Yurd yerlərindən didərgin salınmış Qərbi azərbaycanlılar bu gün də öz əzəli torpaqlarına qayıtmağı arzulayırlar. Onlar vaxtilə öz torpaqlarında ermənilər tərəfindən sıxışdırılmaqlarına baxmayaraq, heç bir zaman tarixi kimliklərini unutmamışlar.
Ermənilər Azərbaycan torpaqlarına olan xülyalarından əl çəkmir, torpaqlarımıza qarşı iddia irəli sürürlər. Hələ keçən əsrin ortalarından xalqımıza qarşı dəfələrlə soyqırımı həyata keçirən mənfurlar indiki Ermənistan ərazisində yüz minlərlə həmyerlimizə divan tutublar.
XX əsrin ortalarından tarixi Azərbaycan torpaqlarının adlarını dəyişdirməyə başlayıblar. İllər ərzində hidronim və toponimlərimizə erməni adları verməyə çalışıb, illər sonra bu ərazilərin özlərinə aid olduğunu iddia edəcəklərini planlayıblar. Ermənilərin əsas məqsədləri "dənizdən-dənizə böyük Ermənistan" xülyasını gerçəkləşdirmək olub. Lakin bütün hədəfləri kimi, elə bu da onların xülyalarında qalacaq.
Dövlət başçımız İlham Əliyevin dediyi kimi: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır... şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin". Bəli, Qərbi Azərbaycan torpaqlarının tarixini və onların kimə aid olduğunu bütün dünya ictimaiyyəti bilməlidir. Məhz bu baxımdan, Qərbi Azərbaycan İcması fəaliyyət göstərir və bu gün hayların cəfəngiyyatlarına tutarlı cavab verir.
Ötən ilin 19-20 sentyabrında lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağda yaşayan erməni əhaliyə qarşı heç bir zorakılıq halı qeydə alınmayıb. Onlara əraziləri könüllü şəkildə tərk etmək və ya reinteqrasiya prosesinə qoşulmaq üçün seçim şansı verilib. Lakin xislətində yalançılıq olan xalq özlərinə qarşı zorakılıq tətbiq edildiyi iddiasını irəli sürüb, dünya ictimaiyyətinə hər şeyi fərqli yansıtmağa çalışıb. Fransanın aparıcı xəbər kanalları da bu barədə iddialar irəli sürüb, "France 24" ermənilərin Qarabağdan könüllü və heç bir təhlükə olmadan çıxıb getməsini "soyqırımı" adlandırıb. Heç bir işin öhdəsindən gələ bilməyən fransız mediası iddialarını da əsassız səsləndirir, əgər onlar həqiqətən tarixin səhifələrini vərəqləsələr əsl soyqırımın kimlərə edildiyini görərlər. Lakin bütün tarixi faktlara baxmayaraq, onlar bu məsələyə "fransız qalmağı" seçirlər və "3 meymun oyununu" oynayırlar, sanki heç nəyi görməyiblər, eşitməyiblər və bilmirlər.
Fransadan silah almaqla kifayətlənməyən ermənilər həm də onlardan "cəsarət" alırlar. Belə ki, ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yenidən təxribatçı iddialarından danışıb və deyib ki, ermənilər Azərbaycanın suverenliyi və hakimiyyəti altında yaşamaq istəmədikləri üçün Qarabağdan gediblər. Elə buradan aydın olur ki, bu xalq öz-özünü təkzib edir və hər zamankı kimi, Azərbaycanı ittiham edir. Əsas mühacirətdə sayıla biləcək Qərbi azərbaycanlılardır, hansı ki, bütün ərazilərindən məcburi şəkildə çıxarılıb. Yaşayıb-yaratdıqları hər şeyi arxada qoyublar, XX əsrin ən böyük bəlalarından olan deportasiyaya məruz qalıblar. Bu baxımdan, Qərbi Azərbaycan İcması son bəyanatında bildirib ki, gələcəkdə Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə "Qərbi Azərbaycana qayıdış" komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacaq. Bütün bunlar isə Qərbi azərbaycanlılar üçün ümid işığıdır.
Necə ki, 30 ildən sonra Qarabağa qayıdırıq, eyni şəkildə tarixi Qərbi Azərbaycan torpaqlarımıza da geri dönəcəyik. Beləliklə, bütün Qərbi azərbaycanlılar öz əzəli yurdlarına qayıdacaqları günləri səbirsizlik və inamla gözləyirlər.
Ləman TƏHMƏZ,
"Respublika".