədəbi dünyasının gözəlliyini onun vasitəsilə kəşf etmişlər. Sankt-Peterburq Universitetinin professoru Olqa Frolova öz xatirələrində bu barədə demişdir: "Mən onunla ilk dəfə Tiflisdə beynəlxalq elmi konfransda görüşdüm. Tədbirə müxtəlif ölkələrdən xeyli alim gəlmişdi. Aida xanımın gözəlliyinə ilk baxışda heyran oldum. Sonra biz digər şəhərlərdə keçirilən tədbirlərdə görüşdük. Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edirlər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək lazımdır ki, dünyanın bütün ölkələrinin yazıçılarını öyrənmək, başa düşmək üçün güc alırlar".

Onun əsərləri ən etibarlı elmi istinad mənbəyidir

Aida İmanquliyevanın elmi yaradıcılığını xarakterizə edən mühüm məqamlardan biri də onun əsərlərin dərinliyi, mükəmməlliyi idi. Böyük elmi istedadını xarakterindəki dürüstlük və məsuliyyət hissi ilə birləşdirən Aida xanım, hər bir tədqiqat işinə xüsusi həssaslıqla yanaşır, zərrə qədər də olsun şübhə və ya qeyri-müəyyənliyə yol vermirdi. Məhz bunun nəticəsidir ki, əsərləri hələ onun sağlığında elm aləmində ən etibarlı istinadlardan biri kimi qəbul edilmişdir. Akademik Vasim Məmmədəliyev bu barədə yazırdı: "Aida xanım beynəlxalq aləmdə dünyanın görkəmli alimləri tərəfindən bütün şərqşünaslıq mərkəzlərində məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə olunur, çıxış nöqtəsi kimi ona müraciət edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının ayrı-ayrı problemlərini öyrənmək üçün əsas mənbə rolunu oynayır. ...Məhz Aida xanımın rəhbərliyi dövründə, onun təşkilatçılığı sayəsində Şərqşünaslıq İnstitutunun coğrafi hüdudları çox genişləndi, beynəlxalq əlaqələri gündən-günə artdı. Aida xanımın təşəbbüsü ilə Azərbaycanda simpoziumlar çağırıldı. O, həmin simpoziumların həm təşkilatçısı, həm də əsas məruzəçilərindən biri idi. Bu da Aida İmanquliyevanın beynəlxalq elm aləmində nüfuzundan irəli gəlirdi".

Peşəkar tərcüməçi

Aida İmanquliyevanın elmi-ədəbi yaradıcılığında səciyyəvi cəhətlərdən biri də peşəkar tərcüməçi olmasıdır. Aida xanım ərəb ədəbiyyatının görkəmli nümayəndələri olan Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə etmiş, bu tərcümələrdə o dövrün ruhunu, düşüncə tərzini, mədəni mühitini çox böyük bacarıqla əks etdirmişdir. İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi, eləcə də Şərq xalqlarının bir çox görkəmli nümayəndələrinin əsərləri məhz Aida xanım tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. O, XX əsrin 70-ci illərində Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə "İnsan və quş" adlı hekayələr məcmuəsini çap etdirmiş, bu məcmuə Azərbaycan cəmiyyətində böyük maraqla qarşılanmışdır.

Aida xanım tərcüməçilik fəaliyyəti ilə yanaşı, gərgin elmi araşdırmalarını da uğurla davam etdirmiş, bu sahədə sanballı irs formalaşdırmışdır. Görkəmli alimin yeni ərəb mühacir ədəbiyyatına, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuaymə, İlya Əbu Madil kimi Şərq ruhunu Qərb təfəkkürü ilə birləşdirən nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş tədqiqatları bu gün də öz aktuallığını, konseptuallığını qoruyub saxlayır. Qərb və Şərq mədəni ənənələrinin sintezi və yeni bədii üslubun təşəkkülünə həsr olunmuş çoxsaylı elmi əsərləri bütövlükdə müasir Şərq ədəbiyyatının tədqiqinə mühüm töhfələr vermişdir. 3 monoqrafiya ("Mixail Nuaymə" və "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalənin müəllifi olan Aida xanım bununla tərcüməçiliklə yanaşı, uğurlu elmi tədqiqatla məşğul olmağın mümkünlüyü nümunəsini ortaya qoydu. O, öz yaradıclığı ilə sübut etdi ki, həm tərcüməçi, həm də elmi tədqiqatçı olmaq, bu iki istiqaməti vahid elmi fəaliyyətin tərkib hissəsinə çevirmək mümkündür. Məhz hədsiz peşəkarlığının və elmə sevgisinin nəticəsidir ki, Aida İmanquliyevanın yaradıcılığı bu gün də dünyanın müxtəlif ölkələrinin elm adamlarını heyrətləndirməkdə, yeni elmi tədqiqatlara həvəsləndirməkdədir. "Məhcər ədəbiyyatında şərqşünasların əsərləri sırasında Aida İmanquliyeva nümunəsi" adlı kitabın müəllifi olan misirli alim, professor Raşa Ğanimınin fikirləri bu baxımdan maraqlıdır: "Ərəb Mütəfəkkirləri Evi" nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın müqəddimə hissəsində azərbaycanlı qadın şərqşünasın ərəb dünyasının ədəbi mühiti haqqında elmi tədqiqatlarının heyrətamiz dərəcədə yüksək səviyyəsindən bəhs edilib. Əsər üzərində işlədiyim zaman Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatı korifeyləri" fundamental monoqrafiyasının təhlilini aparmaq çox maraqlı oldu. Qeyd etməliyəm ki, azərbaycanlı şərqşünas ərəb ədəbiyyatında modernləşmə cərəyanını yüksək peşəkarlıqla araşdırıb, məhcər ədəbiyyatı nümunələrini dərinliyi ilə tədqiq edib, ərəb ədiblərinin yaradıcılığında liberal meyilləri və ənənəvi yaradıcılıq üslubuna xas olan əsərlərin xüsusiyyətlərini üzə çıxarıb. Onun bu əsərinin ən görkəmli ərəb filoloqlarının tədqiqatları ilə eyni səviyyədə olması diqqətimi cəlb etdi. Düşünürəm ki, bu səviyyədə bir monoqrafiya yazmaq üçün ərəb dilinə və ədəbiyyatına böyük sevgin olmalıdır". Misirli alimin dediklərindən də göründüyü kimi, Aida İmanquliyevanın Şərq xalqları ilə bağlı elmi tədqiqatları o qədər dəqiq və mükəmməldir ki, günümüzdə də dünya xalqlarını heyrətləndirir.

Yaradıcılığı ilə xalqlar arasında dostluğu möhkəmləndirən bəşəri dəyərlər qoruyucusu

Aida İmanquliyeva elmi fəaliyyəti ilə xalqlar arasında mədəni-mənəvi körpü rolunu oynamış, dostluq münasibətlərinin inkişafına töhfə vermişdir. Aida xanım Şərq-İslam dünyası ilə bağlı apardığı tədqiqat işləri sayəsində bu coğrafiyanın ədəbi-mədəni həyatını xalqımıza tanıdır, eyni zamanda qarşı tərəfdə Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına və tarixinə böyük maraq yaradır, Azərbaycan və digər Şərq xalqları arasında ortaq mədəni xüsusiyyətləri ortaya qoyur, fərqli məqamları isə haqlı olaraq bu xalqların özünəməxsusluq və təkrarsızlıq nümunəsi kimi təqdim edirdi.

Şərq dünyasının bir parçası olan Azərbaycanla region xalqları arasında mədəni əlaqələrin inkişafı Aida İmanquliyevanın ən böyük arzularından idi. Müstəqillik dönəmində Azərbaycan dünyanın əksər ölkələri kimi, Şərq dünyası ilə də geniş əlaqələr qurmaqla Aida xanımın bu arzusu reallığa çevrildi. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Aida İmanquliyeva haqqında söylədiyi fikirlər mühüm əhəmiyyət kəsb edir: "Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri, islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurub. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir".

Bütün elmi fəaliyyətini Azərbaycan şərqşünaslıq elminin beynəlxalq səviyyədə tanınmasına sərf edən Aida İmanquliyeva Moskva, Küveyt, Poltava, Sankt-Peterburq, Düşənbə, Tbilisi, Hamburq və digər şəhərlərdə keçirilmiş elmi konfranslarda məzmunlu məruzələrlə çıxış etmişdir. Dünyanın bir sıra aparıcı şərqşünaslıq mərkəzləri ilə əlaqələrin inkişafında maraqlı olan Aida xanım həm də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq Ədəbiyyatlarının Tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur.

Bu gün Aida xanım həyatda olmasa da, onun qoyub getdiyi dərin elmi-mədəni irs, dostluq münasibətləri ölkəmizdə elmin inkişafına töhfə verməklə yanaşı, Azərbaycanla digər Şərq xalqları arasında siyasi-mədəni əlaqələrin möhkəmlənməsinə böyük fayda qazandırır. Onun əsərləri Şərq dünyasının birlik və həmrəyliyinə, regionda elmin tərəqqisinə töhfə verir. Bu isə o deməkdir ki, Aida İmanquliyeva elm fədaisi, bəşəri ideyaların təbliğatçısı olaraq xatirələrdə yaşayır və sevilir.

Sevda ƏLİYEVA,

Azərbaycan Respublikası

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının professoru,

siyasi elmlər doktoru, dosent.