Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 8-də Koreya Respublikasında səfərdə olub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Sözsüz ki, əgər bir ölkənin hərbi sistemindən məsul olan şəxs xarici səfərlər edirsə, burada yüksək ehtimalla hərbi əməkdaşlıqdan söhbət gedir. Yəni həmin nazir üz tutduğu ölkə ilə hərbi əməkdaşlığı inkişaf etdirmək, onun silah arsenalından faydalanmaq istəyir. Üstəlik, nəzərə almaq lazımdır ki, son dövrlər erməni nazirin xarici həmkarları ilə təmasları intensivləşib. Belə ki, avqustun 23-də Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın bu ölkədəki səfiri Olivye Dekottinini qəbul edib.
Görüşdə Ermənistan və Fransa arasında müdafiə sahəsində hazırkı proses və qarşıdan gələn əməkdaşlıq proqramları ilə bağlı məsələlərdən danışılıb. Həmçinin Ermənistan ordusunda aparılan islahatlar müzakirə olunub. Sentyabrın 1-də isə Papikyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin dəvəti ilə bu ölkəyə səfər etdiyi bildirilib. Tbilisidə konkret silah razılaşması əldə olunmasa da digər ölkələrdən alınan texnikaların Gürcüstan üzərindən logistikası məsələsinin müzakirə olunması istisna deyil. Bunların fonunda Cənubi Koreyaya reallaşdırılan səfərin məqsədi də aydın görünür. Qeyd etmək lazımdır ki, Koreya Respublikası müasir hərbi texnika istehsalı sənayesində inkişaf etmiş ölkələrdən hesab olunur və silah bazarında ciddi pay sahibidir. Cənubi Koreyanın illik müdafiə ixracatı 15 milyard ABŞ dollarına yaxındır. Bu ölkə dünyanın səkkizinci ən böyük silah ixracatçısıdır və tanklar, artilleriya sistemləri və bir sıra döyüş təyyarələri istehsal edir. Cənubi Koreyanın müdafiə sənayesində 80 şirkət fəaliyyət göstərir və bu şirkətlərdə təxminən 45 min nəfər çalışır. Həmçinin mütəxəssislər Koreya istehsalı olan bir sıra hərbi texnikanın Qərb analoqlarını üstələdiyi fikrindədirlər. Bunların fonunda rəsmi İrəvanın Seuldan hərbi texnika almaq istəyi daha qabarıq formada özünü göstərir. Görünən odur ki, Ermənistan məhz bu məqsədlə Fransa, Hindistan və İrandan sonra Cənubi Koreyaya üz tutub.
Digər tərəfdən, Suren Papikyanın Koreya Respublikasına işgüzar səfərinə müttəfiqlik axtarışı perspektivindən baxmaq lazım gəlir. Məlum məsələdir ki, Ermənistan daha çox Rusiya və Azərbaycanın qarşısında olan ölkələrlə sıx əlaqələr qurmağa çalışır. Məsələn, rəsmi Bakının Pakistanla yaxın əlaqələri fonunda İrəvan da Hindistanla yaxınlaşır. Bu baxımdan, son dövrlərdə Şərq blokunun Şimali Koreya və Çinlə münasibətlərinin dərinləşməsi fonunda Ermənistanın da Cənubi Koreya ilə yaxınlaşmaq istəyi təəccüblü deyil. Hətta deyə bilərik ki, İrəvan bu siyasətinə təkbaşına qərar verməyib. Rəsmi Seulla təmasların arxasında Amerika Birləşmiş Ştatları və Fransanın dayanması istisna deyil. Aydındır ki, Qərb bloku öz maraqlarından dolayı Ukrayna kimi Ermənistanı da qurban verməyə hazırdır. Hazırda onlar Rusiyaya qarşı ikinci cəbhənin açılması üçün İrəvan üzərindən destruktiv planlarını icra edirlər. Görünür baş nazir Nikol Paşinyan bu təhlükəli siyasəti, daha doğrusu, oyunu görmür.
Erməni baş nazir hadisələri dərindən təhlil etmək iqtidarında olmasa da, proseslərin qlobal güc mübarizəsi çərçivəsində inkişaf etməsi Azərbaycanı narahat edir və rəsmi Bakının zəruri addımlar atmasını şərtləndirir. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, əgər Ermənistan silahlanma prosesini davam etdirərsə və Cənubi Qafqazda sabitliyi təhdid edəcək addımlar atarsa, eyni zamanda revanşist fikirlərə düşərsə, o zaman ölkəmiz bütün vasitələrdən istifadə edərək təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır. Ona görə də baş nazir Nikol Paşinyan və komandasının sülh danışıqlarını uzatması və İrəvanı sürətlə silahlandırması, ilk növbədə, onun özü üçün risklidir. Qlobal aktorların göstərişi ilə sabitliyi pozmaq cəhdləri Ermənistanın bir dövlət kimi mövcudluğunu qoruyub-saxlamasını sual altında qoyur. Nikol Paşinyan da bu reallığı dərk etməli, ölkəsinin beynəlxalq güclərin geosiyasi toqquşma məkanına çevrilməsinə imkan verməməlidir.
Jalə QASIMZADƏ,
"Respublika".