Hüquqi əməkdaşlıq genişləndirilir
Sosial həyat

Hüquqi əməkdaşlıq genişləndirilir

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Fərid Əhmədov sentyabrın 4-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.

Nazir səfiri bu vəzifəyə təyin edilməsinə görə təbrik edib, diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb. Səmimi qəbula görə təşəkkür edən Qasım Mohiuddin Azərbaycanda özünü vətənindəki kimi hiss etdiyini bildirib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq yüksək qiymətləndirilib. Qarşılıqlı səfər və görüşlərin bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Pakistan arasında hüquqi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə edilib, ekstradisiya və məhkumların verilməsi üzrə sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib. Həmçinin iyulun 11-də Prezident İlham Əliyevin Pakistana dövlət səfəri zamanı imzalanmış və ötən günlərdə ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsinə və əlaqələrin dinamikasının artmasına təkan verəcəyi vurğulanıb.

Görüşdə hüquqi əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Bayram SALMANOV,

"Respublika".