Gürcüstan ərazi bütövlüyünü Qərblə əməkdaşlıqdan üstün tutur
Siyasət

Gürcüstan ərazi bütövlüyünü Qərblə əməkdaşlıqdan üstün tutur

"Xarici təsirin şəffaflığı haqqında" qanunun Gürcüstan parlamentində səsə qoyulması və müzakirəsi bu ölkədə mövcud olan Rusiya tərəfindən idarə olunan siyasi qrupların cəhdləri nəticəsində mümkün olmuşdu. Əslində Rusiya ilə münasibətlərin normallaşması, ilk növbədə, Gürcüstanın özü üçün lazımdır. Çünki 2008-ci ildə baş vermiş məlum siyasi hadisələr fonunda Gürcüstanın ərazisinin bir hissəsini itirməsi və yenidən qazanması olduqca vacib idi. Bu, həm siyasi hakimiyyət, həm də gürcü xalqı üçün ölüm-dirim məsələsi idi. Belə olan halda, Gürcüstanda mövcud olan qərbyönümlü siyasi qrupların, Qərbin siyasi nüfuzunun zəiflədilməsi və Gürcüstandan uzaqlaşdırılması məqsədilə Rusiyaya bağlı olan siyasi qüvvələr həmin qanunun qəbul edilməsi istiqamətində olduqca mühüm addımlar atır.

Buna cavab olaraq Qərb tərəfindən Gürcüstanın Avropa İttifaqı və digər təsisatlar ilə əlaqələrinə qadağa qoyuldu. Rəsmi olaraq bildirildi ki, bu qanunun qəbul olunması onu avropayönümlü siyasətdən tam uzaqlaşdıracaq. Bu qanunun qəbul edilməsi və Gürcüstanın ənənəvi Qərb siyasətindən üz çevirməsi göstərir ki, bu ölkə ilə Rusiya arasında taleyüklü məsələlərin həlli üçün razılıq əldə olunub.

Gürcüstanın bu dönüşü onun Qərbə yaxınlaşmasında böyük çətinliklər yaradacaq. Çünki Qərb uzun illərdir ki, bu dövləti siyasi cəhətdən dəstəkləyir. Maliyyə yardımları ayırır, birgə hərbi təlimlər keçirilir. İndi bütün bunlar kəsilə bilər. Lakin görünən odur ki, Gürcüstan ərazi bütövlüyünü, milli təhlükəsizliyini Qərblə əməkdaşlıqdan daha üstün tutur. Ehtimal etmək olar ki, yaxın gələcəkdə Qərb tərəfindən Gürcüstana siyasi, iqtisadi təzyiqlər artırılacaq. Bu fonda da Gürcüstan seçim qarşısında qalmalı olacaq.

Amid ƏLİYEV.

politoloq.