İdman tarix boyu müxtəlif xalqları birləşdirən ortaq dəyər, dostluq rəmzi kimi ön plana çıxıb. Olimpiya oyunları isə hər zaman sülhə səsləyib. Amma bu il Fransada keçirilən beynəlxalq yarışların bu amala xidmət etdiyini deyə bilmərik.
İyulun 26-da açılışı keçirilən oyunlarda ardıcıl sensasiyalar yaşanıb. Gah millətlərin dinlərinə hörmət edilməyib, gah da idmançıların şəxsiyyətinə. Amma sözsüz ki, ən rəzil məqam idmana siyasətin qarışdırılması olub. Makron hökuməti təşkilatçılıq hüququndan sui-istifadə edərək Azərbaycana qarşı məkrli siyasət nümayiş etdirib. "Paris-2024" Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimini yayımlayarkən Fransanın "Fr2" telekanalının efirində aparıcı Ermənistan idmançılarının Sena çayından keçdikdə "bu il erməni xalqı üçün Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar oldu" ifadəsini işlədib.
O, haylara simpatiyasını da gizlədə bilməyib və deyib ki, Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkə olub. Azərbaycan komandası keçəndə isə aparıcı ölkəmizi "ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası" kimi təqdim edib. Onun bu davranışı birbaşa Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulması idi. Buna görə də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Qurumdan "Paris-2024" oyunları zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa Hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.
Bu yerdə yaxşı deyiblər, haqq üzülər, amma qırılmaz. Elə də oldu. Azərbaycanın rəsmi etiraz məktubuna cavab gəldi. Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cavab məktubunda Beynəlxalq Olimpiya Komitəsi "Paris-2024" Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France 2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib. Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.
Beynəlxalq Olimpiya Komitəsinin atdığı addımı təqdir etmək lazımdır. Qurumun operativ və adekvat cavabı bu məkrli siyasətin tərkib hissəsinə çevrilmək istəmədiyindən xəbər verir. Onu da nəzərə almaq lazımdır ki, oyunlar başlamazdan öncə Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qagik Çarukyan Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxa və olimpiya hərəkatının tərəfdarlarına müraciət edərək Azərbaycanda saxlanılan erməniləri azad etmək üçün bütün siyasi və diplomatik imkanlardan istifadə etməyə çağırıb. Amma sözügedən qurum rəsmi İrəvanın istəyini yerinə yetirməyib. BOK-un rəhbəri Tomas Bax Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qagik Çarukyanın Azərbaycanda saxlanılan erməni məhbusların azad edilməsi ilə bağlı məktubuna cavab verərkən deyib ki, təmsil etdiyi qurum bütün milli strukturları sülhün möhkəmlənməsinə töhfə verməyə çağırır.
Buradan aydın olur ki, Beynəlxalq Olimpiya Komitəsi sülhə əngəl törətməmək üçün balanslı və ədalətli yolu üstün tutur. Amma eyni şeyi Fransa barədə demək mümkün deyil. Mütəmadi olaraq İrəvanı silahlandıran, rəsmi Bakını əsassız tələblərlə ittiham edən Yelisey Sarayı məqsədyönlü şəkildə Cənubi Qafqazda sülhü "baltalayır". Bu məqamı Azərbaycan Xarici İşlər Nazirliyi də gündəmə gətirib. Qurumdan bildirilib ki, Fransanın rəsmi dövlət kanalında səsləndirilən və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Üstəlik, buna məqsədyönlü şəkildə yol verilib. Nazirliyin bəyanatında o da qeyd olunub ki, məsuliyyət daşıyan tərəfin, ilk növbədə, Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi ilə barışa bilməyən fransızların bu tələbə əməl edəcəklərini düşünmək isə absurd olar. Həm də əgər Makron hökumətində azacıq mərhəmət hissi olsaydı, kolonial siyasət yürütdüyü Polineziya, Korsika, Melaneziya, Karib və Antil adalar qrupunda yaşayan insanlardan üzr istəyərdi. Amma Prezident Emmanuel Makron "burada mənəm, Bağdadda kor Xəlifə" prinsipi ilə hərəkət edir. Sözsüz ki, o da axır-əvvəl reallıqlarla üzləşməli olacaq. Hələlik isə özünü və ölkəsini bütün dünyada rəzil vəziyyətə salmağa davam edir.
Jalə QASIMZADƏ,
"Respublika".