Bu il Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanacağı gözlənilsə də artıq buna ümidlər azalır. Səbəb isə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh prosesinə müvafiq addımlar atmaması və qeyri-konstruktiv mövqeyidir. Həmçinin Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları ehtiva edən Müstəqillik Aktına istinadın aradan qaldırılması və Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün rəsmi Bakının çağırışlarına məhəl qoymaması Nikol Paşinyanın sülhə biganə yanaşdığının əyani göstəricisidir.
Bu faktorlara əsasən belə qənaətə gəlmək olar ki, rəsmi İrəvan Azərbaycanla sülhün əldə olunmasına təşəbbüs göstərmir, atdığı addımları ilə əksinə, müharibə mesajı verir, sülh prosesini 1 addım irəli, 2 addım geri prinsipi ilə yürüdür. Məlumdur ki, Ermənistan tarix boyu hansısa ölkələrə arxalanaraq müharibə aparıb. Hazırda isə bölgədə işğal və müstəmləkə siyasəti yürüdən Fransa ilə koordinasiyalı addımlar atır.
Son dövrlər Fransanın və daha bir neçə Aİ ölkəsinin dəstəyi ilə militarizasiya, silahlanma yolu tutan Ermənistan Cənubi Qafqazda davamlı sülh əvəzinə, yeni münaqişə ocağı yaratmaq yolunu tutub. Hayastanın Fransadan "Bastion" çoxməqsədli zirehli avtomobillər, "Sezar" özüyeriyən artilleriya qurğuları alması, o cümlədən Avropa İttifaqının Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro dəyərində hərbi dəstək ayırması, İran və Rusiyanın geosiyasi maraqlarını nəzərə almadan ABŞ-la növbəti dəfə "Eagle Partner 2024" adlı hərbi təlimlər keçirməsi bölgədə destruktiv mühit yaradır.
Bütün bunlar göstərir ki, Qərbdəki bəzi dairələr Ermənistanı silahlandıraraq onu yeni münaqişəyə sövq edir, yekun sülh müqaviləsinin imzalanmasına mane olur. Bir sözlə, son 3 ayda baş verən hadisələr Nikol Paşinyan iqtidarını himayədar ölkələrin təsiri altında sülh danışıqları prosesindən geri çəkilməyə məcbur edir. Əsas məsələ Ermənistanın öz müstəqil daxili və xarici siyasəti ilə deyil, havadar qüvvələrin diktəsi altında siyasət həyata keçirməsidir. Dövlətimiz də buna adekvat cavab verir və absurd təkliflərin müzakirəsinə yol verilmir.
Reallıqdan uzaq olan bu məsələlər sülh sazişini doğrudan da ləngidir. Ermənistan yekun sülhün əldə olunması üçün ilk növbədə konstitusiyasını dəyişməlidir. Onun qanunvericiliyində 30 il ərzində Qarabağla bağlı qəbul edilən bütün qərarlar ləğv edilməlidir. Eyni zamanda beynəlxalq instansiyalara, ayrı-ayrı məhkəmələrə verilən işlər, "Dağlıq Qarabağ" kimi iddialar, ölkəmizin ərazi bütövlüyünə təhdidlər aradan qaldırılmalıdır.
Güclü, suveren, müstəqil Azərbaycan üçün milli maraqlar hər şeydən üstündür, ölkəmiz daim regionda dayanıqlı sülhə, mehriban qonşuluq ənənəsinə, etibarlı və şəffaf tərəfdaşlığa önəm verib. Azərbaycanın güclü və peşəkar ordusu, hər zaman dövlətinə dəstək olan vətənpərvər, cəsur və mərd xalqı var. Məhz Ermənistan bunu dərk etməlidir ki, əgər yeni münaqişə yaratmağa meyillənərsə, dərhal adekvat və sarsıdıcı cavab alacaq. Sülh müqaviləsinin imzalanmasının və sərhədlərin müəyyənləşdirilməsi prosesinin ləngiməsi isə yalnız erməni xalqına ziyan vurur.
Bayram SALMANOV,
"Respublika".