İcma sədri: Paşinyanın Azərbaycanı ittiham etməsi onun qeyri-rasional olduğuna dəlalət edir
Gündəm

İcma sədri: Paşinyanın Azərbaycanı ittiham etməsi onun qeyri-rasional olduğuna dəlalət edir

Artıq xeyli vaxtdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan havadarlarının çaldığı havalara oynamaqda davam edir. Son zamanlar həmin havadarlarının boş-boş vədlərindən havalanan baş nazir havaya girərək böyük-böyük açıqlamalar verməkdədir. Deyəsən, Şuşada yallı getməyinin doğurduğu nəticə yadından çıxıb. Bu gün N.Paşinyanın öz çıxışında yenə də Azərbaycanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etməsi, "işğal altında olan 31 erməni kəndi" haqqında danışması, havar təpməsi onun qeyri-rasional olduğuna dəlalət edir. Paşinyandan soruşmaq lazımdır, siz deyildiniz 30 il Azərbaycanın 12 rayonunu, yüzlərlə kəndini işğal altında saxlayan? O vaxt bu, Ermənistanın Azərbaycanın daxili işlərinə qarışması demək deyildi? Yəqin qarşı tərəf öz adəti üzrə deyəcək ki, Azərbaycanın o rayonlarını işğal edən, işğal altında saxlayan Ermənistan yox, Qarabağın erməni separatçıları olub. Onda adamdan soruşmazlarmı ki, 1-ci və 2-ci Qarabağ müharibəsində Azərbaycanın suveren ərazilərində gedən döyüşlər zamanı öldürülən erməni əsgərlərinin niyə 90 faizi Ermənistan vətəndaşı, Ermənistan ordusunun əsgər və zabitləridir? Yoxsa güman edirsiniz ki, hamı məsələnin mahiyyətindən xəbərsizdir?

Bu sözləri Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

"O ki qaldı, "işğal altında olan 31 erməni kəndi" barədə əfsanəyə, baş nazirə tövsiyə edərdik ki, iftira ilə məşğul olmasın. Paşinyan yaxşı olardı ki, indiki Ermənistana son 200 ildə aparılmış köçürmələr və orada 500-dən artıq azərbaycanlı kəndin tamamilə yer üzündən silinməsi, 1500-ə yaxın toponimin isə azərbaycanca adlarının dəyişdirilərək erməniləşdirilməsindən danışsın. Elə təkcə son deportasiya zamanı - 1987-1991-ci illərdə indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı yaşayış məntəqələrinin sayı 300-ə qədərdir. Yaxşı olar ki, N.Paşinyan 300 kəndlə bağlı həqiqəti yaddan çıxarmasın", - deyə Əziz Ələkbərli bildirib.

"Nəhayət, Paşinyana xatırladıram ki, onun doğulduğu Qərbi Azərbaycanın Dilican dərəsinin Karvansaray şəhəri tarixən azərbaycanlı yaşayış məntəqəsi olub və hələ 1903-cü ilin hərbi-topoqrafik xəritəsində elə Karvansaray adı ilə də qeydə alınmışdır. Onun adının dəyişdirilib İcevan qoyulması da ancaq sovet dövrünün hadisəsidir. Bu yaşayış məntəqəsinə ilk ermənilərin köçürülməsi də ancaq XIX əsrin 30-cu illərinə təsadüf edir. Bunları xatırlatmaqda niyyətim odur ki, Paşinyan və onun kimilər hansı budağın üstündə oturduqlarını və həmin budağın hansı gövdə üzərində dayandığını yaddan çıxarmasınlar. Bir də onu unutmasınlar ki, başda Fransa olmaqla bəzi ölkələrin və onların rüşvət və durbin siyasətçilərinin fitvalarına uyub, məsuliyyətsiz çıxışlar etməsinlər, onsuz da gec-tez tarixi ədalət zəfər çalacaq və biz Qərbi azərbaycanlılar öz ata-baba ocaqlarımıza geri qayıdıb, həmin torpaqlarda əbədi yaşayacağıq", - deyə İcma sədri vurğulayıb.