İctimai rəy öyrənilir
Bölgələr

İctimai rəy öyrənilir

Azərbaycan Texnologiya Universitetində İctimai Şuranın ikinci iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov İctimai Şurada müzakirə olunacaq məsələlərin, ediləcək təklif və tövsiyələrin, ümumilikdə ictimai rəyin öyrənilməsinin universitetin fəaliyyətində əhəmiyyətini vurğulayıb. İclasda İctimai Şuranın sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev  görülən işlərdən, müzakirə olunacaq məsələlərdən əhatəli söhbət açıb,  tövsiyyələrini verib. Şura sədri və üzvləri 2023/2024-cü tədris ilinin yay imtahan sessiyası ilə ətraflı tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. Tədris işləri üzrə prorektor Raqif Hüseynov şuraya imtahan prosesi barədə məlumat verərək bildirib ki, monitorda əks olunan imtahan zallarında və auditoriyalarda gün ərzində 900-ə yaxın tələbə iştirak edir. Prorektor qeyd edib ki, Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb, bundan başqa sessiyanın obyektiv və şəffaf keçirilməsi məqsədilə otaqlar müşahidə kameraları ilə təchiz edilib, imtahan korpusunda təklif və müraciətlər qutusu yerləşdirilib. Eyni zamanda, imtahanların gedişi və təşkili, İmtahan Komissiyası, Apellyasiya Komissiyasının fəaliyyəti ilə də bağlı geniş məlumatlar təqdim edilib. İclasda həmçinin yay imtahan sessiyasının ardından ATU-nun inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər də müzakirə edilib. 

Qeyd edək ki, İctimai Şura Gəncə universitetləri arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində yaradılıb.

Zabit XƏLİLOV,

“Respublika”.