Jurnalist, diplomat, nazir, tərcüməçi, qayğıkeş ata, gözəl ailə başçısı... Görkəmli ictimai xadim Bağır Seyidzadə cəmi 56 illik ömür kitabına bu qədər çətin, məsuliyyətli titulları sığdıra bilib və bu adların hər birini ləyaqətlə, şərəflə daşıyıb. "Əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, ən başlıcası isə insanpərvər olmalıdır", - deyən Əməkdar mədəniyyət işçisi hansı vəzifədə çalışmasından asılı olmayaraq yazıb-yaratmaqdan usanmırdı. O, qəlbən jurnalistikaya bağlı idi.
Bağır Seyidzadə 1912-ci ildə İrəvan şəhərində anadan olub. Qədim yurd yerimizdə sonradan məskunlaşan ermənilərin azərbaycanlılar yaşayan ərazilərdə tez-tez təxribatlar törətməsi, qarşıdurmalar yaratması, millətlərarası münasibətlərin getdikcə daha da kəskinləşməsi səbəbindən atası Mirqasım kişi ailəsi ilə birgə Tiflisə köçməyə məcbur olur. Lakin Tiflis həyatı da Seyidzadələrə rahatlıq gətirmir. Belə ki, Mirqasım Seyidzadənin həyat yoldaşı Xədicə xanımın vəfat etməsi ailənin düzənini pozur. Anası dünyasını dəyişəndə Bağırın 12 yaşı var idi. O, Tiflisdə "Əncümən" məktəbində oxuyur, dərslərindən əla qiymətlər alırdı. Anasının yoxluğunu qəbul edə bilməyən balaca Bağır tez-tez qəbiristanlığa gedir, onun bir gün evlərinə geri dönəcəyinə ümid edirdi. Oğlunun dərin sarsıntı keçirdiyini görən Mirqasım kişi Tiflisdən Bakıya köçməyə qərar verir və 1925-ci ildə övladları ilə birlikdə şəhəri tərk edir. Bakıya köçdükdən sonra Bağır Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində işə düzəlir, həm də fəhlə fakültəsində oxuyur. 1930-cu ildə bir müddət "Kəndli" qəzetində korrektor işlədikdən sonra isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirir. Ali təhsilini müvəffəqiyyətlə bitirən Bağır Seyidzadə 1936-cı ildə "Gənc işçi" qəzetinin redaktoru təyin edilir. O illər ağır, məşəqqətli repressiya illəri idi. Açıq fikirli, xalqın maariflənməsi uğrunda mücadilə aparan, millətinin mənafeyindən çıxış edən ziyalılar ya Sibirə sürgün olunur, ya da haqlarında sorğu-sualsız ölüm hökmü oxunurdu. Bu qasırğa neçə-neçə millət fədaisini özü ilə aparmışdı və daha kimləri aparacaqdı... Lakin İkinci Dünya müharibəsinin başlanması ilə başı özünə qarışan Moskva Bakıda millətçi, türkçü damğası vurduğu insanları aradan götürmək siyasətini sonadək həyata keçirməyə macal tapmadı. Bununla da Bağır Seyidzadə kimi millətini sevən, xalqı yolunda özünü fəda edən insanlar repressiya burulğanına düşməkdən qurtuldu.
Həmin dövrdə respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsində çalışan Bağır Seyidzadə 1941-ci ildə görkəmli ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində İrana gedir. Bağır Seyidzadənin nəzakətli davranışı, dərin biliyə, geniş dünyagörüşə sahib olması Əziz Əliyevin diqqətini çəkir və Bakıya qayıtdıqdan bir müddət sonra onu İranda işləmək üçün diplomat kimi hazırlanması məqsədilə Moskvaya - SSRİ Xarici İşlər Nazirliyindəki Ali Diplomatiya Məktəbinə kursa yollayır. Təhsilini fərqlənmə diplomu ilə başa vuran Bağır Seyidzadə fars dilini mükəmməl bilən diplomat kimi 1944-cü ildə İrana göndərilir, bir müddət Makuda, sonra isə Təbrizdə vitse-konsul, konsul işləyir. Yazıçı Qılman İlkin o illəri xatırlayaraq yazırdı: "Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə "Vətən yolunda" qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında onun böyük xidməti vardı. Hətta Milli Hökumət onu "21 Azər" medalına da layiq görmüşdü".
Diplomatik nümayəndə kimi İranda fəaliyyət müddəti bitdikdən sonra Bakıya qayıdan Bağır Seyidzadə 1949-cu ildə Kinematoqrafiya naziri təyin olunur. Mədəniyyətə, incəsənətə, ədəbiyyata hələ gənc yaşlarından böyük maraq göstərən, diplomatik fəaliyyətindən əvvəl jurnalist kimi çalışan Bağır Seyidzadə kinematoqrafiya sahəsində də böyük uğurlara imza atır. Onun nazir işlədiyi vaxtlarda Bakı Kinostudiyasında "Bakının işıqları" adlı bədii film, eyni zamanda "Böyük yol", "Hədiyyə xalçası", "Quba bağlarında", "Tərtərçay vadisində", "Mingəçevir", "Sovet Naxçıvanı", "Gədəbəyin sərvəti", "Abşeronun ocaqları", "Səhər nəğməsi", "Sovet Azərbaycanı", "Azərbaycanın müalicə ocaqları", "Elmlə dostluq şəraitində", "Arazın sahillərində", "Gözlərinizi qoruyun", "Xəzər neftçiləri haqqında dastan" və digər sənədli və elmi-kütləvi filmlər çəkilir. Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən "Sovet Azərbaycanı" sənədli filmi Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın kino tarixində ilk dəfə olaraq xüsusi mükafata layiq görülür. Yaradıcı kollektiv "Xəzər neftçiləri haqqında dastan" və "Dənizi fəth edənlər" sənədli-bədii filmlərinə görə o dövrün ən yüksək mükafatı hesab edilən "Lenin" mükafatı alır. "Dənizi fəth edənlər" filmi həm də I Moskva kinofestivalında gümüş medala layiq görülür.
1953-cü ildə isə Radioinformasiya baş idarəsinə müavin vəzifəsinə təyin olunan B.Seyidzadə Mərkəzi Komitənin tapşırığı ilə Poliqrafiya və Nəşriyyat İdarəsini yaradır. 1958-ci ildə idarə Azərbaycan Mədəniyyət Nazirliyinə birləşdirilir və Bağır Seyidzadə də həmin nazirliyə müavin göndərilir. Bir neçə xarici dil, o cümlədən fransız dilini mükəmməl bilən B.Seyidzadə "Görkəmli adamların həyatı" silsiləsindən Natalya Muravyovanın "Viktor Hüqo", Leopold İnfeldin "Evarist Qalua", İohan Pestalotsinin "Seçilmiş pedaqoji əsərləri" kitablarını tərcümə etmişdi. Tərcümələrində Azərbaycan dilinin qrammatik qaydalarına riayət olunmasına, dilin qorunmasına böyük önəm verən, ana dilimizin gözəlliyindən, zənginliyindən, saflığından geniş istifadə edən B.Seyidzadə təsadüfi deyil ki, tərcüməçilik məktəbinin banilərindən hesab olunur. Onun bu sahədə böyük xidmətləri var.
Bağır müəllim 1963-cü ildən 1968-ci ilədək Azərinformun (indiki AzƏrTAc) sədr müavini vəzifəsində çalışır və böyük həvəslə jurnalist və tərcüməçilik fəaliyyətini davam etdirir. Dilarə xanım bu barədə xatirələrində yazır: "Agentliyin rəhbəri Yefim Qurviç deyirdi ki, Bağır Seyidzadə tərcümənin pulemyotçusudur. Tərcümədə səlis və çevik idi. Atam agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Səhərə yaxın, saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Sübh tezdən ona edilən zənglərə görə mən narahatlıq keçirərdim, o isə deyərdi ki, bu zənglər çox mühüm məsələlərlə bağlıdır. Onu da deyim ki, həmin dövrün bir çox görkəmli jurnalistləri - İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev atamla bir yerdə "Gənc işçi" qəzetində ilk addımlarını atmış, uzun illər birgə işləmiş, məslək dostu olmuş və sıx əməkdaşlıq etmişdilər. Cəmil Əlibəyov həmişə deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. ...Vəzifə onun üçün önəmli deyildi. Hara göndərirdilər, orada vicdanla işləyirdi".
Həyatın mənasını xalqa, millətə xidmətdə görən və bu missiyanı ləyaqətlə, şərəflə yerinə yetirən Bağır Seyidzadənin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Şərəfli ömür yolu keçən bu parlaq şəxsiyyət "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
Mehparə ƏLİYEVA,
"Respublika".