Ermənistan tarix boyu ictimaiyyətin fikrini yayındırmaq üçün müxtəlif yollardan istifadə edib. Xüsusilə, keçmiş Qarabağ münaqişəsi fonunda Azərbaycanın ərazi bütövlüyünü pozan fəaliyyətlər, Ermənistanın beynəlxalq ictimaiyyəti öz tərəfinə çəkmək və ya mövcud vəziyyətdən diqqəti yayındırmaq cəhdləri tez-tez müşahidə olunur. Bu taktikalar arasında qərəzli məlumatların yayılması, beynəlxalq təşkilatlarda və mediada təsir gücündən istifadə edərək özlərini "məğdur" tərəf kimi göstərmək və Azərbaycanın hərbi, iqtisadi və diplomatik uğurlarını kiçiltmək cəhdləri yer alır. Bu ölkənin məqsədi hər zaman cəmiyyətin rəğbətini qazanmaq və reallığı öz xeyrinə dəyişdirmək olub. Bu fəaliyyətin arxasında daxili siyasi uğursuzluqlarını ört-basdır etmək və cəmiyyətdəki narazılığı yönəltmək istəyi də var.
Keçmiş Qarabağ münaqişəsi Ermənistanın daxili siyasi arenasında manipulyasiya vasitəsi kimi istifadə edilir. Xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra Hayastan diqqət yayındıraraq öz uğursuzluqlarını cəmiyyətə başqa cür izah etməyə çalışır. Nikol Paşinyanın hakimiyyətinə qarşı daxili təzyiqlər artanda hökumət diqqəti Qarabağla bağlı humanitar böhranlara yönəltməklə daxildəki siyasi xaosu ört-basdır edir. Qarabağın siyasi statusunu mübahisələndirmək və bu mövzuda qeyri-müəyyənlik yaratmaq Ermənistanın ənənəvi gedişlərindən biridir. Hökumət Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı müxtəlif beynəlxalq hüquq normalarını öz maraqlarına uyğun şəkildə təqdim edir. Halbuki Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquqla tanınır.
Xaricdə güclü diasporuna arxalanaraq Qərb ölkələrində ictimaiyyətin fikrini öz xeyrinə dəyişməyə çalışan Ermənistan "zərər çəkmiş tərəf" kimi çıxış edərək həm siyasi, həm də maddi dəstək əldə etmək məqsədi güdür. ABŞ Konqresi, Fransanın qanunvericilik orqanları və digər Qərb ölkələrinin siyasətçiləri Ermənistana dəstək verməyə hazırdırlar. Sosial media, Qərb mediası və qeyri-hökumət təşkilatları vasitəsilə Ermənistanın mövqeyini gücləndirməyə çalışırlar, lakin beynəlxalq hüquq və Azərbaycanın qəti mövqeyi bu cəhdlərin çoxunu iflasa uğratdı.
9 sentyabr tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqun xarici işlər və ticarət naziri ilə birgə mətbuat konfransında bildirib ki, Ermənistanın Azərbaycana təqdim edilmiş "sülh sazişi" layihəsinin mətni tam olaraq razılaşdırılıb və layihə artıq razılaşdırılmış müddəaları ehtiva edir. Bu bəyanat Ermənistanın beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq cəhdi kimi qiymətləndirilə bilər. Mirzoyanın bu açıqlamaları sülh sazişinin nə dərəcədə icra edilə biləcəyini və Ermənistanın bu mövzuda real niyyətlərini sual altına qoyur. Eyni zamanda bu ölkənin öz ərazisindən keçən yollara nəzarəti üçüncü tərəfə vermək istəmədiyini vurğulaması onların bu məsələyə mübahisəli yanaşmasını əks etdirir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin "sülh sazişi" və kommunikasiyalarla bağlı fikirlərinə münasibət bildirərək deyib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə Azərbaycan tərəfindən iyun ayında təqdim olunan şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra cavab verib. Bu uzun müddət ərzində cavabın gecikməsi, sülh prosesində Ermənistanın münasibətindəki qeyri-səmimiliyi və münaqişənin həllindəki real irəliləyişlərin olmamasını göstərə bilər. Bu gecikmə Ermənistanın sülh sazişi ilə bağlı konkret irəliləyişlərin əslində çox da nəzərəçarpan olmadığını və tərəflər arasında real əməkdaşlığın hələ də zəif olduğunu vurğulayan bir göstəricidir.
XİN sözçüsü Ermənistanın sülh sazişi layihəsinin imzalanması üçün ilk növbədə konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı mövcud ərazi iddialarını əks etdirən maddələri dəyişdirməli olduğunu vurğulayıb. Bu dəyişikliklər Ermənistanın sülh prosesindəki real niyyətini və Azərbaycanın ərazi bütövlüyünü tanıma öhdəliyini əks etdirməlidir. Ermənistan Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması ilə bağlı yazılı öhdəliklərini yerinə yetirmir. Eyni zamanda xarici özəl şirkətlərin prosesə cəlb olunması təklifi ilə bağlı o, Azərbaycanın heç vaxt öz ərazisində üçüncü tərəfin prosesə daxil edilməsi ilə bağlı müzakirələr aparmadığını bildirib. Bu yanaşma Ermənistanın regional kommunikasiyaların açılması məsələsində əsl irəliləyiş əldə etmək əvəzinə, məsuliyyəti öz üzərindən atmağa çalışdığını göstərir. Ermənistanın həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlı olub-olmadığını göstərmək üçün öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Yalnız bu halda regional sabitlik və inkişaf istiqamətində əsl irəliləyişlər əldə edilə bilər.
Röya RÜSTƏMLİ,
"Respublika".